Türkiyəni heç nə ilə şantaj etmək mümkün deyil- MÜNASİBƏT
Türkiyəni heç nə ilə şantaj etmək mümkün deyil-MÜNASİBƏT
1 Noyabr 2019 13:11 SiyasətƏdalətdən dəm vuran ABŞ Xocalı soyqırımını niyə tanımır?
Oktyabrın 30-da ABŞ Konqresinin Nümayəndələr Palatası Osmanlı İmperiyasında 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan 296 saylı qətnamə qəbul edib. Konqresdə bu məsələ ilə bağlı müzakirələr ərəfəsində Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıc qətnamənin Türkiyə ilə Birləşmiş Ştatlar arasında siyasi münasibətlərə xələl gətirəcəyi barədə xəbərdarlıq edib. Maraqlıdır, qətnamənin qəbul edilməsinin səbəbləri nədir və bu hansı nəticələrə səbəb ola bilər? Həmçinin qondarma erməni soyqırımından fərqli olaraq, törədilməsi faktlara əsaslanan Xocalı soyqırımı ABŞ Konqresində niyə tanınmır? Deputat Asim Mollazadə deyir ki, ABŞ Konqresi tarixçilərin məsələsini siyasiləşdirərək əslində çox səhv addım atıb: "ABŞ-Türkiyə münasibətlərinin pozulmağını çox mənfi qiymətləndirirəm. İki müttəfiq ölkənin münasibətlərində belə bir problemin yaranmağı və sonda "erməni soyqrımı"nın qəbul edilməsi qeyri-düzgün bir qərardır. Bunun bizim tərəf üçün təbii ki, mənfi təsiri çox olacaq. Soyqırımla bağlı qərar şantaj xarakteri daşıyır. Bununla yanaşı onu da demək istəyirəm ki, artıq Türkiyəni heç nə ilə şantaj edə bilməyəcəklər. Qərarın qəbul edilməsi Amerika tərəfinə daha mənfi təsir edəcək, nəinki Türkiyəyə. Qərar ABŞ Konqresində qəbul edildiyi üçün çalışmaq lazımdır ki, Xocalı soyqırımının tanıdılması üçün də işlər getsin". Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qeyd edib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma "erməni soyqırımı" ilə bağlı qərarı qeyri-obyektiv və ikili standartlarla müşahidə olunan qərar kimi qiymətləndirilməlidir: "Azərbaycan həmişə Türkiyənin yanındadır. Siyasiləşmiş qərarların qəbul edilməsi regionda vəziyyəti daha da gərginləşdirməyə xidimət edir. Qondarma "erməni soyqırımı" barədə qərar layihəsini Nümayəndələr Palatasına təqdim edənlər və dəstəkləyənlər "Dağlıq Qarabağın xarici işlər naziri" ilə Konqresdə görüşlər keçirib, dinləmələr təşkil edənlərdir. Bu məsələlər bir-biri ilə bağlıdır. Bütün bunlar həm Türkiyə, həm də Azərbaycana ciddi təsir göstərən məsələlərdir. Konqresdə "Artsax" adı altında dinləmələrin təşkil edilməsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi nüfuzuna ciddi mənfi təsir göstərir. ABŞ Azərbaycanla münasibətlərdə obyektiv tərəf kimi özünü göstərib. Konqres tərəfindən belə addımların atılması ABŞ-ın regiondakı maraqlarına ziddir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi Nümaynədələr Palatasında qəbul edilən qərarı pisləyirəm. Düşünürəm ki, bu, erməni lobbisinin Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurmaq cəhddidir. Həmin dinləmələrə gələn də yox idi, 10-15 nəfər iştirak edib. Konqresdə "Artsax" adı altında dinləmələrdə iştirak edənlər də Nümayəndələr Palatasına qondarma "soyqırımı" barədə layihə təqdim edənlərdir".
Deputat Elman Məmmədov deyir ki, tarixi oxuyan hər kəs, istər amerikalı istər rusiyalı, istərsə də almaniyalı bilir ki, "erməni soyqırımı" deyə bir anlayış yoxdur: "Ermənilər Türkiyə, Cənubi Qafqaz, hətta Orta Asiyada belə soyqırımlar törədiblər. Türkiyə Cümhuriyyətinin prezidenti dəfələrlə bəyan edir ki, bizim arxivdə bununla bağlı milyonlarla sənəd var. Əgər erməninin də sənədi varsa çıxarıb ortalığa qoysun. Fakt odur ki, soyqırım müsəlmanlara, türklərə, kürdlərə qarşı törədilib. Xocalı soyqırımında həlak olan azərbaycanlılara aid şəkilləri belə ermənilər guya ki, öz xalqlarına qarşı törədilən cinayət kimi təqdim etdilər. Yəni burdan görünür ki, onlar necə saxtakardır. Son 30-40 ilə nəzər salsaq görərik ki, nə vaxt ki, Amerika, eləcə də dünyanın başqa ölkələri Türkiyədən nəyisə almaq istədikləri zaman bu soyqırım məsələsini gündəmə gətiriblər. Bu gün də elədir. Türkiyə öz sərhədini, vətəndaşının təhlükəsizliyini qorumaq üçün hərbi əməliyyatlar keçirib uğur qazanan kimi ABŞ tərəfi bunu həzm edə bilmədi. Eyni zamanda, Amerika Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşmasını qəbul edə bilmir. ABŞ ondan da narahatdır ki, Türkiyə, Azərbaycan, Çin və Orta Asiya dövlətlərinin güclü iqtisadi-siyasi birliyi yaranır. Amerikayadək bu soyqırımı bəzi ölkələr qəbul edib, lakin baxaq görək bunun Türkiyəyə hansı mənfi təsiri oldu. Təbi ki, heç nə. İndi də itirən tərəf ABŞ olacaq. Amerikanın 14 ştatı Xocalı soyqırımını tanıdığı kimi ABŞ Konqresi də tanımalıdır. Çünki bu gün həmin soyqırımın mənim kimi minlərlə şahidi var. Lakin gəlin baxaq görək, 1915-ci ildə guya ki, yaşanan "erməni soyqırımı"nın kimdir şahidi və ya hər hansı sübutu varmı? ABŞ əgər ədalətdən danışırsa, Xocalı soyqırımını tanısın, qondarma soyqırımı yox".
Zəka
Olaylar.az