"Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır"
28 Yanvar 2019 18:40 Siyasət"Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri ilə növbəti dəfə görüşü dövlətin Azərbaycan ailəsinə, xüsusilə də yardıma ehtiyacı olan və ölkəmizin bu gününü yazılmasında rolu olan şəxslərə diqqət və qayğısının təzahürüdür". Bu fikirləri Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.
O bildirib ki, bugünkü görüş ölkə rəhbərliyi tərəfindən atılan ilk addım deyil.
J.Əliyeva söyləyib ki, Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva tərəfindən xüsusilə də şəhid, veteran ailələrinə göstərilən diqqət və qayğı, onların bütün ehtiyaclarının qarşılanması, mənzillərin, fərdi evləri tikilməsi, övladlarına göstərilən diqqət, atalıq, analıq qayğısı əlbəttə ki, dövlətimizin apardığı siyasəti bölgədə və dünyada çox əhəmiyyətli yerə çıxarır.
Deputat vurğulayıb ki, bütün bunlar Azərbaycanda insan amilinin və insan kapitalının çox əhəmiyyətli yerdə olduğunu göstərir: "Cənab Prezident və eləcə də ölkəmizin Birinci xanımının dəfələrlə vurğuladığı kimi Azərbaycanda insan faktoru, amili bütün amillərin başında gəlir. Azərbaycanda insanların daha yaxşı, firavan yaşaması üçün mühüm işlər görülür, addımlar atılır. Azərbaycan xalqı ölkədə aparılan bu siyasətə minnətdardır".
SİA