İranda proseslər hansı məcrada cərəyan edəcək- ŞƏRH

İranda proseslər hansı məcrada cərəyan edəcək-ŞƏRH

Artıq bir neçə gündür ki, İranda kütləvi aksiyalar keçirilir. Artan templə davam edən bu aksiyalar artıq Tehran hakimiyyətini ciddi təşvişə salıb.  Mərkəzi hakimiyyət kütləvi aksiyaların qarşısını hər nə qədər önləməyə çalışsa da,  sosial tələblərlə start götürən aksiyalar, artıq siyasi müstəviyə keçib. Aksiyaların daha çox Güneydə, soydaşlarımızın məskunlaşdığı iri şəhərlərdə keçirilməsi də burada diqqətdən qaçmamalıdır. Bu arada İranda baş tutan aksiyalara müxtəlif xarici dairələrdən dəstək verildiyi barədə də fikirlər səslənməkdədir. Bəzi Avropa ölkələri, eyni zamanda Birləşmiş Ştatlar xalq kütlələrinin bu mitinqinə dəstək bəyanatı veriblər. Bu arada bəzi yerli təhlilçilər hesab edirlər ki, İranda ayağa qalxanların mütləq əksəriyyəti güneyli soydaşlarımız olduğu üçün rəsmi Bakı da dəstək nümayiş etdirməlidir. Təbii ki, bu fikirlər o qədər də sağlam təfəkkürün məhsulu deyil. Hər şeydən öncə ona görə ki, rəsmi Bakı hər zaman bəyan edib ki, İranın daxili işlərinə müdaxilə etmir və belə bir niyyəti yoxdur. Hələ bir neçə il əvvəl Birləşmiş Ştatlar İranı Azərbaycanın hava məkanından istifadə etməklə vurmaq istəyini ortaya qoyanda da, rəsmi Bakı buna ciddi şəkildə etiraz etmiş və öz ərazisindən hansısa ölkənin ərazisinə müdaxiləni yolverilməz saymışdı. Hazırda da Azərbaycan eyni mövqeyə, yanaşmaya malikdir və əksəriyyət rəsmi Bakının bu mövqeyini dəstəkləyir, təqdir edir.

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov da hesab edir ki,   İranda baş verən və dünya kütləvi informasiya vasitələrinin də "Benzin üsyanı" kimi dəyərləndirdiyi son etiraz aksiyalarını Güney Azərbaycanla əlaqələndirənlər və bizim də güneylilərin müstəqillik hərəkatına dəstək verməli olduğumuzu iddia edənlər zənnimcə, yanılırlar. Onun sözlərinə görə, çünki hazırda Güney Azərbaycanda müstəqillik hərəkatının heç bir əlamətləri görünmür: "Odur ki, güneylilərin ayağa qalxdığını və bizim Təbrizi almağımız üçün əlverişli şəraitin yarandığını iddia etmək yalnız bir qrup romantiklərimizin arzu və istəklərinin təzahürüdür. Amma əsl həqiqətdə isə biz İranda baş verən olaylara realist yöndən baxmalıyıq. Çünki bu gün güneyli etirazçıların heç özləri də müstəqillik şüarları ilə çıxış etmir. Etiraz aksiyalarına qoşulan güneylilər də eynən farslar, bəluclar, qaşqaylar, İran ərəbləri kimi yalnız sosial-iqtisadi məzmunlu tələblərlə çıxış edirlər. Odur ki, hazırki iğtişaşlarda Güney Azərbaycanın müstəqilliyi və yaxud da Təbrizin alınması məsələsi müzakirə mövzusu deyil. Söhbət Qərbin İranın molla rejiminin əzmini qırıb yumşaltmaq, İranı neytrallaşdırmaq, bu ölkənin iqtisadi həyatını Qərbin nəzarəti altına keçirmək planlarından gedir. Birləşmiş Ştatların İrana qarşı tətbiq etdiyi sanksiyalar da məhz buna xidmət edir. Hazırda İran sanksiyaların məngənəsində boğulur. Tramp və Pompeo kimi ABŞ liderlərinin İranda keçirilən kütləvi etirazlara münasibət bildirərək aksiyaçılara dəstək verməsi və "Biz etirazçıların yanındayıq" deməsi də rəsmi Tehrana qarşı psixoloji təzyiq formasıdır".

Partiya sədri qeyd edib ki, molla rejimi isə necə deyərlər, Qərbi qabaqlayıb, öz oyununu oynamağa, hadisələrin məcrasını öz maraqlarına uyğun şəkildə istiqamətləndirməyə çalışır: "İstər İran hökumətinin, istər İran İslam Şura Məclisinin (parlamentinin) sədri Əli Laricaninin və İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzlinin, istərsə də İranın ali dini lideri Xameneyinin son bəyanatları onu göstərdi ki, rəsmi Tehranın bundan sonra kütləvi etirazlara səbrlə yanaşmayacağı və etiraza çıxan hər kəsin sərt şəkildə cəzalandıracağı şəksizdir. Aydın məsələdir ki, Xameneyi və komandası Qərbə təslim olmamaqda və öz hakimiyyətini qoruyub saxlamaqda maraqlıdır. Odur ki, bizim burda həyəcanlanıb, emosiyalara qapılıb Təbrizi almaq kimi utopik şüarlar səsləndirməyimiz qeyri-ciddilik olardı. Biz milli hisslərimizin kor fanatizmə və pafoslu romantizmə gətirib çıxarmasına yol verməməliyik. İndi "klaviatura qəhrəmanlığı"nın zamanı deyil. İndiki məqamda sadəcə olaraq, qonşu ölkədə baş verən prosesləri diqqətlə izləməliyik".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31