Bəhruz Quliyev: “Köhnə müxalifət hələ 90-cı illərin eyforiyasından ayıla bilməyib"

"Meydan və küçə təfəkkürlü köhnə müxalifətin siyasi uğur qazanacağı haqqında düşünənlər kökündən yanılırlar. Bu gün radikal qruplar özləri barədə yüksək fikirləri ilə hələ də utopik xəyallardan, nostalji hisslərdən ayrılmadıqlarını ortaya qoyurlar". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev müxalifətin mitinqlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hələ də 90-cı illərin eyforiyasından ayıla bilməyən müxalifət liderlərinin indiki dövrdə də eyni çağırışlar etmələri, o cümlədən, şüar və lozunqlarının dəyişilməməsi əslində, onların bu illər ərzində öz yerlərində addımladıqlarının aşkar göstəricisidir: "Baxın, onlar kütləvi mitinqlərdən, itaətsizlikdən, yaxud iğtişaşlardan dəm vururlar. Amma çox gülməlidir ki, keçmişdə qalmış liderciklər, nimdaş düşüncə tərzi sərgiləyənlər hansı elektoratla bu iddiadadılar? Dünyanın kosmik əsrdə yaşayıb, tərəqqi etdiyi bir dövrdə özlərini lider adlandıranların küçə, yaxud çayxana müxalifətçiliyi dilində danışmaları müasir ictimai rəydə, eləcə də siyasi cəhətdən təfəkkürləri inkişaf edən insanlarda onlara qarşı istehza hissləri yaradır. Çünki, bu gün həmin müxalifətin hakimiyyətdə olduqları zamanları çoxları unutmayıb. Məhz bu müxalifət iqtidarda olduğu zamanlarda nəinki siyasilərə, eləcə də media mənsublarına qarşı nə qədər amansızlıqlar törədiblər, xoşlarına gəlməyən tənqidi yazı və məqalələri, qəzetləri jurnalistlərə zorla yedizdiriblər".

Bəhruz Quliyev digər faktları da xatırladıb: "Bu gün çoxlarının yadındadır ki, yenidən hakimiyyət iddiasında olan bu müxalifət rəhbərləri televiziyalarda gedən canlı yayımlara hücum edərək, efirlərdə özbaşınalıqlar törədiblər, insanları təhqir edərək, döyərək, onları alçaldıblar. Budurmu onların demokratiya uğrunda mübarizə üsulları? Yoxsa ki, onlar yenidənmi həmin hadisələri xalqa yaşatmağı arzulayırlar? Əlbəttə ki, xalq belə müxalifəti heç vaxt dəstəkləməyib və dəstəkləməyəcək də. Çünki xalq sabitliyin, inkişaf və tərəqqinin - mövcud iqtidarın, bu iqtidarın yürütdüyü qətiyyətli, məqsədyönlü siyasətin yanındadır".

Siyasi ekspert əlavə edib ki, eyforiya və total anarxiya üzərində aparılan bənzər siyasətlər hər zaman məhvə, süquta və uğursuzluğa məhkum olub: "Hansı müxalifət partiyası olmasından asılı olmayaraq, əgər həmin partiyanın rəhbərliyi "mənəm-mənəmlik" prinsipindən çıxış edirsə, özünü cəmiyyətə zorla, lüzumsuz çıxışları ilə lider kimi təqdim edirsə, habelə izafi eyforiyaya qapılaraq, total anarxiya siyasəti ilə hakimiyyətə gələcəyini hesab edirsə, belələrinin məğlubiyyətləri, hətta deyərdim ki, rüsvayçı məğlubiyyəti mütləqdir. Gördüyümüz kimi, mitinqlər, aksiyalar vasitəsilə daxillərindəki çirkablıqları növbəti dəfə nümayiş etdirən bu "liderlər" bayaq da dediyim kimi, 90-ların həndəvərində var-gəl edirlər və bu var-gəllər, gərdişlər faktiki olaraq nəticəsiz qalır. Yəni fakt budur ki, biz, daha öncəki illərdə də bənzər mitinqlərin, həmin mitinqlərdə bənzər ifadələrin səsləndirildiyini görmüşük".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31