Deputat : “Mən Azərbaycanda belə bir tədbirin keçirilməsini qınayıram”
Deputat : “Mən Azərbaycanda belə bir tədbirin keçirilməsini qınayıram”
31 Oktyabr 2019 15:23 Siyasət"Yevgeni Primakov Rusiyanın dövlət adamı idi. Yəhudi əsilli olsa da, onun Rusiyada müəyyən qədər nüfuzu var, onunla bağlı hansısa tədbirin keçirilməsi, sərginin olması bizim işimiz deyil. Söhbət onunla bağlı tədbirin Azərbaycanda keçirilməsindən gedir, bu isə heç də doğru deyil. Mən Azərbaycanda belə bir tədbirin keçirilməsini qınayıram, çünki bu belə olmamalıdı, hər zaman bir tədbir keçirəndə Primakovun Azərbaycan xalqına, Azərbaycan xalqının Primakova münasibəti ortada olmalıdı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tahir Kərimlinin sözlərinə görə, bu münasibətlər qarşılıqlı mənfi olub: "O, SSRİ Nazirlər kabinetinin sədri idi, açıqca ermənipərəst mövqeyini etiraf elədi. Yeri gəlmişkən, o, Ermənistanın milli qəhrəmanıdır. O müsahibəsində "Qorbaçov məndən sonuncu dəfə soruşdu, Azərbaycanda nə etmək lazımdır, mən birbaşa dedim ki, hərəkətə keçmək lazımdı. Tapşırığı verdim və 20 yanvar qırğını törədildi" deyib. O, bununla özünün və Qorbaçovun qatil olmasını gizləmir. Düzdü, Yevgeni Primakov bunu diliylə demir, amma biz bilirik ki, o zaman Azərbaycandakı hadisələrə siyasi cəhətdən o məsuliyyət daşıyırdı, hərbi cəhətdən isə Yazov məsuliyyət daşıyırdı. 20 yanvar bizim dirçəlişimizə təsir etsə də, SSRİ-nin dağılmasını sürətləndirsə də, eyni zamanda xalqımıza qarşı böyük qətliam idi. Bakı Slavyan Universitetində Primakova belə bir tədbir keçirilməsini qınayıram. Mən bununla bağlı dinməyə bilərdim, amma Dövlətimin və millətimin mənafeyi məcbur edir ki, danışım, etirazımı bildirim".