"Sosial qayğıya ehtiyacı olan vətəndaşlarımıza hər zaman diqqət göstərilir"- Deputat

Sosial qayğıya ehtiyacı olan vətəndaşlarımız hər zaman dövlətin diqqətindədir. Təsadüfi deyil ki, son 18 il ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb. Bu qəsəbələrdən 3-ü ötən il istifadəyə verilib.

Ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Bu, son illər ərzində rekord göstəricidir.

Eyni zamanda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib. Ötən il dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı olub. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub.

Dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə göstərdiyi qayğı ictimaiyyət nümayəndələri tərəfindən də yüksək qiymətləndirilir.

Millət vəkili Elman Məmmədov deyib ki, dövlət büdcəsindən qaçqın və məcburi köçkün, eyni zamanda şəhid ailələrinə kifayət qədər vəsait ayrılıb.

Deputat bildirib ki, ölkə başçısı sosial qayğıya ehtiyacı olan vətəndaşlarımıza hər zaman diqqət göstərib:

"Ölkə başçısının imzaladığı bütün fərman və sərəncamlarda ilk növbədə qaçqınların və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ön planda durur. Heç bir ölkədə məcburi köçkünlərə belə gözəl şərait yaradılmır. Prezidentin məcburi köçkünlərə, şəhid ailələrinə göstərdiyi diqqət və qayğı qiymətləndirilməlidir. Bu gün yalnız Bakı şəhərində yataqxanalarda yaşayanlar qalıb. Onlar da yeni ilə qədər mənzillərə köçürüləcəklər.

Bütün bayramlarda dövlət məmurları ilk olaraq qaçqın və məcburi köçkünləri sevindirirlər. Heç bir ölkədə qaçqın və məcburi köçkün ailəsinin üzünün gülməsinə, onların yeni mənzillə təmin olunmasına rast gələ bilmərik. Bu, yalnız Azərbaycan prezidentinin sosial qayğıya ehtiyacı olanlara göstərdiyi böyük diqqətin nümunəsidir".

Sherg.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31