Ölkədə düşünülmüş iqtisadi siyasət aparılır
Ziyad Səmədzadə: “Zaman Azərbaycanın sənaye siyasətinin bir daha düzgün, gələcəyə hədəflənmiş olduğunu təsdiq etdi”
25 Yanvar 2019 12:57 SiyasətZiyad Səmədzadə: "Zaman Azərbaycanın sənaye siyasətinin bir daha düzgün, gələcəyə hədəflənmiş olduğunu təsdiq etdi"
Bir müddət öncə dövlət başçısı İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş "SOCAR karbamid"zavodunun açılışı keçirildi. Maraqlıdır, sözügedən zavodun işə düşməsi Azərbaycan iqtisadiyyatının inkişafına hansı töhfələr verəcək? Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ölkəmizdə düşünülmiş, gələcəyə hədəflənmiş sənaye siyasəti aparılır və onun regionlarda daha sürətli təmin edilməsi istiqamətində çoxsaylı işlər görülür. Sumqayıt şəhəri də bu gün respublikamızın dinamik və sürtəli inkişaf edən sənaye mərkəzlərindən biridir. Bu baxımdan, Sumqayıt Kimya Sənaye Parkının ərazisində növbəti inşa olunmuş "SOCAR karbamid" zavodunun istifadəyə verilməsi də çox böyük hadisədir. Bu, Azərbaycan iqtisadiyyatının inkişafının daha bir göstəricidir. Bu, onun göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün məqsədləri, hədəfləri səbrlə, təmkinlə, uzaqgörənliklə bir-bir ardıcıllıqla reallaşdırır. Azərbaycan iqtisadiyyatının inkişafı artıq tam geridönməz xarakter daşımaqdadır. Dünyada neftin qiymətinin artıb-azalmasının artıq ölkə iqtisadiyyatının inkişafına, transmilli və regional layihələrin davam etdirilməsinə, reallaşdırılmasına mənfi təsiri sıfıra endirilib. Odur ki, belə bir zavodun işə düşməsi, tarixi təntənəli açılış mərasiminin keçirilməsi də Azərbaycan iqtisadiyyatının, xüsusilə, aqrar sektorun inkişafında öz mühüm rolunu oynayacaq və öz müsbət töhfəsini mütləq verəcək: "Qeyd edim ki, karbamid zavodunun layihəsi ölkə prezidentinin hələ 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş "2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na və 2014-cü ilin dekabrında imzaladığı Sərəncamla təsdiq edilmiş "Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na əsasən icra edilib. Belə ki, təməli 2011-ci ildə qoyulan zavodun tikintisi ilə əlaqədar elan olunan beynəlxalq açıq tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının "Samsung Engineering" şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. Layihənin ammonyak və karbamid istehsalı üzrə texnoloji avadanlığı müvafiq olaraq Danimarka və Hollandiya şirkətləri tərəfindən təmin edilib. Həmçinin layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb. Tikintinin pik vaxtında zavodun inşasına, ümumilikdə, 3600 nəfərdən artıq işçi cəlb olunub. Bununla yanaşı, inşaat zamanı təhlükəsizlik tələblərinə maksimum dərəcədə riayət edilib, iş həcmi qəzasız şəraitdə yerinə yetirilib". Millət vəkili qeyd edib ki, "SOCAR karbamid" zavodunun istehsala başlaması ölkədə azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Çünki zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi də məhz ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək: "Qeyd etdiyim kimi, bu zavodun işə düşməsi Azərbaycanda xüsusilə, kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Belə ki, karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidə tələbat onun aşağı maya dəyəri, qənaətcil daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlığı ilə əlaqədardır. Bu məhsuldan digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur. Nəzərə o da catdırmaq istərdik ki, indiyədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, yeni zavod həm daxili bazarın tələbatını tam ödəyəcək, həm də istehsal etdiyi məhsulun təxminən 70 faizini ixrac edəcək. Nəticədə, daha əvvəl idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta vəsaitləri ölkədə qalacaq, eyni zamanda, zavod respublikamız üçün əlavə gəlir mənbəyinə çevriləcək.Eyni zamanda məlumat üçün bildirim ki, "SOCAR karbamid" hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Zavodda təxminən 500 nəfər daimi işlə təmin ediləcək". Onun sözlərinə görə, ən maraqlı və sevindirici məqamlardan biri də odur ki, zavodun tikintisində itirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu, onu göstərir ki, Azərbaycanda həm çox güclü kadr potensialı yaradılıb, həm fəhlə kadrları, həm mütəxəssislər korpusu formalaşdırılıb. Bu, həm də son illər ərzində ölkədə təhsil sahəsinə ayrılan diqqətin bariz nümunəsi sayıla bilər. Açılış mərasimidə ölkə prezidentinin çıxışında da vurğulandığı kimi, bu zavodun əsas özəlliyi ondan ibarətdir ki, burada xammal kimi istifadə olunan məhsul təbii qazdır, yerli məhsuldur. Yəni, karbamidin tərkibində xarici komponent yoxdur: "Burada ildə 450 milyon kubmetr təbii qazdan istifadə olunacaq. Əgər biz təbii qazı indi bugünkü qiymətlərlə mövcud xarici bazarlara satsaydıq, bundan təqribən 80 milyon dollar vəsait əldə edə bilərdik. Ancaq karbamid şəklində istehsal olunacaq məhsulun dəyəri 150-160 milyon dollar olacaqdır. Yəni, biz səmərəliliyi demək olar ki, iki dəfə artırmışıq. Ölkəmiz üçün çox gözəl ixrac məhsulu yaratmışıq"-deyərək, dövlət başçısı bir daha vurğulamış oldu ki, kənd təsərrüfatının inkişafı üçün yerli gübrə yaradılıb və ölkənin qeyri-neft sənayesinə böyük töhfə verilib. Yəni, zavodun fəaliyyətə başlaması, bu əsas məqsədləri, hədəfləri güdür. Bir sözlə, biz bütün məqsədlərə çata bilmişik".
Nurlan