“Məlumat var idi ki, radikal düşərgə bu dəfə yürüşə hazırlaşır”
25 Yanvar 2019 17:47 SiyasətSözün açığı, mən yanvarın 26-na təyin edilmiş mitinqin məhdudlaşdırılacağını əvvəldən gözləyirdim. Çünki yanvarın 19-da keçirilən mitinqdən sonra radikal düşərgədən bəzi belə fikirlər, belə müzakirələr gəlirdi ki, onlar bu dəfə insanları yürüşə hazırlayırlar. Bakıda xüsusilə hakimiyyət orqanları ilə razılaşdırılmamış qaydada yürüşün keçirilməsi çox pis toqquşmalara, insanların əziyyət çəkməsinə gətirib çıxara bilərdi.
Bunu "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O qeyd edib ki, buna görə də radikal müxalifətin bu niyyəti qarşısında mitinqlərin müəyyən bir müddətə məhdudlaşdırılacağını öncədən gözləyirdi:
"Təbii ki, bunu heç bir halda hakimiyyətin geri çəkilməsi kimi dəyərləndirmək doğru deyil. Ən azı burda bir neçə arqumenti nəzərə almaq lazımdır. Əvvəla, hakimiyyət 1990-cı illərin əvvəllərindəki, yaxud ortalarındakı hakimiyyət deyil ki, Bakıda 2-3 min nəfərlik kütləvi aksiya ilə nəyəsə məcbur edilə bilsin. Yaxud belə aksiyalarla dünyanın nəzər-diqqətini Azərbaycana yönəltmək mümkün olsun, dünyanın hansısa dövlətlərinin və beynəlxalq təşkilatlarının Azərbaycan dövlətinə, hökumətinə müəyyən təzyiqlər göstərməsinə nail oluna bilinsin. Nəzərə almaq lazımdır ki, indi dövlət xeyli dərəcədə güclənib və 2-3 min nəfərlik aksiyaların həm ölkə daxilində, həm də beynəlxalq miqyasda hansısa reaksiyalar, hansısa əks-sədalar doğura bilmək ehtimalları hazırda çox zəifdir. Sadəcə olaraq, aksiyaların xaotik şəkildə, sistemsiz, radikal əhval-ruhiyyədə keçirilməsi insanların əziyyət çəkməsinə, vətəndaşlarla inzibati orqanların müəyyən mənasız toqquşmalarına gətirib çıxara bilər ki, bu da əlbəttə narahatlıq doğuran bir haldır. Amma bir daha təkrar edirəm ki, bunu heç bir halda hakimiyyətin geri çəkilməsi kimi qiymətləndirmək mümkün deyil, əksinə bu addım radikal müxalifət düşərgəsinin planlarına uyğun olaraq Bakı küçələrində insanların mənasız əzab-əziyyətə qatlaşmasının qarşısını almaq məqsədinə xidmət edir".