Əhalinin məşğulluğu hər zaman diqqət mərkəzindədir
28 Yanvar 2019 15:53 Siyasət2019-cu il başlayan kimi bir sıra mühüm və diqqət çəkən məqamları ilə yadda qaldı. Bu məqamlardan ən mühümü Azərbaycan Respublikasının Prezidnti Cənab İlham Əliyevin növbəti struktur islahatlarına start verməsi oldu. Əslində hələ struktur islahatlarının anonsu 2017-ci ildə, ümumxalq səsverməsi (referendum) zamanı verilmişdi və elə referendumdan dərhal sonra struktur islahatlarına start verildi. Ölkədə birinci vitse-prezidentilik, vitse-prezidentlik isntitutlarının yaradılması məhz həyata keçirilən struktur islahatlarının birinci mərhələsi idi. Hələ o zaman dövlət başçısı bu islahatları həyata keçirərəkən bildirmişdi ki, burada əsas məqsəd idarəetmə sistemini daha da təkmilləşdirmək, büdcəyə olan əlavə yükləri azaltmaqdır. Etiraf etmək lazımdır ki, struktur islahatlarının birinci mərhələsi uğurlu oldu və ötən müddət ərzində birinci vitse-prezidentlik, vitse-prezidentlik təsisatlarının gördüyü uğurlu işlər, həyata keçirdiyi tədbirlər fonunda bunu aydın görmək mümkündür. Və elə o zaman hər kəsə bəlli idi ki, ölkədə idarəetmənin təkmilləşdirilməsi, paralelçiliyinin aradan qaldırılması, eləcə də büdcəni əlavə yüklərdən azad etmək üçün struktur islahatları davam edəcək. Və gözləntilər mərhələ-mərhələ özünü doğrultdu. Beləliklə, 2019-cu ilin ilk günlərində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev struktur islahatlarının növbəti mərhələsinə start verdi. Dövlət başçısının imzaladığı müvafiq sənədlər əsasında bir sıra dövlət qurumları, nazirlik və komitələrdəki bir-birini əvəzləyən strukturlar ləğv edildi, bəziləri daha təkmilləşdirilərək daha çevik idarəetmə sisteminin başlanğıcına start verildi.
Bir qayda olaraq atılan hər bir müsbət addımı süngü ilə qarşılayan, imzalanan fərman və sərəncamları öz arşını ilə ölçən hakimiyyətə opponentlik etmək istəyən siyasilər dövlət başçısının həyata keçirdiyi struktur islahatlarının ölkədə işsizlər ordusu yaradacağı barədə rəy formalaşdırmağa çalışdılar. Halbuki elə Cənab Prezidentin struktur islahatları ilə bağlı imzaladığı sənədlərdə açıq şəkildə qeyd edilirdi ki, fəaliyyəti ləğv edilmiş qurumların əməkdaşları elə həmin nazirlik və komitələrdə müvafiq işlərlə təmin edilsin. Yəni, struktur islahatlarının ölkədə işsizlik problemi yaradacağına dair fikirlər kökündən yalnışdır. Təsadüfi deyil ki elə Cənab Prezident İlham Əliyev də ötən həftə keçirdiyi görüşlərdən birində bir daha bu məqama diqqət çəkərək struktur islahatlarının ixtisarlara səbəb olmayacağını vurğuladı. Prezident İlham Əliyev yanvarın 24 də Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirakı zamanı bildirdi ki, mövcud strukturlarda, ixtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar: "Kənd təsərrüfatında heç bir ixtisar gözlənilmir və digər strukturlara da tapşırılıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yəni, o müəssisələrdə, o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir". Hazırda Kənd Təsərrüfatı Nazirliyində və digər dövlət qurumlarında struktur islahatlarının aparıldığını deyən dövlət başçısı bir daha bəyan etdi ki, bu islahatların bir məqsədi var ki, biz işimizi daha da yüksək səviyyədə quraq.
Əlbəttə ki, bu gün dövlətin, dövlət başçısının, eləc də dövlətin müvafiq strukturlarının əsas fəaliyyət istiqaməti əhalinin məşğulluğunun artırılmasına yönəldilib. Ola bilər ki, bəzi qurum və quruluşlar dövlət başçısının struktur islahatlarını öz istəyinə uyğun həyata keçirməyə meyillənsin və bu və ya digər işçiləri ixtisar etməyə çalışsın. Ancaq sevindirici hal ondan ibarətdir bu cür mənfi tendensiyalar da dərhal aradan qaldırılır və yarana biləcək hər hansı problem tezliklə həllini tapır. Elə bu günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında bir daha bunun əyani şahidi olduq. Belə ki, Birinci vitse-prezident "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi" MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə "Azərenerji" ASC-yə göstəriş verib.
Məlumat üçün qeyd edək ki, 2018-ci il dekabrın 13-də bir qrup şəxs "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi" MMC-də tutduğu vəzifəsindən azad olunması ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktubla müraciət edib. Müraciətin araşdırılması nəticəsində məlum olub ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar enerji sisteminin dövlət əhəmiyyətli strateji obyektlərində təxribat və terror xarakterli əməllərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər kimi bu obyektlərin mühafizəsinin Daxili İşlər Nazirliyinin Mühafizə polisi tərəfindən aparılması barədə qərar qəbul edilib. "Azərenerji" ASC tərəfindən "Azərbaycan İES" MMC-nin mühafizəsinin zəruri hissəsi Daxili İşlər Nazirliyinə həvalə olunduğundan, Mingəçevir və Varvara Su Elektrik Stansiyalarının mühafizəsinin böyük hissəsi Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirildiyindən, eləcə də "Azərbaycan İES" və bir sıra stansiyalarda ağıllı müşahidə kameraları quraşdırıldığından və hasarlama işləri aparıldığından bəzi işçilərin ixtisarı barədə qərar qəbul olunub.
Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva məsələnin işçilərin əmək hüquqlarının bərpa olunması şərti ilə operativ həllinə və onların müvafiq işlə təmin olunmasına dair göstəriş verib.
Göründüyü ki, dövlətin, dövlət başçısının və dövlətin müvafiq strukturları, Birinci vitse-prezidentin də əsas məqsədi ölkədə məşğulluğun səviyyəsinin artırılması, işsiz vətəndaşın olmamasıdır. Həyata keçirilən struktur islahatlarının da məqsədi hansısa dövlət qurumunda ixtisar aparıb bəlli sayda insanları işsiz qoymaq deyil, onları ixtisaslarına uyğun işlə təmin etməkdir.
Məhəmməd