Düşmən tərəflə informasiya savaşını bu cür diletant formada aparmaq olmaz- RƏYLƏR
Düşmən tərəflə informasiya savaşını bu cür diletant formada aparmaq olmaz-RƏYLƏR
22 Noyabr 2019 15:58 SiyasətBu işi peşəkar diplomatlarımızın və hakimiyyət ideoloqlarının öhdəsinə buraxmaq lazımdır
Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyan xarici səfərləri zamanı heç də xoş olmayan sürprizlərlə qarşılaşır. Bir müddət əvvəl xarici səfərlərin birində azərbaycanlı fəal Bəxtiyar Hacıyev tərəfindən sual yağışına tutularaq çıxılmaz vəziyyətə düşən Nikol Paşinyan bu günlərdə daha bir olay yaşayıb. Belə ki, İtaliyanın Milan şəhərində kilsədə ermənilərlə görüş keçirən işğalçı ölkənin baş naziri bu dəfə Ata Abdullayevlə qarşılaşmalı olub. Etiraf edək ki, ikincinin Paşinyana ünvanladığı suallar o qədər təsirli və yetərli olmasa da, ümumilikdə Ermənistan rəhbərliyinin xarici ölkələrdə bu cür situasiyalarla rastlaşması normal hesab edilə bilər. Bundan sonra Paşinyan hər səfər etdiyi ölkədə azərbaycanlı ilə qarşılaşacağı, onun kəskin sualları ilə üz-üzə qalacağı əndişəsi içərisində olacaq. Ona görə də haqlı olaraq əksər ekspertlər hesab edirlər ki, Paşinyanın xarici ölkələrə səfərləri zamanı daha fəal, daha bilikli və bacarıqlı gənclər, soydaşlarımız onun qarşısına çıxmalı, Ermənistan baş nazirini tutarlı suallarla çətin vəziyyətə salmalıdır.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Araz Aslanlı deyir ki, biz Ermənistanın baş naziri Nikol Paşinyanların cavabını vermək arzusundayıq. Lakin bizimkilər Paşinyanlara sual verməyin qəhrəmanlıq olduğuna dair kampaniya aparırlar: "Heç kim inciməsin, amma özünü düzgün analiz və lazımı məqamda tənqid edə bilməyən fərdlər və cəmiyyətlər inkişaf edə bilməzlər. Bizdəki ab-havada məğlubluq kompleksinin izləri var. Halımıza baxın: sual verməyin qəhrəmanlıq olduğunu mübahisəsiz qəbul edib ən yaxşı halda kimin daha yaxşı sual verdiyini, yəni kimin "daha yaxşı qəhrəman olduğunu" müzakirə edə bilirik.
Yanlış anlaşılmasın. Əsla Ermənistan rəsmilərinə sual verilməsini tənqid etmirəm. Bu, Ermənistan rəsmilərinə sadə azərbaycanlılar tərəfindən ilk sual verilməsi hadisəsi deyil. Sosial şəbəkələrdə yazılanlardan belə aydın olur ki, daha öncə də bu cür təşəbbüslər olub. Sonuncu da olmamalıdır. Sual vermək hər kəsin hüququdur. Maraqlı sual vermək bilik və mədəniyyət, qarşı tərəfi çətin vəziyyətə salmaq və qarşı tərəfin məqsədinə nail olmasına mane olmaq isə ustalıq tələb edir. Bunu bacaranlar sağ olsunlar. Amma sual verməyin qəhrəmanlıq olduğuna dair təbliğat aparmaq, hətta buna məqalə və verilişlər həsr etmək, bu istiqamətdə ölkədaxili rəqabət aparmaq xoş deyil. "Sən yaxşı sual vermədin, mən yaxşısını verəcəm" yarışı mənzərənin göstəricilərindəndir"
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, sosial şəbəkələrdə və bəzi media orqanlarında Ata Abdullayev adlı şəxsin guya hakimiyyət tərəfindən Milana düşünülmüş şəkildə göndərilməsi barədə iddialar həqiqətən də reallıqdan uzaqdır: "Məgər dövlətimiz və iqtidarımız o dərəcədə acizdirmi ki, Parisə və Milana öz təşəbbüsləriylə gedən hansısa bloggerlərin ümidinə qalsın? Məsələyə bu dərəcədə primitiv yanaşmaq olmaz. Mən qəti şəkildə əminəm ki, rəsmi Bakının özünə ucuz piar imkanları axtaran bəzi gənclərin bu cür "özfəaliyyət" təşəbbüslərinə həqiqətən də əsla ehtiyacı yoxdur. Əvvəla ona görə ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın haqq səsini və Qarabağla bağlı həqiqətləri hansı beynəlxalq auditoriyalarda və necə bir yüksək peşəkarlıqla dünyanın diqqətinə çatdırmağı hamıdan yaxşı bacarır. Prezidentin lap bu yaxınlarda "Valday klubu"ndakı çıxışında və Aşqabadda keçirilən Zirvə görüşündə Nikol Paşinyanı öz tutarlı arqumentləri və əks-hücumları ilə küncə sıxışdırdığı hamımızın yaxşı yadındadır. Dövlət başçısının bu cür uğurlu siyasi gedişlərindən sonra, bəxtiyar hacıyevlərin, ata abdullayevlərin Paris və Milan "macəra"ları tamamilə yersiz idi. Onların bu hərəkətləri Azərbaycanın xeyrinə yox, zərərinə işlədi. Hər iki gənc soydaşımızın bu cür naşı özfəaliyyəti digər tərəfdən, son vaxtlar onsuz da imici bir xeyli zədələnmiş və reytinqi aşağı düşən Nikol Paşinyanın çarəsiz imicmeykerləri üçün sözün əsl mənasında xoş sürpriz oldu. Onlar Paşinyanın Ermənistanın daxili auditoriyasında reytinqini qaldırmaq üçün əldə çıraqla fürsət, girəvə axtarırdılar. Buyurun, bu da sizə özünüreklamı çox sevən iki azərbaycanlı bloggerin Paşinyan üçün yaratdığı pulsuz-parasız əlavə reklam imkanı. Paşinyan da bu imkandan çox məharətlə istifadə etdi və növbəti dəfə Azərbaycana qarşı yersiz ittihamlar səsləndirməklə Ermənistan ictimaiyyətinin gözündə özünün əsl vətənpərvər və fədakar baş nazir imicini formalaşdırmağı bacardı. Bizim "qəhrəman" bloggerlərimiz isə əlləri ətəklərindən uzun şəkildə, necə deyərlər, suyu süzülə-süzülə Azərbaycana qayıtdılar". Partiya sədri hesab edir ki, ümumiyyətlə, düşmən tərəflə informasiya savaşını bu cür diletant formada aparmaq olmaz: "Öz aləmlərində guya Paşinyanı psixoloji pressinqə məruz qoymaq istəyən bloggerlərimizin bu təşəbbüsləri son nəticədə futboldakı "avtoqol"a bənzədi. Yəni ki, bir futbolçunun topu öz qapısına vurması kimi. Məncə, bu işi peşəkar diplomatlarımızın və hakimiyyət ideoloqlarının öhdəsinə buraxmaq lazımdır. Çünki Əli Həsənovun da dediyi kimi onlar nə zaman, hansı zəruri tədbirləri və necə görməyi yaxşı bacarırlar".
Məhəmməd
Olaylar.az