“Prezidentin bu nitqi məmurlara mesajdır”

“Prezidentin bu nitqi məmurlara mesajdır”

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətin davamı olaraq ciddi kadr islahatlarına da start verilib. Əslində mövcud mənzərə deməyə əsas verir ki, ölkədə həm struktur, həm də kadr islahatları paralel şəkildə aparılır. Xüsusilə də bir sıra yaşlı məmurların istefaya göndərilməsi və mühüm dövlət qurumlarının mərkəzləşdirilmiş qaydada təsnifatlandırılması islahatların dərin mahiyyət daşıdığına şübhə yeri qoymur. Etiraf edilməlidir ki, dövlət başçısı tərəfindən yeni icra başçılarının təyin edilməsi ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanıb. Millət vəkili Azər Badamov hesab edir ki, prezident İlham Əliyev tərəfindən həyata keçirilən kadr və struktur islahatları tədqirəlayiqdir: "Prezident İlham Əliyev iki rayona yeni icra başçısı təyin etdi. Və onları qəbul edib, tapşırıqlarını verdi. Prezident məmurlara korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalı olduğunu bildirdi. Qeyd etdi ki,  siz vətəndaşlarla daim ünsiyyət əsnasında rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlisiniz: "Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır". Prezidentin son çıxışında səsləndirdiyi rüşvətxorluq və korrupsiya qarşı mübarizə məsələsinə münasibət bildirən millət vəkili Azər Badamov deyib ki, Prezidentin bu nitqi bütün məmurlara ötürülən bir mesajdır: "Cənab Prezidentin iki rayonun icra başçısını şəxsən qəbul edib, onlara tapşırıqlarını verməsi təkcə iki icra başçısına yox, bütün məmurlara verilən tapşırıq idi. Dövlət başçısı qeyd etdi ki, bütün kəndləri gəzməlisiniz, insanların yanında olmalısınız, onlara xidmət etməlisiniz, regionların sosial-iqtisadi vəziyyətinin yüksəltməlisiniz. Bu tapşırıq imkan verir ki, Azərbaycan dövlət olaraq vətəndaşının sosial rifahının yüksəldilməsi üçün əvəzssiz rol oynayacaq. Birbaşa məmurlara ötürülən bu mesadan hər kəs özü üçün nəsə götürəcək. Məmur-vətəndaş münasibətlərində daha səmimi, şəffaf ünsiyyətin qurulmasının lazımlı olması ilə yanaşı, rüşvətxorluq-korrupsiya ilə mübarizə aparmaq çox ciddi diqqət yetirilməli məqamdır".

Zəka

Olaylar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31