Müxalifət çalışır ki, insanlar hökumətdən narazı qalsın

Dağıdıcı ünsürlər həssas insanların hissləri ilə oynamaqla məşğuldurlar

Dağıdıcı ünsürlər həssas insanların hissləri ilə oynamaqla məşğuldurlar

Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Fərman imzalayıb. Fərman şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanıb. Fərmana əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib. Xatırladaq ki, bir müddət öncə dövlət başçısının növbəti humanist təşəbbüsü ilə əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisimizin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Yeni Fərmanla birdəfəlik ödəmələr artıq 12268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır.

Xatərladaq ki, şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılmaqla Milli Qəhrəmanlar üçün 1500 manata, şəhid ailələri üçün 242 manata, müharibə əlilləri: I  qrup əlillər üçün 182 manata, II qrup əlillər üçün 158 manata, III qrup əlillər üçün 121 manata çatdırılıb. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərindən böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət  alırlar. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir. Şəhid ailəsi və Milli Qəhrəman ailəsi üzvlərinə əmək pensiyası təyin olunarkən əlavə də hesablanır, həmçinin şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Ölkəmizdə icra olunan özünüməşğulluq proqramına müraciət edənlər arasında digər həssas qruplarla yanaşı, şəhid ailələri və müharibə əlillərinə də üstünlük verilir. Təkcə ötən il 100-dək şəhid ailəsi, mindən çox əlilliyi olan şəxs bu proqrama cəlb olunaraq aktivlərlə təmin olunub.

"Yurddaş" partiyasının sədri Mais Səfərli deyib ki, şəhid ailələri cəmiyyətin ən həssas və hörmətli təbəqəsidir. Bu ailələr öz övladlarını Azərbaycanın ərazi bütövlüyü uğurunda qurban verən valideynlərdir, qardaşlardır, bacılardır: "Ona görə, bu ailələr çox həssasdır. Həm də, şəhid ailələri Azərbaycan xalqının qurur yeridir, fəxrdir. Zamanında Ulu Öndər Heydər Əliyev indi də Prezident İlham Əliyev şəhid ailələrinə diqqət və qayğı göstərir. Şəhid ailələri ilə bağlı Azərbaycan dövlətinin xüsusi siyasəti var. Hər zaman şəhid ailələri dövlətimizin, Prezidentimizin qayğısı ilə əhatə olunublar. Bu illər ərzində fikir versək görərik ki, nə qədər şəhid ailələrinə mənzillər verilib, şəhid ailələrinin problemlərinin, qayğılarının həll olunması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşü də elə onu bir daha sübutudur. Prezidentimiz bir daha vurğuladı ki, biz şəhid ailələrinin problemlərini həll etmək üçün əlimizdən gələni edəcəyik. Cənab Prezident bu məsələ ilə hər zaman məşğul olub. Yəni şəhid ailələrinə verilən birdəfəlik vəsaitlər və şəhid ailələrinə mənzil tikintisi üçün ayrılan maliyyə vəsaitlər, bir daha ondan xəbər verir ki, bu siyasət uğurla davam etdirilir. Təbii ki, müxalifət problemlərin həllindən narahatdır. Dağıdıcı ünsürlər istəmirlər ki, Azərbaycanda bu problemlər həll olunsun. Onlar həssas insanların hissləri ilə oynamaqla məşğuldurlar. Müxalifət çalışır ki, insanlar hökumətdən narazı qalsın və hər hansı bir məsələnin ucundan tutub, hay-küy salmaqla məşğul olsunlar. Amma müxalifətin bu cür hay-küy salmaları əbəsdir. Çünki şəhid ailələri və hər kəs çox gözəl bilirlər ki, Prezident İlham Əliyev şəhid ailələri üçün hər şeyi edir və edəcəkdir. Sadəcə olaraq, müxaliflər gündəmdə qalmaq üçün bu məsələlərdən yapışırlar".

Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Jalə Əliyeva deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri ilə növbəti dəfə görüşü dövlətin Azərbaycan ailəsinə, xüsusilə də yardıma ehtiyacı olan və ölkəmizin bu gününü yazılmasında rolu olan şəxslərə diqqət və qayğısının təzahürüdür. Deputat bildirib ki, bugünkü görüş ölkə rəhbərliyi tərəfindən atılan ilk addım deyil. J.Əliyeva söyləyib ki, Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva tərəfindən xüsusilə də şəhid, veteran ailələrinə göstərilən diqqət və qayğı, onların bütün ehtiyaclarının qarşılanması, mənzillərin, fərdi evləri tikilməsi, övladlarına göstərilən diqqət, atalıq, analıq qayğısı əlbəttə ki, dövlətimizin apardığı siyasəti bölgədə və dünyada çox əhəmiyyətli yerə çıxarır. Deputat vurğulayıb ki, bütün bunlar Azərbaycanda insan amilinin və insan kapitalının çox əhəmiyyətli yerdə olduğunu göstərir: "Cənab Prezident və eləcə də ölkəmizin Birinci xanımının dəfələrlə vurğuladığı kimi Azərbaycanda insan faktoru, amili bütün amillərin başında gəlir. Azərbaycanda insanların daha yaxşı, firavan yaşaması üçün mühüm işlər görülür, addımlar atılır. Azərbaycan xalqı ölkədə aparılan bu siyasətə minnətdardır".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü İmamverdi İsmayılov deyib ki, şəhid ailələrinə diqqət və qayğı hər zaman dövlət başçımızın xüsusi olaraq nəzarətindədir. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev seçkilərdə inamlı qələbəsindən sonra ilk fərmanını məhz şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində vermişdi. Bu il də şəhid ailələri üçün əlavə vəsaitin ayrılması Azərbaycanda şəhidlərimizə göstərilən hörmət və ehtiramın əsas göstəricisidir. Deputat bildirib ki, dövlət başçısının növbəti humanist təşəbbüsü ilə əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək: "Yeni fərmanla birdəfəlik ödəmələr artıq 12 268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır. Cənab Prezidentin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümü olan Fərmanı ictimaiyyətimiz tərəfindən də çox yüksək dəyərləndirilir. Bu il, həmiçinin həmin kateqoriyadan olan vətəndaşlara azı 800 mənzilin verilməsi də planlaşdırılır. Azərbaycanda hər bir şəhid ailələrinə mənzillər təqdim edilir, müavinətlər, Prezident təqaüdü verilir. Şəhid ailələrinin bir sıra üstünlükləri var, onların işə düzəlməsində güzəştlər olunur, şəhid ailələrinin övladlarının ali məktəbdə oxuması üçün dövlət təminatı var, güzəştli şərtlərlə mənzil tikmək üçün torpaq, güzəştli ipoteka kreditləri verilir. Bütövlükdə Azərbaycanda şəhid ailələrinə həm maddi, həm də mənəvi diqqət göstərilir. Bütün bunlar dövlət başçısının şəhid ailələrinə olan diqqət və qayğısının ifadəsidir". İmamverdi İsmayılov xatırladıb ki, bu günlərdə Prezidentin İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında imzaladığı növbəti Sərəncamı bu kateqoriyadan olan insanlar, eyni zamanda, xalq tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanıb: "Sərəncama əsasən, ərazi bütövlüyümüz, müstəqilliyimiz və konstitusiya quruluşumuzun müdafiəsi ilə bağlı əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsinə 35 milyon manat ayrıldı. Doğrudan da böyük diqqətdir, qayğıdır. Düşünmürəm ki, dünyanın hansısa ölkəsində vətəndaşa bu qədər qayğıkeş münasibət olsun".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31