Ermənistanın beynəlxalq hüquqdan danışmağa haqqı yoxdur- RƏYLƏR

Ermənistanın beynəlxalq hüquqdan danışmağa haqqı yoxdur-RƏYLƏR

İlham Məmmədov: "Beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq münasibətlərdə sivil davranışa hörmətsiz yanaşan dövlət məhz Ermənistan özüdür"

Xarici siyasətdə diplomatik uğursuzluğa düçar olmuş Ermənistan dövləti dünyada baş verən siyasi prosesləri analiz edib düzgün nəticə çıxarmaq əvəzinə, beynəlxalq təşkilatları və dünya dövlətlərini ittiham etmək yolu tutub. İşğalçı dövlət hətta ittihamlarında  siyasi etik qaydalarına da riayət etmək fikrində olmadığını nümayiş etdirib. Belə ki, Qoşulmama Hərəkatının Zirvə Görüşünün Yekun sənədi ilə bağlı Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatında üzv dövlətlər  məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə "ittiham"  olunub. Hansı ki, beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də Qoşulmama Hərəkatının təməl  prinsiplərini kobudcasına pozaraq Azərbaycana qarşı qanunsuz zor tətbiq edən və ölkənin ərazi bütövlüyünü pozan, hazırda Azərbaycanın ərazilərinin beşdə birini hərbi işğal altında saxlayaraq bu ərazilərin yerli azərbaycanlı əhalisinə qarşı qanlı etnik təmizləmə həyata keçirən, mülki əhaliyə qarşı Xocalı soyqırımı kimi qətliamı törədən və hazırda öz destruktiv mövqeyi və anneksiya siyasəti ilə münaqişənin danışıqlar yolu ilə həllinə maneə törədən Ermənistanın nə beynəlxalq hüquqdan, nə də sülh prosesi öhdəçiliyindən danışmağa haqqı var. Bu gün beynəlxalq ictimaiyyətin tanıdığı və həllini tələb etdiyi bir həqiqət var; o da Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması tələbindən ibarətdir. Bunu görmək istəməyən yeganə ölkə isə elə işğalçı ölkə Ermənistandır.

***

Milli Məclisin deputatı İlham Məmmədov deyib ki, 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının Prezident İlham Əliyevin Sədrliyi ilə Zirvə Görüşünün Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik nailiyyətidir. Bu, beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin qlobal miqyasda nüfuzunun ifadəsidir.  İ.Məmmədov  bildirib ki, iki gün ərzində beynəlxalq münasibətlər sistemində ən önəmli hadisə olan Zirvə Görüşündə beynəlxalq siyasi, iqtisadi, sosial gündəliyə aid vacib məsələlər müzakirə edildi, ölkəmiz dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində oldu. Onun sözlərinə görə, Qoşulmama Hərəkatının Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın müstəqillik tarixində ən böyük siyasi tədbir idi. "Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə söylədiyi nitqdə Ermənistanın əzəli Azərbaycan ərazilərini işğal etməsi və həyata keçirdiyi etnik təmizləmə siyasəti haqqında dünya ictimaiyyətini bir daha məlumatlandırdı. Həmçinin ölkəmizin siyasi, iqtisadi, sosial, humanitar, idman və digər sahələrdə qazandığı uğurlar barədə ətraflı məlumat verdi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatında sədrlik dövrü üçün ölkəmizin əsas prioritetlərini də açıqladı və qeyd etdi ki, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Zirvə Görüşü Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini daha da gücləndirdi. Toplantıda Ermənistan 120 dövlət tərəfindən işğalçı ölkə kimi tanındı, Azərbaycanın ərazi bütövlüyünə ciddi dəstək ifadə edildi. Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüfləndiklərini bildirdilər və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyini qeyd etdilər. Bütün bunlar ölkəmizin böyük uğurudur". Millət vəkili qeyd edib ki, Qoşulmama Hərəkatının Zirvə Görüşünün Yekun sənədi ilə bağlı Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatı uğursuz erməni xarici siyasətinin acizliyinin və çarəsizliyinin növbəti göstəricisidir: "Uğursuz və təcrid vəziyyətinə düşən Ermənistan Qoşulmama Hərəkatının üzv dövlətlərini məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə "ittiham" edir. Ermənistanın Qoşulmama Hərəkatının üzv dövlətlərinə qarşı bu kimi qeyri-etik və qeyri-diplomatik ifadələrdən istifadə etməsi Ermənistanın çarəsizliyinin və təlaş içərisində olmasının göstəricisidir. Beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq münasibətlərdə sivil davranışa hörmətsiz və məsuliyyətsiz yanaşan dövlət məhz Ermənistan özüdür".

***

Millət vəkili Pərvin Kərimzadə qeyd edib ki,  bu gün Azərbaycan ölkə Prezidenti İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində güclü dayaqlara malik və milli maraqları qətiyyətlə qoruyan dövlətə çevrilib. Cənubi Qafqaz coğrafiyasının bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyan Azərbaycanın güclü potensialına əsaslanan və qlobal miqyasda meydana çıxan yeni çağırışlarla uzlaşan nümunəvi inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu Prezident İlham Əliyev müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirməsi nəticəsində Azərbaycanın istər daxili, istərsə də xarici arenada strateji uğurları durmadan artır. P.Kərimzadə bildirib ki, son 1 ay isə Azərbaycanın xarici siyasətində baş verən hadisələr yeni mərhələnin başlanğıcı oldu. Onun sözlərinə görə, bu ilin oktyabr ayının 3-də Rusiya Prezidenti və dörd ölkə liderinin iştirakı ilə baş tutan "Valday" Beynəlxalq Diskussiya Klubunun Asiya problemlərinə həsr olunan əsas plenar iclası prezident İlham Əliyevin səsləndirdiyi bəyanatla yadda qaldı. Dağlıq Qarabağ münaqişəsinə toxunan Azərbaycan prezidenti Ermənistanın Baş naziri Nikol Paşinyanın işğal altındakı Xankəndində söylədiyi "Qarabağ Ermənistandır və nöqtə" sayıqlamasına kəsərli cavab verərək, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyini bir daha bəyan etdi: Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi". "Valday" Beynəlxalq Diskussiya Klubunun yaradıcılarından biri Fyodr Lukyanovun qeyd etdiyi kimi, Prezident İlham Əliyevin "Valday" forumunda Qarabağla bağlı bəyanatı Paşinyanın məlum bəyanatına qaçılmaz cavab idi. Oktyabrın 11-də Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında bir daha öz qətiyyətli mövqeyini nümayiş etdirdi. İşğalçı Ermənistanda hökm sürən faşizm ideologiyasına söykənən terrorçuluğu bir daha ifşa edən Prezident İlham Əliyev İkinci Dünya müharibəsində faşizmə xidmət etmiş Qaregin Njdeyə Yerevanda heykəlin qoyulması erməni siyasi hakimiyyətinin kökündə terrorçuluğun durduğunun bariz nümunəsi olduğunu gündəmə gətirdi. Prezident İlham Əliyev həm də faktlarla Ermənistan siyasi rəhbərliyinin faşizm ideologiyasını ifşa etdi, Ermənistanın apardığı işğalçı siyasətin faşizmə olan sevgisini dünya ictimaiyyətinə çatdırdı. Həmçinin faşizm ideologiyası ilə silahlanmış Ermənistanın təkcə Azərbaycan üçün deyil, digər postsovet ölkələri üçün də təhlükəli olduğunu diqqətə çatdırdı.Qoşulmama Hərəkatına sədrliyin ölkəmizə həvalə olunması qlobal miqyasda artan nüfuzun göstəricisi, Prezident İlham Əliyevin son 16 ildə nümayiş etdirdiyi prinsipial, çevik və qətiyyətli siyasətin təntənəsi, uğurlu xarici diplomatiyanın bəhrəsi oldu. Bu bir daha təsdiq edir ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə eyni platformada yer alır. Prezident İlham Əliyevin XVIII Zirvə görüşündəki çıxışında dünya birliyini ədalətə, sülhə çağırması, Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək üçün ikili standartlara son qoyulmasının vacibliyini qəti şəkildə vurğulaması, ölkəmizin uğurlarını səsləndirməsi Azərbaycanın bəşəri ideyalara sadiqliyini bir daha ifadə etdi".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31