Okeanın o tayından qardaş ölkəyə daha bir zərbə- RƏYLƏR

Okeanın o tayından qardaş ölkəyə daha bir zərbə-RƏYLƏR

Elxan Şahinoğlu: "Erməni soyqırımı" qətnaməsinə səs verən zehniyyət Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe sərgiləyə bilməz"

Məhəmməd Əsədullazadə: "Bu qətnamə  Vaşinqtonun Minsk qrupu çərçivəsində vasitəçiliyinə kölgə salacaq"

Birləşmiş Ştatlarla Türkiyə arasında gərginliyin artmasına rəvac verə biləcək daha bir addım atıldı. Belə ki, Amerika Senatı qondarma "erməni soyqırımı" ilə bağlı qətnaməni qəbul etdi. Bir müddət əvvəl gündəmə gələn bu təşəbbüsün reallaşacağı o qədər də inandırıcı görünmürdü. Xüsusilə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ağ Ev rəhbəri Donald Trampla görüşündən sonra qarşılıqlı münasibətlərdə bir yumşalma olacağı ehtimalı böyük idi. Düzdür, Senatın belə bir qətnamə qəbul etməməsinə Ağ Ev rəhbərinin təsirinin mümkünsüzlüyü əvvəlcədən bəlli idi. Buna rəğmən okeanın o tayında antiTürkiyə qərarının qəbul olunmayacağına ümidlər də az deyildi. Lakin gözləntilər özünü doğrultmadı və Amerikadan belə demək mümkünsə Türkiyəyə daha bir zərbə vuruldu. İndi bir çoxlarını, daha doğrusu, əksəriyyəti bundan sonrakı Amerika-Türkiyə münasibətlərinin gələcək taleyinin necə olacağı düşündürür. Görəsən ekspertlər bu barədə nə düşünür?

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Amerika Senatının "erməni soyqırımı" qətnaməsini təsdiq edəcəyi gözlənilən idi. Onun sözlərinə görə, bunun iki səbəbi var idi: "Birinci səbəb o idi ki, Nümayəndələr Palatası "erməni soyqırım"ı qətnaməsini böyük səs çoxluğu - 405 səslə qəbul etmişdi. "Qətnaməyə" həm demokratlar, həm də respublikaçılar birgə səs vermişdilər, yəni erməni məsələsində bir-biri ilə mübarizə aparan iki partiya konsensus əldə etmişdi. İkincisi, baxmayaraq ki, Senatda respublikaçılar çoxluqdadırlar, onlar da Türkiyənin Rusiya ilə əməkdaşlığından, C-400 raketlərinin alınmasından narazı idilər. Yəni demokratlar və respublikaçılar erməniləri sevdiklərinə görə məlum "qətnaməni" qəbul etməyiblər. Onların əsas hədəfi qəbul edilən "qətnamə" vasitəsilə Türkiyəni cəzalandırmaq idi. "Özləri çalıb, özləri oynayırlar" - sözlər Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğana məxsusdur". Politoloq bildirib ki, bu günə qədər onlarla dövlət "erməni soyqırımı" qətnaməsini qəbul edib: "Bu Türkiyənin siyasətinə zərrə qədər də təsir etməyib. Amerika prezidenti Donald Tramp sənədi imzalaya da bilər, imzalamaya da. Tramp Türkiyə ilə sıx münasibətlərin tərəfdarıdır. Ancaq Türkiyə C-400 raketlərində geri addım atmadığına görə Trampın hansı qərar verəcəyini söyləmək çətindir. Ancaq nə vaxtsa hansısa Amerika prezidenti erməni qətnaməsinə səs verəcək. Amerika bu cür siyasəti ilə Türkiyəni sürətlə itirir. Ərdoğanın yerində Türkiyədə hakimiyyətdə gələcəkdə kim olsa belə dərin yaralar alan Türkiyə-Amerika münasibətlərini yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaldırması çətin olacaq". Elxan Şahinoğlu hesab edir ki,  "erməni soyqırımı" qətnaməsinə səs verən zehniyyət Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe sərgiləyə bilməz: "Bu tək Amerikaya aid deyil, münaqişənin həlli ilə məşğul olan digər iki həmsədr dövlət - Fransa və Rusiya parlamentləri də keçmiş illərdə eyni "qətnaməyə" səs veriblər".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Türkiyə- ABŞ əlaqələrinin növbəti gərgin mərhələsi yaşanır. O, bildirib ki, ABŞ senatı Türkiyəyə qarşı sanksiyaları və qondarma "erməni soyqırımı" qətanaməsini qəbul edib: "Bu qətnamalərin prezident tərəfindən təsdiqi lazımdır. Trampın bu qətnamələri təsdiq etməsi gözlənilmir. Əgər, bu, baş verəsə rəsmi şəkildə Türkiyə- ABŞ müttəfiqliyi sona çatmış olar. Bir müddət bundan əvvəl Türkiyə prezidenti Rəcəb  Tayyib Ərdoğaın ABŞ səfərində Trampla apardığı danışıqlardan sonra iki tərəf arasında yumşalma hiss edilsə də, proseslər yenidən gərgin mərhələyə daxil oldu. Buna əsas səbəb Türkiyənin Liviya ilə Aralıq dənizində sahil sularının müəyyənləşdirlməsi üçün müqaviləni bağlamasıdır. Bununla da Türkiyənin Aralıq dənizində siyasi və hərbi gücü daha da artır. Bu müqavilə İsrail və Yunanıstanı, xüsusi ilə ABŞ-ı ciddi narahat edən faktordur. Qeyd edim ki, Türkiyə Aralıq dənizində qaz yataqlarının geoloji kəşfiyyatını aparır və Yunanıstanla münaqişədədir.

Kipr ətrafında şelfdə tapılan milyardlarla qaz yataqları Yunanıstan, Misir və İsrail Türkiyəyə qarşı birləşdirib. Ona görə də Türkiyə öz suveren hüquqlarından istifadə edərək öz nüfuz dairəsinə malik olan ərazilərinə nəzarəti gücləndirir və heç bir dövlətin iştirakına imkan vermir. Göründüyü kimi bu məsələdə ABŞ Yunanıstanı dəstəkləyir və Ankaranın Kipr ətrafında qaz yataqlarının işlənməsinə qarşı çıxır. Bununla da Liviya Türkiyə arasında bağlanan müqaviləyə görə ABŞ Türkiyəyə qarşı qondarma "erməni soyqırım" qətnaməsini gündəliyə çıxardı". Politoloq deyib ki, Aralıq dənizində karbohidrogen yataqlarına sahiblənmək uğrunda başlanılan  və hələlik geniş müstəviyı çıxmayan gərgin situasiya yeni münaqişədən xəbər verir: "Rusiya bu qaz yataqlarının Türkiyənin nəzarətində olmasında maraqlıdır. ABŞ- Türkiyə münasibətlərinin normallaşması yalnız Türkiyənin Vaşinqtonun diktəsinin qəbul etməsindən sonra normallaşa bilər. Bu da Türkiyə üçün arzuolunan deyil. Çox ciddi geopolitik qarşıdurma mərhələsi yaşanır. ABŞ -da qondarma "erməni soyqırımı"nın Senatda qəbul edilməsi Azərbaycan-ABŞ münasibətlərinə də mənfi təsir edə bilər və Vaşinqtonun Minsk qrupu çərçivəsində vasitəçiliyinə kölgə salacaq".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31