Qonşuluq əlaqələrindən strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Rusiya-Azərbaycan münasibətləri - RƏYLƏR
Qonşuluq əlaqələrindən strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Rusiya-Azərbaycan münasibətləri-RƏYLƏR
25 Noyabr 2019 12:03 SiyasətAzərbaycanın xarici siyasətində yaxın-uzaq ölkələr, qonşularla qarşılıqlı faydalı əməkdaşlıq, müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək əsas prioritetlərdən birini təşkil edir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra xarici siyasət sahəsində atılan uğurlu addımlar, müxtəlif ölkələrlə yüksək səviyyədə qurulan əməkdaşlıq Azərbaycanı regionun ən cəlbedici dövlətinə çevirib. Günümüzdə Azərbaycan dünyanın əksər ölkələri ilə yüksək səviyyəli əlaqələr qurub ki, rəsmi Bakının xarici siyasət sahəsində qarşılıqlı faydalı əməkdaşlıq etdiyi ölkələr sırasında şimal qonşumuz Rusiya Federasiyasının xüsusi çəkisi, yeri və rolu var. Hələ ümummilli lider Heydər Əliyevin zamanından qurulan bu yüksək səviyyəli əməkdaşlıq hazırda da öz uğurlu inkişaf dövrünü yaşayır. Zəngin tarixi, mədəni, o cümlədən müasir siyasi, iqtisadi əlaqələrə malik olan Rusiya-Azərbaycan münasibətlərinin günümüzdə belə bir yüksək səviyyədə olmasını şərtləndirən başlıca amillərdən biri də hər iki ölkə rəhbərləri arasında dostluq münasibətlərinin olmasıdır. Dövlətlərarası münasibətlərə dostluq əlaqələrinin də əlavə olunmasının nəticəsidir ki, bu gün Moskva ilə Bakı arasında həlli mümkün olmayan heç bir məsələ yoxdur. Müntəzəm olaraq həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə öz töhfəsini verir. Bu günlərdə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri ərəfəsində bunun əyani şahidinə çevrildik. Məlumat üçün qeyd edək ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində başda bu ölkənin prezidenti Vladimir Putin olmaqla, baş nazir Dmitri Medvedev, eləcə də digər rəsmi şəxslərlə görüşüb. Səfərin ən yadda qalan məqamlarından biri də Mehriban xanım Əliyevanın Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşündə Azərbaycanın birinci vitse-prezidentinin Rusiyanın "Dostluq" ordeni ilə təltif edilməsi olub. İstər Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfərə dəvət olunması, istərsə də birinci vitse- prezidentin "Dostluq" ordeni ilə təltif edilməsi rəsmi Moskvanın həm Azərbaycana, həm də birinci vitse-prezidentin ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətindəki uğurlu fəaliyyətinə verilən dəyər hesab edilir. Təsadüfi deyil ki, əksər ekspertlər də bu qənaətdədirlər. Millət vəkili Sahib Alıyev də deyir ki, sözügedən səfər və Mehriban xanım Əliyevaya Rusiya Federasiyasında göstərilən yüksək diqqət birinci vitse-prezidentin uğurlu fəaliyyətinə verilən qiymət kimi də xarakterizə edilə bilər: "Azərbaycanın birinci vitse-prezidentinin Rusiyaya rəsmi səfərini izləyənlər onun necə qarşılandığına, keçirdiyi görüşlərə, apardığı danışıqlara səfərdə olduğu ölkənin mediasının, özəlliklə də televiziyalarının bununla bağlı hazırladıqları materiallara baxanda yəqin bir özəlliyi hiss etməmiş deyillər. O da bundan ibarətdir ki, Kremldə hörmətli Mehriban xanım Əliyevanın səfərinə başqa dövlətin ikinci şəxsinin qarşılanması protokolu çərçivəsində yanaşılmır. Açığını deməli olsaq, ona hətta bir çox dövlətlərin birinci şəxslərinə belə göstərilməyən böyük diqqət, sayğı var ki, bu da hər iki ölkənin Prezidenti arasında yaranmış qarşılıqlı hörmətə, güvənə, həm də dostluğa bağlıdır. Eyni zamanda bu, Azərbaycanın birinci vitse-prezidentinin özünün şəxsi keyfiyyətinə, potensialına və təbii ki, ölkəmizin regionda oynadığı rola dayanır. Bunu elə Prezident Vladimir Putinin Azərbaycanın birinci vitse-prezidentinə Rusiyanın "Dostluq" ordenini təqdim edərkən dedikləri də təsdiqləyir: "Əlbəttə, bu dövlət mükafatı, bu "Dostluq" ordeni bir tərəfdən, sanki formal hissə, formal məsələdir, lakin digər tərəfdən, Sizin diqqətinizi ona cəlb etmək istəyirəm ki, bu, düşünülmüş qərardır. Sadəcə, Sizin bizə gəldiyinizə görə yox, Sizin Azərbaycanda ali vəzifəli şəxslərdən biri olduğunuza görə yox. Bu, Sizin işinizlə, Sizin fəaliyyətinizlə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanması ilə bağlıdır".
***
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov da birinci vitse-prezidentin Rusiya Federasiyasına rəsmi səfərinin uğurlu keçdiyi qənaətindədir. Onun sözlərinə görə, bu Mehriban xanın Əliyevanın birinci vitse-prezident qismində Rusiyaya ilk səfəri sayılır: "Mehriban xanımın bu səfərinin çox böyük, zəngin proqramı var. Amma səfərin ən vacib məqamı isə heç şübhəsiz ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə və Baş nazir Dmitri Medvedevlə olan görüşlərdir. Hər iki görüşdə Azərbaycan və Rusiya üçün strateji əhəmiyyətli məsələlər müzakirə edilib. Vladimir Putin hələ bu ilin avqust ayında imzaladığı Fərmana əsasən "Dostluq" ordeni ilə təltif etdiyi Azərbaycanın birinci vitse-prezidentinə bu yüksək dövlət mükafatını təqdim edib. Bəs nəyə görə məhz "Dostluq" ordeni? Birmənalı olaraq deyə bilərik ki, iki ölkə arasında münasibətlər ilk növbədə məhz dostluq faktorunun və vektorunun üzərində inkişaf edir. Bizim Rusiya ilə münasibətlərimiz, əlaqələrimiz çoxvektorludur, çoxşaxəlidir. Amma əsas vektoru isə dostluq təşkil edir. Bir ölkə ilə qonşu olmaq olar. Amma həmin qonşu ilə dost olmadan, səmimi dostluq və əməkdaşlıq əlaqələri qurmadan nə dinc yanaşı yaşamaq, nə də etibarlı tərəfdaş, müttəfiq qazanmaq mümkündür. Yəni ki, qonşu ölkələr arasında strateji tərəfdaşlığın, müttəfiqliyin fəlsəfəsini ilk növbədə dostluq amili müəyyən edir". Partiya sədri deyib ki, Rusiya prezidenti də məhz bu amili nəzərə alaraq Azərbaycanın birinci vitse-prezidentini "Dostluq" ordeni ilə təltif edib. Çünki Mehriban xanımın iki ölkə arasında dostluq münasibətlərinin yüksələn xəttlə inkişafında rolu danılmazdır: "Cənubi Qafqaz respublikalarının birinci xanımları arasında heç kim Rusiya ilə dostluq münasibətlərinin vacibliyini, önəmini Mehriban Əliyeva qədər uzaqgörənliklə qiymətləndirə bilmir və heç kim də onun qədər bu dostluğa səmimi yanaşmır. Biz bu son zamanlarda nə Ermənistanın, nə də Gürcüstanın birinci xanımlarının Rusiya ilə dost münasibətlərinin vacibliyini vurğulayan çıxışlarına və bu istiqamətdə atılan real addımlara rast gəlməmişik. Əksinə, adlarını qeyd etdiyim hər iki ölkənin indi Rusiya ilə çox ciddi problemləri var. Putin də şübhəsiz ki, çox ayıq-sayıq və müdrik siyasətçidir. O, Qafqazdakı reallıqları və kimin kim olduğunu çox yaxşı bilir. Rusiya lideri Mehriban xanımın Azərbaycanın dövlət başçısının Rusiya ilə sıx dostluq münasibətlərinin qurulması siyasətinə öz əməli işləri və təşəbbüsləri ilə real dəstək verdiyini görür və təqdir edir, yüksək qiymətləndirir. Təltif və təqdim edilən "Dostluq" ordeni də məhz bu təqdirin, bu qiymətləndirmənin nəticəsidir. Və biz bu qiymətləndirmənin fonunda bir daha əmin olduq ki, bu gün cənab Prezidentə hamıdan çox, ən böyük dəstəyi Mehriban Əliyeva verir. Bu isə öz növbəsində olduqca mühüm amildir".
Siyasi ekspert Əlabbas Məhərrəmli isə deyib ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açmaqla bərabər, öz-özlüyündə çox mühüm siyasi mahiyyət daşıyan hadisədir: "Eyni zamanda, səhv etmirəmsə, bu, Mehriban Əliyevanın birinci vitse-prezident statusunda hər hansı xarici ölkəyə ilk rəsmi səfəridir. Bu ölkənin Rusiya olması isə əlbəttə ki, səbəbsiz deyil. Şimal qonşumuz regionun əsas dövləti olmaqla yanaşı, qlobal siyasətin əsas oyunçularından biri, həmçinin Qarabağ münaqişəsinin "həll açarı"nı özündə saxlayan dövlətdir. O baxımdan, Rusiya ilə münasibətlərin normal vəziyyətdə saxlanılması və inkişaf etdirilməsi, siyasi-iqtisadi-mədəni sahələrdə əlaqələrin genişləndirilməsi vacibdir". Ekspert qeyd edib ki, Mehriban Əliyevanın Moskvada yüksək səviyyədə qarşılanması, Rusiyanın prezidenti və baş naziri ilə görüşü, bu ölkənin yüksək mükafatına layiq görülməsi Rusiyanın da qarşılıqlı münasibətlərin inkişafında maraqlı olduğunu göstərir:v "Açıq demək lazımdır ki, Mehriban Əliyevanın Moskvaya səfərinin Azərbaycanda həyata keçirilmiş çox ciddi kadr dəyişikliklərindən sonraya təsadüf etməsi bu səfərin əhəmiyyətini artırır. Rusiya rəhbərliyinin bu səfərə böyük önəm verdiyini təsdiqləyən davranışları isə qarşılıqlı münasibətlərin daha da inkişaf etdiriləcəyinə qəti qənaət yaradır".
Süleyman
Olaylar.az