Sürətlə inkişaf edən Ankara-Moskva münasibətləri- ŞƏRH

Sürətlə inkişaf edən Ankara-Moskva münasibətləri-ŞƏRH

Və bunun regiona mümkün təsirləri

Getdikcə yüksək səviyyədə inkişaf edən və strateji tərəfdaşlıq mərhələsinə gəlib çatan Türkiyə - Rusiya əlaqələri hər nə qədər Ankara və Moskvanın maraqlarına uyğun olsa da, bu əlaqələr Birləşmiş Ştatların və Qərbin ürəyincə deyil. Xüsusilə, bu iki ölkənin Yaxın Şərq regionu, ən əsası Suriya məsələsində ortaq mövqedən çıxış etməsi sözügedən güc mərkəzlərini ciddi narahat edir. Bir müddət əvvəl Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına səfəri və Moskva ilə Rusiya arasında hərbi əməkdaşlığa dair yeni müzakirələrin aparılması da okeanın o tayında ciddi qıcıq yaradıb. Baxmayaraq ki, Türkiyə prezidenti Rusiya səfərinin ardınca Birləşmiş Ştatlara getdi və Ağ Ev rəhbəri Donald Trampla önəmli müzakirələr apardı, buna rəğmən Ankaranın Moskva ilə bu cür yaxınlaşması antirusiya tərəfdarlarında normal qarşılanmır. Sürətlə inkişaf etməkdə olan Moskva-Ankara münasibətlərinin Türkiyənin Qərblə əlaqələrinə ciddi zərbə vuracağını ehtimal edən ekspertlər bu prosesin Cənubi Qafqaza da təsirsiz ötüşməyəcəyi qənaətindədirlər. O da vurğulanır ki, belə bir vəziyyətin yaranması Rusiyanın əlini gücləndirəcək və bir müddət sonra Moskva Ankara ilə diqtə ilə danışacaq.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Türkiyənin Rusiya ilə daha sıx iqtisadi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməsi Ankaranı Rusiyadan asılı vəziyyətə gətirə bilər. Onun sözlərinə görə, Qərb qarşısında öz müstəqil siyasətini quran Rəcəb Tayyib Ərdoğan hakimiyyətinin Kremllə strateji yaxınlşması xarici siyasətdə yenidən yeni çərçivənin çəkilməsinə gətirə bilər: "Bura Türkiyənin Yaxın Şərq siyasəti, Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətini göstərmək olar. Türkiyənin "Akkuyu" Atom Elektrik Stansiyası, "Cənub Axını" qaz kəməri Rusiyanın iştirakı ilə başa gəlir. Bundan əlavə, Türkiyənin turizm sektorunda Rusiyanın payı daha da çoxdur. Türkiyənin kənd təsərrüfatı mallarının əsas bazarı Rusiyadır. Hazırda Ankara üstəlik öz hərbi arsenalının inkişafını Rusiya ilə koordinasiya edir. Türkiyənin bu qədər Rusiya ilə yaxınlaşması onun gələcək perspektivdə təhlükəsizliyini təhdid edir. Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi təşəbbüsü ilə Rusiya ilə strateji yaxınlaşma heç də müstəqil bir siyasət açılımı anlamına gəlməməlidir. Çünki, Ankara Qərbi Rusiya ilə əvəz edərək xarici siyasətdə Kremlin təsirinə düşəcək bir situasiya ilə üz-üzə qalır". Politoloq deyib ki, Ankara Rusiyanın icazəsi olmadan Yaxın Şərqdə, xüsusilə Suriyada, Cənubi Qafqazda və Mərkəzi Asiyada Moskvanın maraq dairələrinə nüfuz edə bilməyəcək: "Bu qədər strateji yaxınlaşma müəyyən sərhədlərin olmasına gətirir. Qeyd edim ki, Rusiya və Türkiyə əlaqələri tarix boyu kövrək və ziddiyyətli olub. Coğrafi mövqe hər iki ölkənin bir-birlərinə qarşı əks siyasət aparmasını şərtləndirib. Türkiyə sərhəddində Rusiya təyyarəsinin vurulması və nəticədə Kremlin Türkiyəyə qarşı sanksiyaları göstərdi ki, Ankaranın Moskva ilə yaxınlaşması təhlükəli tendensiyadır. Məhz qırıcı böhranında Rusiyanın sanksiyaları Türkiyənin turizm, tikinti sektorunu və kənd təsərrüfatı ixracını iflic etdi. Türkiyənin iqtisadi infrasturukturu milyardlarla zərərə düşdü. Əgər, Rusiya ilə yenidən geosiyasi toqquşma olarsa, Moskva Türkiyəni daha da sərt sanskiyalarla iflic edə bilər. Məhz Rusiya prezidenti Vladimir Putin bu planı reallaşdırmaqla, Türkiyəyə iqtisadi və hərbi-texniki jestlər etməklə qardaş ölkəni özünə tabe etdirir. Suriyada hər iki ölkə anlaşa bilməsə Rusiya Türkiyəyə sanksiyalar paketi hazırlaya bilər. Ankaranın Qərblə əlaqələrinin gərgin olduğunu nəzərə alsaq, bu, Türkiyə üçün təhlükəli bir məqamdır. Ona görə də Rusiya ilə bu qədər yaxınlaşıb, Qərb tərəfdaşlarına qarşı gəlmək Ankara üçün təhlükəli bir gedişatdır". Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya ilə Türkiyə əlaqələrinin inkişafına baxmayaraq, bu gün Qarabağ münaqişəsinin həllində Ankara Kremllə bu istiqamətdə danışmır: "Çünki, Moskva bunu istəmir. Amma, Kremlin istəyi ilə Ukraynanın işğal olunmuş ərazisi olan Krımla bərə xətti bərpa edilir, Krımdan nümayəndə heyəti Ankarada xüsusi qarşlanır. Göründüyü kimi AKP-nin Rusiya siyasətində ciddi strateji səhvlər var. Krım Ukraynanın ayrılmaz hissəsidir və Rusiya tərəfindən işğal edilib. Krımla Türkiyə arasında əməkdaşlıq arzuolunan deyil. Azərbaycanın 20 faiz əraziləri işğal altındadır. Qondarma Qarabağ separatçıları ilə hər hansı bir ölkənin təmaslarına qarşı biz çox ciddi təpki göstəririk. Həmçinin digər işğalçı ölkənin və separatçı qurumların fəaliyyətinə qarşı barışmaz mövqe tuturuq. Qardaş ölkə hakimiyyətinin Krım siyasətində düzəliş etməsinə ümidliyik".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31