"Əli Kərimlinin məqsədi kütləvi aksiyalar vasitəsilə sabitliyi pozmaqdır"
25 Yanvar 2019 13:38 Siyasət"Milli Şura yanvarın 19-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi və BŞİH onlara mitinq keçirmələri müəyyən şərtlər çərçivəsində icazə vermişdi. Amma özünü müxalifət adlandıran o radikal dəstənin üzvləri mitinqdən sui-istifadə edərək pozuculuq meyllərinə əl atdılar və ərazidə yaşayan insanların rahatsızlığına səbəb oldular". Bunu "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev bildirib.
Baş redaktorun sözlərinə görə, nəzərdə tutulmamış şüarların səsləndirilməsi və digər təxribat xarakterli çağırışlar göstərdi ki, bu dəstənin fikri sərbəst toplaşmaq azadlığından istifadə etmək deyil: "Məqsəd bu imkandan sui-istifadə edərək ölkədə, paytaxtda qarşılıqlıq yaratmaq və insanların, vətəndaşların istirahət, yaşam hüquqlarını pozmaq və bununla da öz çirkin məqsədlərini reallaşdırmaqdır. Mitinqdən bir gün sonra Şəhidlər Xiyabanındakı anım aksiyasında Əli Kərimli və ətrafındakıların davranışları onların aranı qarışdırmaq istəyində olduqlarını bir daha əyani şəkildə göstərdi. Şəhidlər Xiyabanına gələn hər bir kəs müvafiq qaydada keçərək şəhidlərimizi ziyarət edirdi. Amma Əli Kərimli və onun ətrafındakılar bunu ayrı-seçkilik kimi qiymətləndirdilər və qaydalara kobud şəkildə əməl etmək istəmədilər. Təbii ki, bu da çox xoşagəlməz bir mənzərənin yaranmasına səbəb oldu. Bu həm şəhidlərin ruhuna hörmətsizlik oldu, həm də anım mərasiminə gələn digər vətəndaşların hüquqları kobud şəkildə pozuldu. Onların növbəti mitinq vaxtını da elan etməsi göstərdi ki, burada məqsəd kütləvi aksiyalar vasitəsilə sabitliyi pozmaq və xaricdən idarə olunan müəyyən təxribatçı fikirlərin Azərbaycanda da tətbiq olunmasına çalışmaqdır. Amma Azərbaycan ictimaiyyəti, siyasi elitası hər şeydən çox məlumatlıdır. Belə hallara qarşı Azərbaycanda qətiyyətli mübarizə aparılır və 26 yanvar aksiyasına icazə verilmədi.
Bildiyiniz kimi son vaxtlar cənab Prezident tərəfindən idarəetmənin təkmilləşdirilməsi, struktur islahatları ilə bağlı çox səs-küyə səbəb olmuş və cəmiyyətin razılığı ilə qarşılanmış addımlar atılır. Təbii ki, bu addımlar korrupsiyalaşmış müəyyən dairələrin narazılığına səbəb olur. Ümumiyyətlə korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndikcə özlərini buna oppenet hesab edənlər daha da aqressivləşirlər və bu prosesə müqavimət göstərməyə çalışırlar. Müxalifət başçılarının və funksionerlərinin çıxışları göstərdi ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı".
SİA