Radikal müxalifətin siyasi gərginlik yaratmaq cəhdi

Xalq-iqtidar birliyini heç bir qüvvə sarsıda bilməz

Xalq-iqtidar birliyini heç bir qüvvə sarsıda bilməz

Azərbaycan yenə hədəf seçilib. Qərb, Avropadakı bəzi antiAzərbaycan dairələr və onların daxildəki havadarları tərəfindən. Məqsəd ölkədəki siyasi sabitliyi pozmaq, xaos, anarxiya yaratmaqdır. Elə son həftələr Avropadakı ağalarının sifarişi əsasında radikal siyasi düşərgənin aktivləşməsi də bunun əyani sübutudur. Yanvarın 19-da Milli Şura adlanan qurumun keçirdiyi uğursuz mitinq, yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət zamanı radikallar tərəfindən planlı şəkildə yaradılan gərginlik məhz qeyd edilənlərə hesablanmışdı. Ancaq bütün bunların fonunda müşahidə etdiyimiz bir müsbət tendensiya var ki, cəmiyyət hər zaman olduğu kimi bu dəfə də radikal siyasi düşərgəyə dəstək nümayiş etdirmədi, onların ölkədə xaos, anarxiya yaratmaq üçün keçirdikləri mitinqə qoşulmadı. Yenə də həmişəki kimi cüzi sayda elektoratla radikallar hakimiyyətə meydan ozumaq iddiasına düşdülər.

Radikal siyasi düşərgənin ölkədə siyasi gərginlik yaratmaq niyyəti cəmiyyətin bütün təbəqələri tərəfindən ciddi etirazla qarşılanır və xalq müxalifətə öz layiqli qiymətini verir. Çünki bu düşərgə cəmiyyətə, xalqa yeni bir söz deməyərək yalınız dövlətə qarşı dağıdıcı ab-hava nümayiş etdirir, çağırışlar edilər ki, Azərbaycan xalqı da hər zaman olduğu kimi yenə də bunun əksini, sabitliyi, inkişafı istəyir. Çünki cəmiyyət həmin qüvvələrin 1990-cı illərin əvvəllərində Azərbaycanı necə bir uçuruma apardığını yaxşı görüb. İndi də bu qüvvələr Avropadakıə ağalarının maliyyə dəstəyi ilə hakimiyyəti qeyri-qanuni yolla zəbt etmək, ölkəmizi 90-ların əvvəllərinə qaytarmaq istəyirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər hələ də radikalların Meydan eyforiyasından ayrılmadıqlarını bir daha təsdiqləmiş oldu.

Radikal müxalifət "Məhsul mitinqi"ni internet resurslarında az qala ciddi qələbə kimi təqdim etməyə çalışsalar da, lakin mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı. 
Azərbaycanda hazırda düşünülmüş dərin iqtisadi islahatlar gedir. Görünən budur ki, Prezident İlham Əliyev rüşvət və korrupsiya ilə mübarizəni gücləndirdikcə, sistem xarakterli islahatların miqyasını genişləndirdikcə, Azərbaycan idarəetmə fəlsəfəsini dəyişdikcə özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və müqavimət göstərməyə çalışırlar.
Burada diqqət çəkən bir məqam da var ki, hər zaman Ermənistanla danışıqların yeni intensiv mərhələ başlayanda, problemin həlli istiqamətində ciddi addımlar atılanda radikal siyasi düşərgə aktivləşərək bu prosesə mane olmağa,  Azərbaycanın diqqətini Qarabağdan yayındırıb, daxili problemlərə yönəltməyə çalışır. Elə əksər ekspertlər  də bu qənaətdədirlər.

Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev deyir ki, gənc politoloq olaraq ölkəmizin ictimai-siyasi həyatında son günlər baş verən prosesləri diqqətlə izləyir. Onun sözlərinə görə, heç nədən səs-küy qoparmaq zəif, ədalətsiz siyasətçilərin şakəridir: "Keçmiş "meydan liderləri" də məhz bu yolla gedirlər. "Məhsul mitinqi" radikal müxalifətin cəmiyyətdə ciddi sosial bazasının olmadığını bir daha aşkara çıxardı.
Hesab edirəm ki, AXC rəhbəri Əli Kərimlinin öz tərəfdarlarını 20 Yanvar --Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanına ziyarətə gələn insanların gözü qarşısında iqtidara qarşı "əzələ nümayiş etdirməyə" çağırış etməsi məsuliyyətsiz olduğu qədər, həm də mənəviyyatsız bir addım idi". Azər Verdiyev bildirib ki,  Şəhidlər Xiyabanı xalqımızın milli istiqlal mübarizəsinin müqəddəs rəmzlərindən biridir: "Bəli, belə bir ülvi məkanda siyasi məqsədlər üçün istifadəyə cəhd göstərilməsi həm qanunvericiliyə ziddir, həm də milli- mənəvi dəyərlərimizə, ənənələrimizə, milli mübarizə tariximizə böyük hörmətsizlikdir.  Yeri gəlmişkən, indiki "meydan liderləri" 1990-cı illərin əvvəllərində tarixdə oynadıqları mənfi rolu hər vəchlə unutdurmağa cəhd edirlər. Lakin bu, mənasız cəhddir". 

"İRƏLİ" İctimai Birliyinin sədri Mirhəsən Seyidov qeyd edib ki, radikal müxalifət partiyalarının və onların ətrafında olan təşkilatların keçirdiyi mitinq onların zəifliyini və cəmiyyət tərəfindən dəstəklənmədiyini bir daha nümayiş etdirdi. Onun sözlərinə gör, mitinq zamanı səslənən çıxışlar göstərdi ki, müxalifət partiyalarının və onların ətrafındakı təşkilatların başında dayananlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər: "Son dövrlər bəzi radikal qüvvələr, müxalifət nümayəndələri ölkədə qarışıqlıq yaratmaq və bundan istifadə edərək Azərbaycanı uçuruma doğru sürükləmək niyyəti ilə "fəallaşıblar". Amma baş verənlər göstərdi ki, Azərbaycan cəmiyyəti, xalq ictimai fikrə mənfi yöndən təsir etməyə çalışan bu qüvvələrin nə mitinqinə, nə də sosial şəbəkələr vasitəsilə apardıqları ucuz təbliğata əhəmiyyət vermir. Çünki xalq həmişə olduğu kimi, sabitliyin, inkişafın, daha güclü Azərbaycanın tərəfindədir". İctimai Birlik sədri deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti ölkədə sabitliyi qorumağa çalışarkən bəzilərinin bu sabitliyə kölgə salması bir vətəndaş olaraq məni və ölkə gəncliyini narahat edir: "Biz mitinqdə gördük ki, cəmiyyət üçün faydalı olacaq yeni heç nə təklif edilmədi. Biz şahidi oluruq ki, ziyalılar, ictimaiyyətin tanınmış nümayəndələri, gənc nəsil bu reallıqları bilir və yumruq tək birləşirlər. Xarici mətbuatdan da izləyir və görürük ki, bu gün Azərbaycanda hökm sürən sabitlik bir çox inkişaf etmiş dövlətlərdə belə yoxdur. Özünü demokratik qüvvələrin milli şurası adlandıran qrup insanlardan, xalqın istək və arzularından ayrı düşüb. Onun təşkil etdiyi mitinqin insanları düşündürən məsələlərlə heç bir əlaqəsi yoxdur. Ona görə də bu mitinq xalq üçün aktual deyil. Cəmiyyət müxalifətə və onun kiçik, əhəmiyyətsiz mitinqlərinə çoxdan biganədir".

Mirhəsən Seyidov onu da qeyd edib ki. bu gün Azərbaycan cəmiyyəti üçün əhəmiyyətli olan məsələlərə müxalifət çox uzaqdır: "Daim xalqın rifahını üstün tutan ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanıb və dayanır. Bu gün xaricdən maliyyələşərək ölkədəki sabitliyi pozmağa çalışanlar xalq-iqtidar birliyi qarşısında aciz vəziyyətə düşüblər. Çünki Azərbaycandakı xalq-iqtidar birliyini heç bir qüvvə sarsıda bilməz".

Dünya Azərbaycanlıları Konqresinin İcra Aparatının rəhbəri Samir Adıgözəlli isə bütün bu proseslərin imperialist güclərin oyunu olduğu qənaətindədir. O. bildirib ki, imperialist dairələr iqtisadi, siyasi, ideoloji və hərbi baxımdan bir sıra mərkəzlər formalaşdırıblar ki, müntəzəm olaraq həmin mərkəzlər vasitəsilə Azərbaycan kimi inkişaf edən ölkələrə təsirlər, təzyiqlər edilir. DAK rəsmisi qeyd edib ki, bu mərkəzlər erməni lobbisi, SOROS Fondu, PKK terror təşkilatı, Vəhhabi Hərəkatıdır: "Eyni zamanda bu sıraya Rusiya Federasiyası və İran İslam Respublikası daxilində fəaliyyət göstərən antiAzərbaycan mərkəzləri də daxil etmək olar. Həmçinin Türkiyənin baş bəlasına çevrilən FETÖ-da həmin mərkəzlər sırasındadır. Bu sadaladığım antiAzərbaycan dairələri ölkəmizi parçalamaq, özününküləşdirmək və xalqımız üzərində hakimlik əldə etmək üçün gecə-gündüz fəaliyyətdədirlər. Yuxarıda qeyd etdiyim çevrələr tərəfindən işğalçı Ermənistana açıq ya gizli dəstək verilməkdədir". Samir Adıgözəlli bildirib ki,  biz həmin qüvvələrlə açıq-açığına savaşdayıq: "Bunlarla savaş birbaşa işğalçı Ermənistanla savaşa bənzəməz. Sadaladığım qüvvələr bu gün siyasətimizin, mediamızın, elm və içtimai mərkəzlərimizin, müxalifətimizin içərisində mövcuddur və ciddi təsir imkanlarına malikdirlər. Onlar daim Azərbaycan dövlətçiliyini, milli ziyalılarımızı, milli dəyər verdiyimiz hər şeyimizi hədəf alıb bizləri əzməyə çalışırlar".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31