Müxalifətdə olan “iqtidar”ı dəyişmək zamanı gəlib- MÜNASİBƏT

Müxalifətdə olan “iqtidar”ı dəyişmək zamanı gəlib-MÜNASİBƏT

Artıq əskimiş və yaşlanmış müxalifət "nazirləri" və "məmurları" da pensiyaya getməlidir

Uzun illər hakimiyyəti islahatlara getməməkdə, qocaman kadrlarla yolları ayırmamaqda ittiham edən radikal siyasi düşərgə deyəsən son günlərə qədər söylədiyi bu fikirlərdən peşman olub. Səbəb isə dövlət başçısı İlham Əliyevin son aylarda siyasi və idarəetmə sahəsində həyata keçirdiyi radikal islahatlardır. Göründüyü kimi, son bir neçə ay ərzində yaşı bir xeyli ötmüş məmur ordusunu gənc kadrlarla əvəzləyən İlham Əliyev dövlət idarəçiliyinə yeni bir nəfəs gətirib. Ancaq burada maraqlı və diqqət çəkən məqam hakimiyyəti indiyə qədər məhz qeyd etdiyimiz məsələlərə görə tənqid edən müxalif düşərgə, daha doğrusu bu düşərgənin radikal qanadı özü-özündə gəncləşmə etmək istəmir. Əksinə həmin düşərgədən çıxan, bir qədər sağlam düşünən insanları dərhal ətrafından uzaqlaşdırır, onlarla yollarını ayırır. Elə ötən gün Müsavat Partiyasının qərargahında radikal siyasi partiya liderləri, eləcə də bir vaxtlar bu gün onlarla bir masa ətrafında əyləşən siyasiləri təhqir etməkdən belə çəkinməyən sabiq səhiyyə naziri Əli İnsanov arasında keçirilən görüş də belə deməyə əsas verir ki, radikal siyasi düşərgə qətiyyən yeniləşmək, gəncləşmək, siyasi proseslərə yeni nəfəs gətirmək istəmir. Əks təqdirdə özlərindən də qat-qat qoca olan və özünün də dediyi kimi kəfənə bürünmüş Əli İnsanovla eyni cəbhəni bölüşməzdilər.

Təsadüfi deyil ki, radikal siyasi düşərgədə cərəyan edən bu anormallıq haqlı olaraq və ciddi şəkildə pislənilir, tənqid olunur. Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynovun sözlərinə görə, Müsavat Partiyasının ev sahibliyi etdiyi müxalifətin Dəyirmi Masa toplantısına qatılan siyasətçilər və ekspertlər demək olar ki, hamısı köhnə simalar idi: "Arif Hacılı, İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn, Azərbaycanın Moskvadakı keçmiş səfiri Hikmət Hacızadə, "Turan" agentliyinin direktoru Mehman Əliyev və s. Müxalifətin yeni siması sayılan keçmiş səhiyyə naziri Əli İnsanov da əslində köhnə simadır. Sözün hər mənasında köhnə simadır. Zaman-zaman bir-birinin qanını içməyə hazır olan bu şəxslər dünən bir masa arxasında bir araya gəlib birlik və bərabərlik görüntüsü sərgilədilər. Sağçısı-solçusu bəlli olmayan, ideoloji yönü bilinməyən və sadəcə praqmatik maraqlarına görə bir yerə yığışan müxalifət liderlərinin bu toplantısını cəmiyyət həm sükutla, həm də passiv etirazla qarşıladı". Partiya sədri qeyd edib ki,  Əli İnsanovu müxalifət liderlərindən biri kimi legitimləşdirmək və cəmiyyətə sırımaq cəhdi sıravi vətəndaşlarımızda neqativ reaksiya doğurub. Çünki bu toplantı müxalif düşərgədə mənəvi dəyərlərin heçə sayılmasının əyani nümayişi idi: "Odur ki, bu toplantı cəmiyyətin ənənəvi müxalifətə qarşı olub-qalan son inamını da büsbütün sarsıtdı.

Politoloq Ramiyə Məmmədova da radikal siyasi düşərgəni gəncləşməyə, islahatlara meyilli olmamağa görə tənqid edib. O, bildirib ki, iqtidarda gedən islahatlardan, kadr dəyişikliyindən gözləntilər böyükdür. Çünki iqtidara gələn hər bir məmur bu dövlətin, iqtidarın və millətin gələcəyini həll edəcək: "Lakin eyni qayda ilə gözləntilər tək hər addımda günahlandırdıqları iqtidardanmı gözlənilməlidir? Xeyr! Eyni qayda ilə artıq müxalifətdə olan "iqtidar"ı dəyişmək zamanı gəlib, İqtidar nazirləri istefaya göndərildiyi kimi, artıq əskimiş və yaşlanmış müxalifət "nazirləri" və "məmurları" da pensiyaya getməlidir.  Iqtidarda olan kadr dəyişikliyi müxalifətdə də öz əksini tapmalıdır".

Ramiyə Məmmədova bildirb ki, müxalifətdə də pensiya yaşına çatmış insanlar yetərincə öz yerlərini bərkidiblər və elə oturublar ki artıq onlara "get yerini cavan kadrlara ver" deyəndə lap Milli Məclisin deputatları kimi gah üzməkdən, gah oppanmaqdan danışırlar. Bunlar öz xoşuyla getməsə  onları da zorla göndərmək lazımdır. Iqtidara və millətə bu naftalin iyi verən, bircə fatihəsi əskik olan müxalif simalardan qurtulmaq vacibdi, yoxsa elə radikal müxalifət olan Əli Kərimli, Real olan Ilqar Məmmədov və ya artıq keçmişdə qalan Müsavat və digərləri Azərbaycanı geridə  qalmış üçüncü dövlətlər siyahısından çıxmağa imkan verməyəcəklər.  Bu müxalifətin yeni simaları, keçmişi təmiz və gözü kölgəli olmayan, dövlətçiliyin naminə iqtidarla çiyin-çiyinə savaşan, eyni zamanda iqtidarın dövlətçiliyi qorumaq lazım gəlındı arxalana biləcəyi və ona dəstək dura biləcəyi müxalifət lazimdi.  Adı müxalifət olan, lakin ondan əsər əlamət qalmayan müxalifətin olmağından olmamağı yaxşıdır. Müxalifət millətin gözü və deyən dilidir. Biz iqtidardan tələb etdiyimiz  islahatları, dəyişikliyi və sabitliyi elə müxalifətdən də tələb etməliyik. Onlar təcili və net dəyişməli və getməlidirlər".

Məhəmməd

Olaylar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31