Paşinyan düşdüyü vəziyyətdən çıxış yolları axtarır- Geosiyasət

Paşinyan düşdüyü vəziyyətdən çıxış yolları axtarır-Geosiyasət

"Qarabağ" kartı da işğalçı dövləti xilas edə bilməyəcək

Ermənistanda siyasi hakimiyyət iflasa uğramaqdadır. Qarşılıqlı ittihamlar, istefalar tələbi günü-gündən artmaqdadır. Artıq Araik Harutyunyanın istefası məsələsi parlamentdə müzakirəyə qədər böyüyüb. Ermənistana məxsus aysor.am saytı xəbər verir ki, bu barədə "Qraparak" qəzeti yazır. Qəzet yazır ki, "Daşnaktsutyun" partiyası bu yaxınlarda "Çiçəklənən Ermənistan" və "Parlaq Ermənistan" partiyasına təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın vəzifədən azad edilməsi təklifi ilə əlaqədar məktub göndərib. Nəşrin məlumatına görə, partiyalar təklifi araşdırıblar və məktuba yazılı cavab verəcəkləri gözlənilir. Həmçinin qeyd olunur ki, məsələnin müzakirəsi Ermənistan parlamentində də aparılıb və bu da öz növbəsində işin ciddiliyindən xəbər verir. Yəqin ki, parlamentin növbəti iclasında Araik Arutyunyanın istefası məsələsi müzakirə edilərək cavab veriləcək. Xatırladak ki, təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın vəzifədən azad edilməsi tələbi ilə bir müddətdir ki, Ermənistanda, hətta bu ölkənin səhədlərindən kənarda da ermənilər davamlı olaraq aksiyalar, mitinqlər keçirirlər. Amma Ermənistanın baş naziri Araik Arutyunyanı müdafiə edir. Görünür, artıq aksiyalar Ermənistan hakimiyyətini dalana dirəyib və naziri müdafiə edən Paşinyanın və ətrafının da çıxış yolu qalmayıb. Məsələ orasındadır ki, işğalçı dövlətin "başbilənləri" ölkədə yaranmış vəziyyətdən çıxış yolunu Dağlıq Qarabğ üzərində qurublar. Siyasi, iqtisadi islahatlar aparıb ölkəni bataqlıqdan çıxarmaq əvəzinə boş və mənasız bəyənatlar verməklə hakimiyyətlərinin vaxtını uzaqtmağa çalışırlar. Ermənistanın baş naziri Nikol Paşinyan bugünlərdə yenə də özünün sərsəm bəyanatları, düşünülməmiş fikirləri ilə gündəmə gəlib. O, Milandakı Beynəlxalq Araşdırmalar İnstitutunda deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan konstruktiv mövqedə deyil, eləcə də, Türkiyənin danışıqlara hazır olmaması iki qonşu dövlət arasında münasibətlərə ciddi xələl gətirir.

Millət vəkili Tahir Rzayev qeyd edib ki, bu fikirlər reallıqdan uzaqdır. Beynəlxalq təşkilatları, ictimaiyyəti çaşdırmaqdan başqa bir şey deyil. Baş nazir hər dəfə belə düşünülməmiş fikirləri ilə özünü gülünc vəziyyətə salır. Millət vəkilinin sözlərinə görə, Paşinyan bilməmiş deyil ki, Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bir milyondan artıq qaçqın və köçkün öz dədə-baba torpaqlarından didərgin salınıb. Azərbaycan da öz torpaqlarının geri qaytarılması tələbi ilə çıxış edir və burada heç bir güzəştdən söhbət gedə bilməz: "Digər tərəfdən,  təkcə Qarabağ torpaqları deyil, ona qonşu, bitişik olan 7 rayon işğal altındadır. Axı, Paşinyan həm də yaxşı bilir ki, Azərbaycanın ərazi bütövlüyünün qorunması haqqında BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, bir çox beynəlxalq təşkilatların qərarları mövcuddur və ATƏT-in Minsk qrupu münaqişənin danışıqlar, sülh yolu ilə həll olunması uğrunda uzun illərdir ki, fəaliyyət göstərir. Əgər bu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını bir hüquq norması kimi qarşıya qoyurlarsa, onda hansı torpaq güzəştindən söhbət gedə bilər?! Türkiyə Respublikasına gəldikdə Ermənistan uzun müddətdir ki, qonşu ölkə ilə düşmənçilik mövqeyindədir. Torpaq iddialarından, qondarma "erməni soyqırımı"nın tanınmasından, müxtəlif təxribatlardan, qarşıdurmalardan istifadə edərək dünya ictimaiyyətini çaşdırmağa çalışır. Belə bir halda təcavüzkarla dost olmaq, danışıqlar masası arxasında oturmaq mümkün deyil. Bu gün Paşinyan Ermənistanın düşdüyü vəziyyətdən  çıxması üçün yollar aramaq əvəzinə, yalançı bəyanatları ilə gündəmdə qalmaq, xal qazanmaq və vəziyyətdən çıxmaq fikrindədir. Ancaq yalanlarla, böhtanlarla, qarayaxmalarla heç vaxt vəziyyətdən çıxmaq mümkün deyil və xalqı da aldatmaq olmaz. Belə olan halda Ermənistanın vəziyyəti daha da ağırlaşır və vəziyyətdən çıxış yolunu tapmaq üçün ancaq və ancaq qonşu ölkələrlə münasibətləri düzəltmək, işğal altında olan torpaqları geri qaytarmaq və beynəlxalq hüquq normalarına əməl etmək lazımdır".

Qeyd edək ki, Ermənistanın destruktiv mövqeyi səbəbindən həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün başlıca maneə olaraq qalır. Amma mövcud "status-kvo" vəziyyəti daha çox Ermənistanın özü üçün ağır nəticələrə səbəb olub. Belə ki, bu gün işğalçı ölkə üçün ən böyük strateji təhlükə onun təcrid olunması və regional mahiyyətini itirməsi riskidir ki, bu da Ermənistanın Dağlıq Qarabağ münaqişəsilə bağlı illərlədir ki, davam etdirdiyi destruktiv mövqeyi ilə bağlıdır. Faktiki olaraq işğal siyasəti Ermənistanı regional enerji layihələrindən kənarda qoyub və iqtisadi inkişafının önündə böyük maneələr yaradıb. Təbii ki, iqtisadi iflasla yanaşı, ölkə daxilində mövcud sosial böhran fonunda miqrasiya da geniş vüsət alıb. Daha acınacaqlısı odur ki, Ermənistan rəhbərliyi sadalanan problemlərin heç birini həll etmək marağında və iqtidarında deyil. Bu səbədən də "Qarabağ" kartının da işğalçı dövlətin köməyinə yetməyəcəyi şübhəsizdir.

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31