Əməkdaşlıqdan strateji müttəfiqliyə gedən yol- MÖVQE

Əməkdaşlıqdan strateji müttəfiqliyə gedən yol-MÖVQE

Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyub

Sirr deyil ki, Azərbaycan-Rusiya münasibətlərinin böyük və zəngin keçmişi var. Bu münasibətlər illərlə, əsrlərlə formalaşıb. Xüsusilə də, yaşadığımız 70 illik sovetlər dövründə bu münasibətlər daha da inkişaf edərək möhkəmlənib. Hazırda Rusiyada 2 milyondan artıq  soydaşımız yaşayır və fəaliyyət göstərir. 1991-ci ildə keçmiş sovetlər birliyinin süqutu, yeni müstəqil dövlətlərin yaranması ilə münasibətlərdə də yeni mərhələyə qədəm qoyulub. Düzdür, müstəqilliyimizin ilk illərində Azərbaycan-Rusiya münasibətlərində bir qədər gərginlik yaşansa da, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə ikinci dəfə qayıdışı ilə bu münasibətlər yoluna qoyulmuş, iki ölkə arasındakı soyuqluq və gərginlik aradan qaldırılıb. Millət vəkili Ziyad Səmədzadə qeyd edib ki,  Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin hakimiyyətə gəlişindən sonra Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin əsası qoyulub. Hazırda iki ölkə arasında münasibətlər özünün ən yüksək inkişaf mərhələsini yaşamaqdadır. İki ölkənin prezidentləri-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin arasında çox yüksək səviyyəli və səmimi dostluq münasibətləri mövcuddur. Münasibətlərin bu səviyyəsi hər iki dövlətin milli və dövlətçilik maraqlarına tam uyğundur, mənafelərimizə xidmət etməkdədir: "Təkcə ötən il iki ölkə prezidenti arasında 9 dəfə görüş, qarşılıqlı səfərlər reallaşdırılmışdır ki, bunu özü də  münasibətlərin hansı yüksək səviyyədə olmasından xəbər verir. Eləcə də, bu il ərzində iki dövlət başçısı arasında bir neçə dəfə görüş keçirilmişdir. Belə ki, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən "Bir kəmər, bir yol"  Beynəlxalq Forumunda, Soçi şəhərində baş tutan nüfuzlu "Valday" Diskussiya Klubunun növbəti toplantısında, Aşqabadda gerçəkləşdirən MDB Dövlət Basçılarının növbəti Zirvə görüşündə bir araya gəlinmişdir. Eyni zamanda, dekabr ayının 20-də iki dövlət başçısının Sankt-Peterburqda növbəti dəfə bir araya gəlməsi gözlənilir. Bu görüş də hesab edirəm ki, münasibətlərin, əməkdaşlığın inkişafında öz əhəmiyyətli rolunu oynayacaq".

Onun sözlərinə görə, istər "Valday" toplantısı, istərsə də Aşqabad Sammiti Azərbaycan dövləti və xalqının maraq və mənafeləri baxımından çox önəmli və tarixi əhəmiyyətli olub: "Hər iki toplantıda 31 ildən artıq məruz qaldığımız Qarabağ probleminin, Ermənistan-Azərbaycan münaqişəsinin MDB məkanına, bütövlükdə dünyaya olduğu kimi çatdırılması baxımından böyük addımlar atılmış və uduş (bəlkə uğur)  əldə edilmişdir. Hər iki toplantıda Ermənistanın ifşası, erməni yalanlarının faş edilməsi yönündə böyük uğura imza atılmışdır, Ermənistanın təcavüzkar, işğalçı dövlət olmaqla yanaşı, faşizmi dövlət siyasəti səviyyəsinə qaldırması, himayə etməsi bütün dünyaya bəyan edilmişdir. Həqiqətən də, bu gün Ermənistan dünyada yeganə ölkədir ki, terrorizmi, dünyanın, bəşəriyyətin lənətlədiyi faşizmi dövlət siyasəti, faşizmə xidmət etmiş caniləri isə milli qəhrəman səviyyəsinə qaldırıb. Çox təəssüflər olsun ki, belədir, bunlar günümüzün acı reallığıdır. Eyni zamanda, təəssüf edilməli və qınanılmalı məqam odur ki, bunlar 21-ci əsrdə, sivil dünyanın, terrorizmdən, xüsusilə, faşizmdən, İkinci Dünya müharibəsindən əziyyət çəkmiş, milyonlarla insanları qurban vermiş bəşəriyyətin gözləri qarşısında baş verir, yaşanır. Dünya birliyi, bəşəriyyət hələ də Ermənistanın terrorizm və faşizm siyasətini susqunluqla,biganəliklə qarşılayır. Məhz elə bu səbəbdəndir ki, ölkə başçısı son dövrlərdəki bütün çıxışlarında bu məsələni sərt və birmənalı şəkildə dilə gətirir, dünyanı, beynəlxalq aləmi bu məsələdə hərəkətə gəlməyə, Ermənistanın anti-bəşəri, anti-insani addımlarına səssiz qalmamağa çağırır. Təsadüfi deyil ki,  Aşqabad Sammitində də çıxışı zamanı Azərbaycan Prezidenti Ermənistanın əvvəlki cinayətkar Sarkisyan hakimiyyətinin Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyduğunu, MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupunun bu həyasız və qeyri-insani addıma dəfələrlə kəskin etiraz etdiyini xatırlatmışdır.  Hətta, 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyinin "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında" adlı məruzəsində "Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb" kimi sərt və birmənalı mövqenin sərgiləndiyini nəzərə çatdırmışdır. Yeri gəlmişkən, satqın və cani olan Njdenin əsas şüarının "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur" olduğunu xatırladan dövlət başçımız inqilab və çevriliş yolu ilə hakimiyyəti ələ keçirən Ermənistanın yeni Paşinyan hakimiyyətinin də həmin heykəli götürmədiyini təəssüf hiss ilə və sərt şəkildə vurğulamış və "MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur", - deyə birmənalı mövqeyini ortaya qoymuşdur. Çox sevindirici və əlamətdar haldır ki, cəllad, türk düşməni və nasist Qaregin Njdenin xatirə lövhəsi artıq Rusiyanın Armavir şəhərindən götürülmüşdür. Bu, Azərbaycanın Ermənistan üzərində "Valday" və Aşqabad Sammitindən sonra növbəti siyasi-diplomatik qələbəsidir. Bu, Ermənistana vurulan növbəti sarsıdıcı siyasi-diplomatik zərbədir. Bu heykəlin götürülməsi ermənilərə, Ermənistana həm də bir siqnal, mesaj və xəbərdarlıqdır. Bu, həm də Azərbaycan-Rusiya, Əliyev-Putin münasibətlərinin, dostluğunun əyani ifadəsidir. Onu da nəzərə alsaq ki, Rusiya Qarabağ münaqişəsinin dinc və danışıqlar yolu ilə həlli prosesində  vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biridir, o zaman bu addımın atılmasının Ermənistan üçün nə demək olduğu, nə anlama gəldiyi tam şəkildə anlaşılmış olur. Artıq erməni yalanları onun özünə daim ən böyük dayaqlardan hesab etdiyi Rusiyada da keçmir, qəbul edilmir. Artıq Ermənistanın necə bir dövlət olduğu - əslində dövlət də demək mümkün deyil, o, bir vassal, for-postdur, heç bir müstəqil mövqeyə malik deyil - Rusiyada da tam aydınlaşmaqdadır, Ermənistana etibar etməyin mümkünsüz olduğu etiraf edilməkdədir. Bütün bunlar nəticə etibarı ilə Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətt üzrə inkişafına dəlalət etməkdə, eyni zamanda, ümummilli dərdimizə çevrilən Qarabağ probleminin həllinə daha böyük inamın yaranması deməkdir".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31