Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə böyük əhəmiyyət verir- TƏHLİL
Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə böyük əhəmiyyət verir-TƏHLİL
22 Noyabr 2019 13:33 SiyasətMehriban Əliyeva: "Ölkələrimizi möhkəm, qədim dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir"
Müstəqil Azərbaycan dövləti ilə Rusiya Federasiyası arasında hərtərəfli münasibətlər inkişaf etməkdədir. Nəzərə almaq lazımdır ki, iki ölkə arasında siyasi, iqtisadi, diplomatik və humanitar sahədə əməkdaşlıq tarix boyu mövcud olub, bu gün də yüksələn xətt üzrə inkişaf edir. Nəticədə iki qonşu dövləti siyasi, iqtisadi, mədəni əlaqələr bir-birinə daha da yaxınlaşdırır. Elə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşündə səsləndirilən fikirlər dediklərimizi bir daha sübut etmiş olar. Birinci-vitse prezident sözügedən görüşdə qeyd edib ki, Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verir: "Ölkələrimizi möhkəm, qədim dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi, həmçinin hər iki tərəfin birgə səyləri sayəsində bu gün münasibətlərimiz strateji tərəfdaşlıq kimi xarakterizə olunur. Fəal siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya prezidentləri mütəmadi olaraq görüşlər keçirirlər. Bu görüşlər demək olar ki, bütün sahələrdə münasibətlərin inkişafına güclü impuls və dinamizm verir".
Azərbaycan-Rusiya münasibətlərinin həm də strateji tərəfdaşlıq xarakteri daşıması heç kimə sirr deyil. Nəzərə almaq lazımdır iki ölkə arasındakı çoxşaxəli əməkdaşlıq münasibətləri məhz ölkə prezidentləri tərəfindən müəyyən edilir. Odur ki, Azərbaycan nəinki Avropa ölkələri, eləcə də Rusiya Federasiyasının vətəndaşları üçün hər zaman açıq ölkə olub. Nəzərə almaq lazımdır ki, bu məsələ Azrbaycanın da marağındadır. Xüsusən, ölkələr arasındakı iqtisadi əməkdaşlıq, qarşılıqlı sərmayələrin yatırılması Azərbaycanla Rusiyanın bir-birinə daha da yaxınlaşmasına zəmin yaradır. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva qeyd edib ki, iqtisadi əməkdaşlıq bizim ikitərəfli gündəliyimizin ən mühüm komponentlərindən biridir: "Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur. Əgər biz göstəricilərə baxsaq, onlar böyük nikbinlik doğurur. Biz hər il artım qeyd edirik, əmtəə dövriyyəsi artır. Ötən il 19 faiz artım olub və 2,6 milyard ABŞ dolları təşkil edib. Bu ilin 9 ayında isə artım 24 faizə çatıb. Yəni, bu göstəricilər olduqca nikbindir. Qarşılıqlı sərmayə qoyuluşu artır. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə qoyub. Mühüm olan odur ki, hökumətlərarası komissiyanın təhlilinə görə, bu potensialdan tam şəkildə istifadə edilməyib, daha 2-3 dəfə artım mümkündür".
Xatırladaq ki, Azərbaycanla Rusiya arasında təhsil və humanitar sahələrdə də əməkdaşlıq ən yüksək səviyyədədir. Ümumilikdə, Cənubi Qafqaz ölkələri arasında yeganə dövlət Azərbaycandır ki, rus dilində çoxsaylı tədris müəssisəsi fəaliyyət göstərir. Ermənistanda erməni əsilli uşaqlara rusdilli məktəblərdə təhsil almaq məhdudiyyəti qoyulduğu halda, Azərbaycanda 340-dan çox rus dilində tədris müəssisəsi mövcuddur. Birinci-vitse prezident Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi ölkələrimiz arasında humanitar və təhsil sahəsində əlaqələr nümunəvidir: "Əlbəttə, mən humanitar əlaqələrimizdən danışmaq istəyirəm. Çünki hesab edirəm ki, ölkələrimiz arasında humanitar əlaqələr, xüsusən təhsil sahəsində nümunəvidir. Azərbaycanda rus dilinə və rus mədəniyyətinə böyük hörmətlə yanaşırlar. Bizim ölkəmizdə rus dilində təhsil tam şəkildə qorunub saxlanılıb, 338 məktəbdə tədris rus dilində aparılır, 14 ali məktəbdə rus dilində bölmələr var, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi pilot layihəsi uğurla həyata keçirilir. Əlbəttə, ali təhsil səviyyəsində qarşılıqlı fəaliyyət var. Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları Azərbaycanda uğurla fəaliyyət göstərir. Düşünürəm ki, bu sahədə də böyük potensial mövcuddur. Ümidvaram ki, gələcəkdə əməkdaşlığımız bütün sahələr üzrə genişlənəcək, ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək". Etiraf edilməlidir ki, bu kimi səfərlərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına daha da təkan vermiş olur. Münasibətlərin yüksək səviyyədə olması isə nəinki bu iki dövlətin, eləcə də Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsi üçün olduqca mühüm əhəmiyyət daşıyır.
Alim
Olaylar.az