Şəhid ailələrinə qayğı Azərbaycan dövlətinin önəmli prioritetdir

Ziyad Səmədzadə: “Şəhidlər adından siyasi xal toplamaq üçün yanlışlığa və günaha yol verirlər”

Ziyad Səmədzadə: "Şəhidlər adından siyasi xal toplamaq üçün yanlışlığa və günaha yol verirlər"

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, şəhidlər milli qürür mənbəyi, milli iftixar hissi, and, namus yeri, baş taçıdır. O xalqlar, o dövlətlər xoşbəxtdir və öz ayaqları üzərində ona görə duruş gətirə, dayana bilirlər ki, onların uğrunda canından keçən, canını fəda edən vətən övladları şəhidləri var. Bəli, heç kim istəməz ki, kiminsə övladı, oğlu, qızı bu dünyadan arzuları, diləkləri gözlərində, ürəklərində qalmış, nakam getsin, vaxtsız və çox erkən yaşlarında dünyasını dəyişsin. Amma həyatın, gərdişi-dövranın öz reallıqları, öz tələbləri var. Müstəqil, azad, hürr yaşamaq istəyirsənsə, onu yolu həm də Şəhidlikdən və Şəhidlər keçir və keçməlidir: "Azərbaycan xalqı, Azərbaycan türkləri də yarandığı gündən öz azadlığı, öz müstəqilliyi, öz bütövlüyü uğrunda tarix boyu çoxsaylı şəhidlər verib. Vətən torpaqlarımız qanlı göz yaşları, şəhid qanları ilə yoğrulub, suvarılıb. Düzdür, ötən illər ərzində dünyanın ikili standatları, Ermənistanın desrtuktiv, dağıdıcı fəaliyyəti, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olduqları iddia edilən ATƏT-in Minsk qrupunun dişsizliyi, qətiyyətsizliyi, bəsirətsizliyi, bir çox hallarda da işğalçı ilə işğala məruz qalanı eyniləşdirməsi üzündən Qarabağ probleminin həlli mümkün olmayıb, ancaq bununla belə, Azərbaycan dövləti, ölkə prezidenti yenə sülh danışıqlarına üstünlük verməkdə, paralel olaraq, Azərbaycanın ordu quruculuğunu gücləndirməkdə, müdafiə, döyüş qabiliyyətini artırmaqda, yüksəltməkdədir. Bu gün Azərbaycan dövləti və Azərbaycan ordusu düşmənin istənilən həmləsinə  cavab vermək, onu geri oturtmaq gücündə və qüdrətindədir. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Cünnüt əməliyyatı Azərbaycan dövlətinin və Azərbaycan ordusunun nələrə qadir olduğunu və ola biləcəyini bir daha dünyanın gözləri önünə sərdi. Bütün dünyaya nümayiş etdirildi və bir daha sübut edildi ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz ərzilərinin bir qarışını belə kimsəyə güzəştə getmək niyyətində deyil və bunu gözləməyin özü belə ən böyük yanlışlıqdır. Azərbaycan prezidentinin də bəyan etdiyi kimi, biz bundan sonra da öz hərbi gücümüzü artıracağıq: "Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Biz istəmirik ki, şəhidlər olsun, istəmirik ki, gənclərimiz şəhid olsun. Münaqişəni sülh yolu ilə həll etmək üçün həm siyasi, həm iqtisadi, həm hərbi güc olmalıdır. Bu gün bu üç amil var və ölkəmizi gələcəyə aparır...".

Komitə sədri bildirib ki,  şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində ən əsas və ən önəmli prioritetdir: "Bu, Ümummilli liderimiz  Heydər Əliyevin müəyyənləşdirdiyi  siyasi-mənəvi yoldur. Xatırladım ki, Ulu öndərimizin təşəbbüsü ilə "Şəhid adının əbədiləşdirilməsi haqqında" qanun qəbul olunmuşdu və bu qanun  məhz Heydər Əliyevin  1993-cü il 3 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdi. Bütövlükdə, Ümummilli liderimiz Heydər Əliyevin siyasətində şəhid ailələrinə dövlət qayğısı xüsusi yer tutmuşdur. Hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. 2003-cü ildən indiyə qədər bu istiqamətdə görülən işlər bunu sübut edir. Bilirsiniz ki, ötən il keçirilmiş prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyevin imzaladığı ilk Fərman şəhid ailələri ilə bağlı oldu. Yanvarın 28-də şəhid ailələri ilə görüşündə çıxışı zamanı da dövlət başçısı bunun  təsadüfi olmadığna diqqət çəkdi. O, "Mən istənilən sahə üzrə fərman imzalaya bilərdim. İqtisadi sahə üzrə, xarici siyasət, sosial məsələlərlə bağlı. Ancaq mən hesab etdim ki, birinci Fərman şəhid ailələri ilə bağlı olmalıdır. Bu Fərman əsasında 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulur. Yenə də deyirəm, mən heç bir ölkə ilə Azərbaycanı müqayisə etmək istəmirəm, ancaq bu da həqiqətdir ki, Azərbaycan bir çox ölkələrə bu sahədə nümunə göstərir"-deyərək, bildirdi ki, artıq ödəmə prosesi başlayıb və verilən məlumatlara görə, üç mindən çox şəhid ailəsi 11 min manatı alıb. "Ancaq bu proses zamanı məlum oldu ki, vaxtilə müavinəti alan vətəndaşların aldıqları məbləğ bu gün verilən məbləğlə üst-üstə düşmür. Yəni, o illərdə - 1990-cı illərin əvvəllərində rəqəm böyük olsa da, - o vaxt 50 min manat nəzərdə tutulurdu, - ancaq o vaxtın 50 min manatı bu günün 11 min manatı ilə heç də müqayisə oluna bilməz"-deyən, dövlət rəhbəri  bu məsələ ilə də bağlı ictimaiyyətə öz fikrini çatdırdığını dedi və bildirdi ki,  məsələ ciddi araşdırılmalıdır və burada iki əsas amil üstünlük təşkil etməlidir: qanun və ədalət. Dövlət başçısı sonra "Bir tərəfdən, vaxtilə bu müavinəti alan vətəndaşlar bu siyahıya daxil edilməməlidir, bunu qanun və qaydalar tələb edir. Digər tərəfdən, biz bütün məsələləri ədalətli həll etməliyik, bütün məsələlərə sosial ədalət prizmasından yanaşmalıyıq. Bunu nəzərə alaraq, mən bu gün yeni Fərman imzaladım. Bu Fərman əsasında 11 min manatı alacaq vətəndaşların sayı 2725 nəfər artırıldı. Onların içərisində təbii ki, vaxtilə müavinəti az məbləğdə alan vətəndaşlardır və ümumiyyətlə, siyahıya düşməyən daxili işlər orqanları şəhid ailələrinin nümayəndələridir"-dedi və sözlərinə əlavə etdi ki,  həmin vətəndaşların  da sayı 460-dan çoxdur. İndiyə qədər 7 minə qədər şəhid ailəsi mənzillə təmin olunub. Təkcə keçən il 626 şəhid ailəsinə yeni mənzillər, yeni evlər verilib. Bu il isə əlavə 800 şəhid ailəsinə yeni mənzillər, evlər veriləcək. Beləliklə, növbəti bir neçə il ərzində bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcəklər.  Dövlət başçısının dediyi kimi, "bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin". Bununla yanaşı, şəhid övladlarının  təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılır, onların əziz xatirəsi  daim yad edilir".

Millət vəkili xatırladıb ki, ölkə prezidenti İlham Əliyev və  birinci vitse-prezident Mehriban xanım Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşdülər: "Bu görüş bir daha göstərdi ki, Prezident İlham Əliyev şəhid ailələrinə nə qədər böyük qayğı, hörmət və ehtiram göstərir. Bu görüşün sosial-siyasi əhəmiyyəti ilə yanaşı milli-mənəvi, vətənpərvərlik baxımından da çox böyük önəmi var. Görüş zamanı dövlət başçısı vətəndaşların sosial məsələlərinin bundan sonra da diqqət mərkəzində olacağını bildirdi. Cənab Prezident xüsusilə vurğuladı ki, Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir, şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır. "Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim"-deyən, ölkə başçısı ölkəmizdə vətəndaşların sosial rifahının daim diqqət mərkəzində olduğunu vurğuladı. Görüşdə şəhid ailələrinə dövlət tərəfindən verilən dəstək bir daha vurğulandı. Qeyd olundu ki, bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilib. Yəni, bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür. Bu proses davamlı olacaq. Ümumiyyətlə, cənab Prezidentin fikirləri bütün cəmiyyətimiz üçün mesajdır ki, hər kəs şəhid ailələrinə hörmətlə yanaşmalıdır. Eyni zamanda, ölkənin birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərə, şəhid ailələrinə, müharibə əlillərinə münasibəti, diqqət və qayğısı hər bir kəs üçün nümunə və örnəkdir. 2016-cı ilin uğurlu Aprel döyüşlərindən bir müddət sonra Mehriban xanım şəhid anaları ilə görüşü, onların dərdlərinə şərik çıxması,  şəhid analarını qucaqlaması, onları bağrına basması, şəfqətlə, ürək yanğısı ilə onları ovundurması əsl sadəlik və insanlıq nümunəsidir. Eyni zamanda, Aprel döyüşlərinin iştirakçıları, bu döyüşlərdə böyük igidlik, qəhrəmanlıq nümunələri gösrərmiş və əlil olmuş hərbçilərlə, əsgərlərlə görüşü Mehriban xanımın bu kateqoriyadan olan insanlara necə yüksək münasibət göstərməsinin, onlara necə böyük diqqət və qayğısının əyani və bariz nümunəsidir. Biz bunu Mehriban xanımın şəhid ailələri ilə görüşündə də bir daha gördük, müşahidə etdik. Bunları deməkdə və xatırlatmaqda məqsədim odur ki,  istər Ulu öndərin dövründə, istərsə də, ölkə prezidenti İlham Əliyevin 16 illik hakimiyyəti dönəmində hər zaman şəhidlərə, şəhid ailələrinə, müharibə veteranlarına, müharibə əlillərinə böyük  qayğı və diqqət olub və bu gün də bu xətt davam , əsas priorptetlərdən birini təşkil etməkdədir. İndi kimlərsə, yəni,  ölkəmizin müstəqiliyini, müstəqil inkişafını həzm edən bilməyənlərin, anti-Azərbaycan dairələrin təsiri altına düşənlər bu işləri, bu qayğı və diqqəti görmürlərsə, görmək istəmirlərsə, şəhid, şəhidlər adından siyasi xal, kapital toplamaq üçün həqiqətləri yanlış səmtə döndərmək istəyirlərsə, çox böyük yanlışlığa və günaha yol verirlər. Çünki həqiqəti, reallığı danmaq, görməzdən gəlmək, onu kölgələmək, onun üzərini palçıqla suvamaq mümkün deyil və buna cəhd edənlərə də heç bir halda uğur, başucalığı gətirə bilməz, gətirməyəcək də. Artıq Azərbaycan xalqı hər şeyin fərqindədir, onu yalançı, saxta sözlərlə, vədlərlə yolundan döndərmək mümkün olan məsələ deyil".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31