Amerikanın Türkiyəyə qarşı növbəti qərəzi- MÖVQE
Amerikanın Türkiyəyə qarşı növbəti qərəzi-MÖVQE
1 Noyabr 2019 13:32 SiyasətVaşinqton Ankara ilə münasibətləri bir ovuc erməni avantüristlərinin məkrli niyyətlərinə qurban verməməlidir
Türkiyənin artan nüfuzu, qüdrətli dövlətə çevrilməsi, bir sıra regional məsələlərdə söz sahibi rolunu oynaması bir qayda olaraq dünyanın güc mərkəzlərini narahat edir, bu narahatçılıqdan dolayı zaman-zaman qardaş ölkəyə qarşı qərəzli yanaşmalar, absurd ittihamlar irəli sürülür. Əsasən də Türkiyə Yaxın Şərq regionunda öz gücünü nümayiş etdirəndə, regionda onun da varlığını sübut edəndə Ankaraya qarşı beynəlxalq təzyiqlər artır. Bir qayda olaraq isə Türkiyəyə qarşı təzyiqlər qondarma erməni soyqırımı məsələsi gündəmə gətirilməklə özünü büruzə verir. Necə ki, bu günlərdə qardaş ölkənin Suriyada uğurlu antiterror əməliyyatları həyata keçirməsi və ona olan qərəzli yanaşma fonunda biz bunu gördük. Suriyada başladığı uğurlu hərbi əməliyyatı okeanın o tayından "dayandırın" mesajından sonra da davam etdirməsi, yenidən erməni kartının işə düşməsinə səbəb oldu və Amerika Konqresinin aşağı nümayəndələr palası qondarma erməni soyqırımını formal olaraq tanıyan qətnamə qəbul etdi.
Okeanın o tayında Türkiyəyə təzyiq vasitəsi kimi qəbul edilən məlum qətnamə hər nə qədər Ankarada məyusluq yaratsa da, lakin prinsipial məsələlərdə bütün təzyiq və təpkilərə sinə gəlmək gücündə olan Türkiyə göründüyü kimi bu dəfə də Qərbin, Birləşmiş Ştatların ədalətsiz yanaşması qarşısında geri çəkilmək niyyətində deyil.
Okeanın o tayında Türkiyə barədə çıxarılan qərəzli qərar Azərbaycan cəmiyyətində də ciddi etiraza səbəb olub və birmənalı olaraq Vaşinqtonun təzyiq siyasəti pislənilib. İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay deyib ki, Vaşinqtonun bu addımı Türkiyəyə qarşı qərəz və riyakarlığı açıq göstərir: "ABŞ Konqresinin aşağı-nümayəndələr palatası qondarma 1915-ci il, "erməni soyqırımı" formal olaraq tanınması barədə qətnamə qəbul edib. Ekspertlər şərh edir ki, bu addım ciddi fəsadlar doğura bilsə də, Senat və Prezidentin qətnamə sənədini təsdiq etmədiyindən ABŞ hökuməti və Dövlət Departamenti, diplomatların mövqeinə təsir edə bilməyəcək. Yəni ki, bu "tanıma" daha çox, sadə simvolik, mənəvi xarakter daşıyacaq. Sənədin qəbulunda əsas rolu olan demokratlar çoxluğunun lideri Sten Hoyer bildirib ki, sənəd yalnız tarixi əhəmiyyət daşıyır, diplomatik deyil, Türkiyəyə qarşı deyil, Osmanlı imperiyasınsakı hadisələrə qarşıdır. Və o sonda isə riyakarlıqla parlament tribunasından açıqca bəyan edib ki, qətnamə erməni və kürd qardaşlarımız üçün bir siqnaldır. ABŞ onları heç vaxt tək buraxmaz". İlqar Altay bildirib ki, "soyqırım" tanınması qətnaməsi yanvar ayında nümayəndələr Palatasına çıxarılmışdı: "Lakin bu günə kimi baxılmırdı. Məhz indi, Türkiyənin Suriyada terror qruplaşmalarına qarşı əməliyyatı zamanı qəbul edildi. Kürd-erməni təəəssübü fonunda. Konqresin Türkiyəyə düşmənçilik mövqeyi aydın görünür. Türkiyənun Xarici İşlər Nazirliyi ABŞ konqresi nümayəndələr palatasının bu addımına kəskin reaksiya verib və "soyqırım" tanıma qərarını da biabırçı adlandırıb. Mənim zənnimcə isə, bu addım Konqresin adı ilə olsa da, ABŞ-ın Türkiyəyə qarşı ümumi təsir və təzyiq planının ilk fraqmentidir. Yəni "soyqırım"ın tanınmasının özülü, fundamentidir.. Bunun da arxasınca yəqin, Türkiyəyə qarşı B planı, ciddi sanksiyalar başlana bilər. Və bütün bu gedişin əsas səbəbi, üzdə nə göstərilsə də, Türkiyənin Rusiya ilə son dövr, sıx-dərin yaxınlaşmasıdır. Müşahidəm onu göstərir ki ABŞ Azərbaycana qarşı da təsir-təzyiq sanksiyaları kampaniyasına hazırlaşır. Onu anlayaq ki hökumətə qarşı sanksiyalar adı ilə təsir və təzyiqlər ümumi Azərbaycana qarşı tətbiq edilir və bundan ilk növbədə hökumət və məmurlar deyil, bütün Azərbaycan: xalqımız və dövlətimiz zərbə alır. Xalq isə o demək deyil ki, siyasətini yerli-dibli siyasətçilərə tapşırmalıdır".
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov isə deyib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının oktaybrın 30-da qəbul etdiyi uydurma "erməni soyqırımını" tanıyan qətnamə qəbul etməsi və bu da azmış kimi üstəlik də ermənpərəst Konqresə erməni separatçılarının "xarici işlər naziri"nin də dəvət olunması faktını dərin təəssüf hissi yaradır: "ABŞ Konqresi Türk Dünyasının bu iki əsas aparıcı ölkəsinə - həm Türkiyə, həm də Azərbaycanla qarşı bu cür ədalətsiz və beynəlxalq hüquqa zidd davranışa imza atmamalıydı. Konqresin bu cür qərəzli addımının münasibətlərimizə çox ciddi şəkildə zərər vuracağı gün kimi aydındır. "Demokratiyanın bayraqdarı", dünyada "ədalətin keşikçisi" kimi tanınan Amerika Birləşmiş Ştatlarının qanunverici orqanının işğalçı Ermənistanın yanında yer alması və erməni yalanlarına, "soyqırım" miflərinə mənəvi və siyasi dəstək nümayiş etdirməsi əslində ABŞ "demokratiya"sının gerçək üzünü, daha doğrusu, üzsüzlüyünü ortaya qoydu. Biz Demokratik Dünyası Partiyası (DADP) olaraq Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin saxta "təmsilçi"si Masis Mayilyanın ABŞ-a dəvət olunmasına və onun sözügedən uydurma "soyqırım" qətnamə layihəsinin Konqres tərəfindən təşkil edilmiş müzakirəsində iştirakının təmin edilməsinə qəti şəkildə etirazımızı bildiririk! Separatçı-terrorçu rejimin "təmsilçi"sinin ABŞ-a hansı kanallarla dəvət olunmasından və bu dəvətin motivinin nə olmasından asılı olmayaraq bu hadisə ABŞ və Azərbaycanın dostluq və müttəfiqlik münasibətlərinə xələl gətirir. Dost və müttəfiq hesab etdiyimiz bir ölkənin parlamentarilərinin Azərbaycan və Türkiyəyə qarşı bu cür davranışı "ikili standartlar" siyasətinin bariz nümunəsidir". Partiya sədri hesab edir ki, ABŞ konqresmenlərinin bu cür məsuliyyətsiz addımı onların erməni yalanlarına uymasının və erməni lobbisinin şirnikləndirmələrinin nəticəsidir: "Biz hesab edirik ki, Ağ Ev administrasiyası və ABŞ Senatı konqresmenlərin bu biabırçı addımının qarşısını almalıdır. Vaşinqton Türkiyə və Azərbaycan kimi vacib tərəfdaşları ilə münasibətləri bir ovuc erməni avantüristlərinin məkrli niyyətlərinə qurban verməməlidir".
Füzuli
Olaylar.az