Faşist cəlladı Qaregin Njdenin heykəlinin kölgəsi Gürcüstanda da narahatçılığa səbəb olur
Faşist cəlladı Qaregin Njdenin heykəlinin kölgəsi Gürcüstanda da narahatçılığa səbəb olur
22 Noyabr 2019 13:44 SiyasətKamal Salayev
AMEA-nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi
Hələ 2018-ci il martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədri Angelika Zaxarova alman faşistlərinə xidmət etməsinə baxmayaraq Ermənistanın "milli qəhrəmanı" elan olunmuş faşist cəlladı, satqın Qaregin Njdenin İrəvandakı abidəsi ilə bağlı müsahibə vermişdi. O müsahibədə haqlı olaraq, faşizm ideologiyasına xidmət edən bu abidənin ciddi narahatlıq doğurduğunu və ona görə də onun götürülməsinin məqsədəuyğun olduğunu qeyd etmişdi.
Qeyd edək ki, sözügedən abidənin açılışı 2016-cı il mayın 28-də baş tutub. Abidənin açılışı isə faşist cəlladı Njdenin nəvəsi Armen Babayan və İrəvanın sabiq meri Taron Marqaryan tərəfindən həyata keçirilib. Tuncdan hazırlanmış 5,7 metrlik abidə Kentron adlı inzibati rayondakı Anrapetutyan küçəsində yerləşir.
Bundan əlavə İrəvandakı abidə ilə yanaşı 2012-ci ildə Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərindəki erməni kilsəsinin qarşısında faşist cəlladı Njdenin şərəfinə qoyulmuş xatirə lövhəsinin noyabrın 11-dək sökülməsi vəd edilsə də, ermənilər bu vədlərinə əməl etməmişlər. Belə olan halda isə Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov məsələni özü fərdi şəkildə həll etmək qərarına gələrək lövhəni qara boya ilə rənglədi. O fikrini bu cür ifadə edib: "Üçüncü Reyxlə əməkdaşlıq edərək ölənlərə abidələrin qoyulması, alman faşist işğalçıları ilə vuruşmuş xalqa qarşı təhqirdir. Əgər Qaregin Njde qəhrəmandırsa, onda ona xatirə lövhələri qoyanlar kimlərdir?"
XX əsrin 20-ci illərinin axırı - 30-cu illərinin isə əvvəllərində faşist cəlladı Qaregin Njde Avropa və ABŞ-ın bir sıra ölkələrində öz məqsədlərini həyata keçirmək üçün "xalq" və "vətənpərvərlik" təşkilatlarını yaradıb. Bu baxımdan onun Bolqarıstanda yaratdığı "Tseqakron" (tsexakronizm - erməni millətçi ideologiyasının konsepsiyası) adlı təşkilatı erməni diasporunun gənclərini və ziyalılarını öz ətrafında birləşdirib. Bu təşkilatın məqsədi isə əslində "Böyük Ermənistan" yaratmaq xülyasını reallaşdırmaqdan ibarət olmuşdur. İkinci dünya müharibəsinin başlanğıcında isə sözügedən faşist cəlladı Njde Hitler Almaniyası ilə əməkdaşlıq etməyə başlamışdır.
Hörmətli Prezidentimiz Cənab İlham Əliyev 2019-cu il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçılarının Şurasında belə bir faktı qeyd edib: "Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik "1941-1945-ci illərin Böyük Vətən müharibəsi" ensiklopediyasının "Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat" adlı VI cildində dərc edilmiş "Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti" adlı məqalədə deyilir: "Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbs etmişlər. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak etmışdir. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur". Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu."
Hörmətli tarixçi alimimiz Musa Qasımlının fikrincə, Yerevanda Qaregin Njdeyə abidə qoyulması bir daha onu göstərir ki, Ermənistanda terrorizm, nasistlərlə əməkdaşlıq etmiş şəxslərin təbliği dövlət siyasətinə çevrilib. "Erməni faşizmi nasizmdən daha qəddardır. Müasir dövrdə nasizm tərəfdarlarının qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir." - deyə o fkirini qeyd edib.
Bütövlükdə nasizm ideologiyasının yayılması bütün dünyada olduğu kimi Cənubi Qafqazda da region xalqlarının - azərbaycanlıların və gürcülərin də ciddi narahatçılığına səbəb olur. Regionda belə bir addımın atılması yeni bir terrorizm dalğasının yayılmasına səbəb ola bilər.