Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlətin diqqət mərkəzindədir
Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara diqqət dövlət başçısının həyata keçirdiyi siyasi kursun tərkib hissəsidir
6 Fevral 2019 13:28 SiyasətXüsusi qayğıya ehtiyacı olan vətəndaşlara diqqət dövlət başçısının həyata keçirdiyi siyasi kursun tərkib hissəsidir
Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlilərinə dövlət tərəfindən daim böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bundan başqa, müharibə əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı nümunəvi xarakter daşıyır. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır. Bu siyasət davamlı xarakter daşıyır. Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır. Millət vəkili Eldəniz Səlimov bildirib ki, ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşü çox tarixi, çox təsirli bir hadisə, bir görüşdür. İllər keçsə də, o görüşü, o hadisəni elə bilirəm ki, unutmaq mümkün olmayacaq: "Bu, bir daha Azərbaycan dövlətinin, ölkə prezidenti və onun ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın şəhidlərimzə, şəhid ailələrinə, müharibə əlillərinə nə qədər həssaslıqla, nə qədər şəfqətlə, nə qədər böyük qayğı və diqqətlə yanaşmasının əyani göstəricisi idi. Şəhid ailələrinin nümayəndələrinə dərin hörmətini ifadə edən ölkə prezident İlham şəhidlərimizə Allahdan rəhmət diləməklə yanaşı, onların torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini dedi. Eyni zamanda, rezident şəhid anasının ayağa qalxmasına izin vermədi, özü onun yanına getdi və bir daha şəhidlərimizin və onların ailələrinin bizim üçün nə qədər dəyərli olduğunu nümayiş etdirdi. Milli birliyimizi də, torpaqlarımızın azad olunmasını da, vətənimizin bölünməzliyini də təmin edəcək mənəviyyat budur. Ali Baş Komandanımız bir daha qətiyyətlə bəyan etdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq". Onun sözlərinə görə, doğrudan da ötən illər ərzində həyata keçirilən müstəqil siyasət güclü iqtisadiyyatımızın yaranmasına, beynəlxalq münasibətlər sistemində ölkəmizin yerinin və rolunun möhkəmlənməsinə gətirib çıxarıb ki, bunlar da ərazi bütövlüyümüzün bərpa olunması üçün real geostrateji şərtlər formalaşdırıb: "Əlbəttə, buna nail olmaq, ənənəvi geosiyasi balansı ölkəmizin lehinə dəyişmək hazırkı beynəlxalq şərtlər daxilində olduqca çətin bir işdir, ancaq Azərbaycan buna nail olmağı bacarıb. Ümumiyyətlə, prezident İlham Əliyevin diqqəti daim şəhid ailələrinin, müharibə veteranlarının və onların ailələrinin üzərində olub. Hər şeydən öncə məhz xalqımızın qürur yeri olan bu ailələrin problemlərinin həlli əsas sosial prioritet kimi müəyyənləşdirilib.Təsadüfi deyil ki, bu vaxta qədər belə vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, o cümlədən ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb. Elə keçən il də Prezident İlham Əliyev şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Fərman imzaladı. Həmin Fərmana əsasən, 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutuldu və artıq bu proses çərçivəsində 3 mindən çox şəhid ailəsinə vəsait verilib. Prezident İlham Əliyevin şəhid ailələri ilə bağlı imzaladığı yeni Fərmana əsasən isə daha çox şəhid ailəsi birdəfəlik müavinət alacaq ki, bu da şəhidin hansı statusda xidmətə çağırıldığı və hansı şəraitdə öz həyatını Vətən üçün fəda etməsindən asılı olmayaraq hər birinin Azərbaycan dövləti və xalqı üçün son dərəcə dəyərli olmasının sübutudur. Bir sözlə, Azərbaycan dövləti, Azərbaycan iqtidarı, ölkə rəhbəri hər zaman öv vətəndaşının, xüsusilə, onun ən həssas təbəqəsi olan şəhid ailələrinin, müharibə əlillərinin yanındadır, yanında olub və bundan sonra da yanında olacaq". Deputat Mahir Abbaszadə qeyd edib ki, Azərbaycanda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir: "Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara, o cümlədən Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilməsi isə təqdirəlayiq hal olmaqla yanaşı, mühüm əhəmiyyətə malikdir". Onun bildirdiyinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin daim dövlətin və şəxsən Prezident İlham Əliyevin diqqətində olması cəmiyyət tərəfindən yüksək qiymətləndirilir: "Ümumiyyətlə, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman bu təbəqənin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tuturdu. Şəhidlərin vərəsələrinə birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Hazırda şəhid hərbi qulluqçuların vərəsələrinə ödənişlərin həyata keçirilməsi müvafiq qaydada davam etdirilir. Dövlət başçısının 28 yanvar 2019-cu il tarixində imzaladığı yeni Fərmanla birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib. Yəni dövlət başçısının növbəti humanist təşəbbüsü ilə əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisimizin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Birdəfəlik ödəmələr artıq 12268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır. Prezident İlham Əliyev yanvarın 30-da şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında da Fərman imzalayıb. Fərman şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanıb. Bu Fərman dövlətimizin başçısının şəhid ailələrinə xüsusi qayğısının daha bir ifadəsidir. Bütövlükdə, bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər ardıcıl xarakter daşıyır.
Nurlan