Amerikalı professor erməni naziri çətin vəziyyətə saldı
31 Oktyabr 2019 15:53 SiyasətOktyabrın 29-da "Con Batçelor Şou" radiosunun "BBC Hard Talk" proqramında Ermənistan Xarici işlər naziri Zöhrab Mnatsakanyanın müsahibəsi yayınlanıb.
Müsahibə ətrafında ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer ilə müzakirələr aparılıb.
Qeyd olunan verilişdə aparıcı Stefen Sakur (Stephen Sackur) Z. Mnatsakanyandan Ermənistan Baş Naziri Nikol Paşinyanın "Dağlıq Qarabağ Ermənistandır" fikrinə münasibətini soruşub. Qeyd edək ki, belə bir bəyanatla Paşinyan avqust ayında çıxış etmişdi. Müsahib sualdan yayınıb, söhbətin istiqamətini dəyişməyə çalışıb. C.Batçelor bu barədə B.Şafferin fikirlərini öyrənməyə çalışıb. Şaffer isə Paşinyanın mövqeyinə aydınlıq gətirməyə çalışıb. Bildirib ki, baş nazirin səsləndirdiyi fikirlər əslində 1990-cı illərin əvvəllərində, münaqişənin qızğın vaxtlarında Ermənistan tərəfinin Dağlıq Qarabağla birləşməyə dair iddialarını əks etdirir.
B.Şaffer Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərdə "yerli qüvvələr" adı altında öz qoşunlarını yerləşdirdiyini, burada qanunsuz rejim yaratdığını və dünya ictimaiyyətinin fikirlərini yanlış istiqamətə yönəltməyə cəhd etdiyini qeyd edib. Lakin, əslində bu ölkənin Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində torpaqlarını işğal etdiyini, doqquz yüz mindən çox insanın öz doğma torpaqlarından didərgin düşdüyünü qeyd edib. O, bildirib ki, Ermənistanın bu faktları tamamilə dandığı belə bir şəraitdə isə bu ölkə ilə danışıqlar aparmaq olduqca çətindir.
C.Batçelor BBC jurnalistinin beynəlxalq və regional təşkilatların hüquqi sənədlərini istinad gətirdiyini vurğulayıb. Z. Mnatsakanyanın "Ermənistan Dağlıq Qarabağı işğal etməyib, burada yaşayan əhalinin təhlükəsizliyinə nəzarət edir" fikri təəccüblə qarşılanıb.
Professor Şaffer Ermənistanın bu faktları danmaqla yanaşı, həmçinin işğal olunmuş ərazilərdə digər ölkələrdən erməni əsilli əhalini burada məskunlaşdırmaq siyasəti yeritdiyini, qanunsuz şəkildə bu ərazidə turizm və digər layihələri təbliğ etdiyini vurğulayıb.
C.Batçelor Moskvanın Ermənistanı silah, hərbi qüvvələr, bu qüvvələr üçün təlimlər və s. ilə təmin etdiyini xatırladıb. B.Şaffer Rusiyanın nəinki Ermənistanın hərbi qüvvələrinə, onun iqtisadiyyatına, qaz, enerji, nəqliyyat və digər infrastruktur sahələrinə də nəzarət etdiyini qeyd edib. O, xarici işlər nazirinin "Ermənistanda demokratiya inqilabı baş verib, islahatlar gedir" fikrinə də cavab verib. Qeyd edib ki, Ermənistan Rusiyanın ölkə üzərindəki nəzarətini yox etmədən, tam şəkildə bazar iqtisadiyyatına keçə bilməyəcək, buradakı islahatlar nəticəsiz olacaq.