"Radikal müxalifət bu həssas məqamın fərqinə varmalıdır”
25 Yanvar 2019 11:51 Siyasət"20 Yanvar millətimizin tarixi dəyəridir. 20 Yanvar nakam ömürləri, qırılan taleləri ifadə edən tarixin özüdür. 20 Yanvar bütün tarixi kədəri ilə yanaşı, eyni zamanda ömrünü Vətənin ömrünə qatmaq örnəyidir. 20 Yanvar Vətənin azadlığı üçün, Himnimizdə deyildiyi kimi, hüququndan keçib, qəhrəman olmaqdır! Və belə bir gün keçici siyasi istəklərin günü, ünvanı ola bilməz, olmamalıdır. Bunu kimliyindən asılı olmayaraq heç kəs etməməlidir". Bunu Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İarə Heyəti üzvü Əkbər Qoşalı deyib.
QHT rəsmisinin sözlərinə görə, 20 Yanvar öz qiymətini hər il bir daha təsdiq edən hadisədir, sabaha daşınan qan yaddaşıdır: "Prezidentimiz başda olmaqla, dövlət rəsmilərimiz, ictimai fikri qidalandıran aydınlarımız, sənət xadimlərimiz, geniş ictimaiyyət nümayəndələri, bir sözlə, dövlət-xalq birliyinin təcəssümü ilə bütün spektri boyunca cəmiyyətimiz, istisnasız olaraq, hər il Şəhidlər Xiyabanını ziyarət edir.
Şəhidlərin ruhuna ehtiramımız əbədidir! Belə olan halda, bütün siyasi iddialar, umu-küsülər, heç olmazsa, ya 20 Yanvardan öncə ya sonra dilə gətirilməli, ən azı bir günümüz birlik günü kimi siyasi həyatın bütün iştirakçıları, subyektləri tərəfindən siyasi nəzakət əlaməti olaraq qorunmalıdır. Müxalif təşkilatı təmsil etmək bu nəzakəti, milli birlik gününü zədələməyə əsas, bəhanə verə bilməz və verməməlidir. Axı, bu tarix hamımızındır, onun müxalifəti-iqtidarı yoxdur. Bilirsiz, siyasi müaxlifət öz gücünü göstərmək, sosial bazasını nümayiş etdirmək istəyirsə, bunu 20 Yanvarda geniş xalq kütlələrinin ziyarətinə hesablamamalıdır. 20 Yanvar günü ziyarətə gəlmək, hansısa siyasi partiyanın mövqeyini bölüşmək anlamına gəlməz, bu hamımıza aid olan bir milli-mənəvi borcdur. Odur ki, radikal müxalifət sayılan təsisatların təmsilçiləri, elə bilirəm, bu həssas məqamın fərqinə varmalıdır".
SİA