Cəmil Həsənlinin erməni lobbisinin fikirlərindən fərqlənməyən mövqeyi- MÜNASİBƏT

Cəmil Həsənlinin erməni lobbisinin fikirlərindən fərqlənməyən mövqeyi-MÜNASİBƏT

"Hər ikisi saxta ittiham və qərəzli açıqlamalarla ölkəmizin durmadan artan nüfuzuna zərbə vurmağa çalışır"

Radikal siyasi düşərgənin bir qayda olaraq Azərbaycanın milli maraqlarına, dövlətçilik əleyhinə fəaliyyət göstərdiyi zaman-zaman baş verən bu və ya digər hadisələrlə öz təsdiqini tapıb. Fəaliyyətinin erməni lobbisi ilə eynilik təşkil etdiyi radikal siyasi düşərgənin ayrı-ayrı nümayəndələrinin açıqlamaları, dövlətçilik əleyhinə ortaya qoyduqları mövqe, Azərbaycanın beynəlxalq imicinə, nüfuzuna xələl gətirmək kimi hərəkətlərə artıq müntəzəm olaraq rast gəlirik. İndi vəziyyət elə bir hal alıb ki, hər addımda, hər imkanda erməni lobbisinin maraqlarına xidmət edən daxildəki radikal siyasi qüvvələr, ayrı-ayrı şəxslər Azərbaycan dövlətçiliyini hədəf almaqdan çəkinmirlər. Hətta əllərinə fürsət düşdükdə, beynəlxalq tədbirlərə dəvət aldıqda belə bu tribunadan Azərbaycanın üzləşdiyi problemləri, Ermənistanın Azərbaycan ərazisinə müdaxiləsi, torpaqlarımızın 20 faizini işğala məruz qoymalarını səsləndirməkdən, bir milyona yaxın qaçqın və məcburi köçkünümüzün pozulmuş hüquqlarını tələb etməkdənsə, həmin təşkilat və qurumların, onların iştirakçı dövlətlərinin diqqətini Azərbaycanın daxilinə yönəltməyə çalışır, öz yalan, qərəz dolu fikirləri ilə ölkəmizin nüfuzuna, imicinə xələl gətirirlər. Əgər dünənə qədər erməni lobbisinin maliyyəsi əsasında onların maraqlarına xidmət edənlər sırasında Leyla Yunus, Arif Yunus, eləcə də AXCP sədri Əli Kərimlinin adı hallandırılırdısa, indi artıq Cəmil Həsənli də yaşının bu vaxtında erməni dəyirmanına su tökməyə başlayıb. Hər halda onun bu günlərdə okeanın o tayına səfər etməsi və oradakı görüşlər, etdiyi çıxışlarda yalnız Azərbaycan hakimiyyətini qərəzli olaraq tənqid etməsi, Qarabağın ermənilər tərəfindən işğalı barədə bir söz belə işlətməməsi deyilənləri təsdiqləyir. Təsadüfi deyil ki, əksər siyasilər, ekspertlər də məhz bu qənaətdədirlər.

Millət vəkili Sahib Alıyevin sözlərinə görə,  "Milli" Şuranın "sədr"i Cəmil Həsənli Vaşinqtonda mətbuat konfransı kecirəcəyinin anonsunu verəndə bəlkə də kimlərsə fikirləşdi ki, yəqin o, Dağlıq Qarabağdakı qanunsuz rejimin təmsilçisinin Birləşmiş Ştatlar Konqresində olmasından narahatdır. Ona görə özünün də orada olmasından faydalanıb işğal, terror və entik təmizləmə nəticəsində yaradılmış qanunsuz rejimin təmsilçisinin Konqresinin binasına buraxılmasının beynəlxalq normalarla yanaşı Amerika qanunlarına da sayğısızılıq olduğunu bildirəcək: "Ən azından bir necə il öncə Prezident seçkisinə qatılmış, Azərbaycana rəhbərlik iddiasını ortaya qoymuş biri kimi o bunu etməliydi. Amma Cəmil Həsənli hara, Qarabağ dərdi hara. Və bir də əgər o hayların marağına cavab verməyən hansısa bir addım atsa, özü və mitinqdaşları aldıqları qrantın əhəmiyyətli bir hissəsindən vaz keçməlidirlər axı". Millət vəkili qeyd edib ki, nə Cəmil Həsənlini, nə də onunla bir Şurada olanları Qarabağ problemi maraqlandırmayıb və bundan sonra da maraqlandırmayacaq: "Cəmil Həsənli Vaşinqtonda ola-ola çınqırını çıxarmasa da, Amerikanın şeşidli yerlərindən onlarla soydaşımız həmən gün Konqresin qarşısına yığışaraq Dağlıq Qarabağın qanunsuz rejiminin təmsilçisinin orada olmasına etirazlarını bildirdilər. Çünki Cəmil Həsənli və "Milli" Şuradakı mitinqdaşlarının hədəfi qrant, onlarınkı isə ölkənin torpaq bütünlüyü, güclü və qüdrətli Azərbaycandır".

Digər millət vəkili Aydın Hüseynov isə bildirib ki, "Milli Şura" adlı qurumun rəhbəri Cəmil Həsənlinin bu günlərdə Birləşmiş Ştatlarda keçirdiyi görüşdə çıxışı onun Azərbaycanın əleyhinə çalışan erməni lobbisinin fikirlərindən əsla fərqlənmir. Onun sözlərinə görə, çünki hər ikisi saxta ittiham və qərəzli açıqlamalarla ölkəmizin durmadan artan nüfuzuna zərbə vurmağa çalışır: "Azərbaycana qarşı sanksiyalar tətbiq olunmasına can atır. Vaşinqtonda Milli Mətbuat Fondunun toplantısında Cəmil Həsənlinin fikri erməni lobbisinin təsirində olduğu şübhə doğurmayan "Amnesty İnternational"ın nümayəndəsi Balsonun sözləri ilə eynidir. Hər ikisi Azərbaycanda media azadlığının olmadığını iddia edir, qanunsuz yerlərdə keçirilən aksiya cəhdlərinin qarşısının polis tərəfindən alınmasını zorakılıq kimi qələmə verir. Bununla da radikal qüvvələrin xalqa və dövlətə olan düşmən münasibəti bir daha özünü qabarıq şəkildə göstərir". Aydın Hüseynovun sözlərinə görə,  xarici və daxili düşmənlərimiz unudur ki, Azərbaycanın beynəlxalq aləmdə sivil bir ölkə kimi inkişafı durmadan artır və bu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31