Paşinyanın Qarabağ ritorikası dəyişə bilər- Geosiyasət
Paşinyanın Qarabağ ritorikası dəyişə bilər-Geosiyasət
22 Noyabr 2019 15:04 SiyasətHər şey separatçı rejimdə keçiriləcək qondarma seçkilərin nəticəsindən asılı olacaq
Ermənistan rəhbərliyi ciddi-cəhdlə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə mane olmağa, danışıqları pozmağa çalışır. Zaman-zaman səsləndirdiyi təxribat xarakterli bəyanatları və gedişləri ilə sülh prosesinə zərbə vuran işğalçı ölkənin rəhbərliyi, indi də inqilabçı baş nazir Nikol Paşinyanın timsalında eyni oyunu oynayır. Son vaxtlar Nikolun danışıqların ruhuna və prinsiplərinə zidd olaraq Dağlıq Qarabağın separatçı rejiminin də danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı səsləndirdiyi absurd fikirlər də məhz bu məqsədə, danışıqlar proisesinə mane olmağa hesablanıb. Məlumat üçün qeyd edək ki, ən son İtaliyaya səfəri çərçivəsində də Nikol Paşinyan Milanda keçirdiyi görüşlərdə Dağlıq Qarabağın separatçı rejiminin danışıqlarda tərəf kimi iştirak etməsinin vacibliyini vurğulayıb. Ermənistan baş nazirinin bu sərsəm açıqlamalarına Azərbaycan tərəfi rəsmi olaraq öz mövqeyini bildirib və rəsmi Bakı ən yüksək səviyyədə bəyan edib ki, Dağlıq Qarabağ separatçılarının danışıqlar prosesində iştirakı yolverilməzdir. Ancaq bir sıra ekspertlər hesab edirlər ki, Ermənistanın baş naziri Nikol Paşinyanın məlum açıqlamalarına o qədər də ciddi fikir vermək lazım deyil. Çünki Paşinyanın özünə də gün kimi aydındır ki, separatçıların danışıqlar prosesində iştirakı qeyri-mümkündür. Hər şeydən əvvəl beynəlxalq birlik, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu da bu formatda danışıqları normal qəbul etmir. Sadəcə Ermənistan rəhbərliyi tərəfindən müntəzəm olaraq səsləndirilən bu kimi sərsəm fikirlər daxili auditoriya, eyni zamanda Nikolun ciddi şəkildə erməni cəmiyyətdə aşağı düşən nüfuzunun qalxmasına hesablanıb. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ danışıqlarında yeni formatı irəli sürməsi əsasən, daxili auditoriya üçün hesablanıb. Politoloqun sözlərinə görə, bu kimi fikirlər həmçinin müəyyən qədər "Qarabağ klanı"nın özünə qarşı hücumunu neytrallaşdırmaq məqsədi daşıyır: "Çünki, Qarabağ klanı hələki Qarabağda rəhbərliyi əlində saxlayır və burada növbəti qondarma seçkilərdə yenidən rəhbərliyi ələ ala bilər. Bu da Nikol Paşinyan üçün narahatedici faktordu. Çünki, Nikol Paşinyan Qarabağ klanını və işğal olunmuş ərazilərdə separatçı rejimi gələn il siyasi səhnədən uzaqlaşdırmağı planlayır. Qeyd edim ki, gələn ilin aprelində Qarabağda qondarma seçkilər keçiriləcək. Nikol Paşinyan çalışır ki, burada öz namizədini rəhbərliyə gətirsin və Qarabağ klanının əsas dayağını laxlatsın". Politoloq hesab edir ki, əgər, Qarabağ klanı işğal olunmuş ərazilərdə seçkilərdə məğlub olarsa, Xankəndindəki yeni rəhbərlik Bako Saakyan və Vitali Balasanyana, eləcə də digərlərinə cinayət işi qaldıracaq: "Bu da onların Nikol Paşinyan tərəfindən siyasi təqibi olacaq. Necə ki, Ermənistanda Robert Koçaryanı həbsxanaya göndərdi, Serj Sarksiyanı istintaqa çağırırlar, növbəti həmlə Qarabağdakı indiki separatçı hakimiyyətə qarşı ola bilər. Paşinyan seçkilərdə qələbə çalarsa, eyni aqibət burada Qarabağ klanının üzvlərini gözləyir".
Məhəmməd Əsədullazadə onu da bildirib ki, "Qarabağ klanı"nın siyasi səhnədən silinməsi baş verməsə də siyasi cəhətdən zəifləyəcək: "Nikol Paşinyan bu gün ölkəsinin tam uğursuzluğunu Qarabağ klanında görür və onlara qarşı barışmaz mövqedədir. Əgər, gələn il Nikol Paşinyan tam şəkildə istəyinə nail olarsa, onun Qarabağ ritorikası dəyişə bilər. Onun irəli sürdüyü tezislər tamamılə sülh danışıqlarının əleyhinədir və danışıqlar üçün heç bir zəmin yaratmır. Azərbaycan hazırkı durumla barışmayacaq və mütləq şəkildə hərəkətə keçəcək. Qeyd edim ki, Xankəndində separtçılar Nikol Paşinyanın komandansı ilə əvəzlənsə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi də reallaşa bilər. Çünki, tərəflər humanitar məsələdə razılaşıblar. Nikol Paşinyan prinsipcə Dilqəm və Şahbazın azad edilməsində maraqlıdır. Amma, bunu mövcud vəziyyətə görə həyata keçirə bilmir. Azərbaycan da növbəti prosesi gözləyir".
Bu arada Birləşmiş Ştatlar səfirinin Azərbaycan və Ermənistan dini liderlərinin görüşünün təşkil etməsi ilə bağlı təşəbbüsünə də toxunan politoloq deyib ki, Ermənistan Qirqoryan kilsəsinin birbaşa ideoloji təbliğatı və dəstəyi ilə Azərbaycanın ərazilərini işğala məruz qoyub. Dini liderlərin görüşü münaqişənin həllinə birbaşa təsir etməsə də humanitar missiyaların əsasən, əsirlərin qaytarılmasına müsbət irəlləyiş gətirə bilər. Erməni kilsəsinin dini lideri Qaregin birbaşa Azərbaycana qarşı düşmənçiliyin əsas simvoludur. Nə qədər ki, Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərindən çəkilmir, azərbaycanlıların ermənilərə etimadı olmayacaq".
Süleyman
Olaylar.az