REAL Əli Kərimlinin mitinq-şousuna qatılmayacaq SİYASİ RAKURS
24 Yanvar 2019 14:41 Siyasətİlqar Məmmədov gec də olsa, səhvini anladı
Məlum olduğu kimi, AXCP sədri Əli Kərimli ötən həftə "Məhsul" stadionunda keçirilən mitinqin "birləşmiş müxalifətin aksiyası" kimi qələmə verərək, sonradan bu mitinqin "əsas gücü" kimi AXCP-nin olduğunu aksiya iştirakçılarına sırımağa çalışdı. Halbuki, o daha öncə bənzər fikirlərlə çıxış etmirdi və insanları aksiyaya cəlb etmək üçün bu kimi siyasi dələduzluq manevrindən uzaq dayanmışdı. Məhz mitinqin gedişində, eləcə də sonrasında digər siyasi partiyaların rəhbərləri tərəfindən aşkar edildi ki, cəbhəçilərin sədri onlardan öz maraqları üçün istifadə edib. Hətta iş o yerə çatdı ki, "Milli Şura"nın sədri Cəmil Həsənlinin belə, adı çəkilməyən mitinqin, daha dəqiqi isə Əli Kərimlinin əsas məqsədləri üzə çıxmağa başladı.
REAL-çılar "kollektiv şüura" əsaslanan qərarlarını veriblər - "Əli Kərimlinin aksiyalarına qatılmayacağıq..."
Artıq, bir sıra partiyaların növbəti aksiyaya qatılmayacaqları da məlum olmağa başlayıb. Xüsusilə, bundan öncəki mitinqlərə qatılmayacaqlarını dəfələrlə bəyan etmiş, lakin öz sözlərinə xilaf çıxaraq ötən həftədəki mitinqdə qatılmış REAL-çılar aksiyaya dəstək verməyəcəklərini bildiriblər. Partiyanın sədri İlqar Məmmədov təşkilatdaxili iclas keçirərək, özlərinin də iddia etdikləri kimi, "kollektiv şüura" əsaslanan qərarlarını veriblər - "Əli Kərimlinin aksiyalarına qatılmayacağıq..."
Çox yəqin ki, ötən mitinqdə iki cümləni bir araya sığışdıra bilmədiyini açıq-aydın sərgiləyən İlqar Məmmədov onun qısa və məntiqsiz çıxışından sonra aksiya iştirakçılarının uzağı iki ağız "İlqar bəy...!" şüarı çağırmalarından da pəjmürdə olub. Ümumiyyətlə, REAL sədri də daxil olmaqla, digər müxalifətçi partiya mənsublarının çıxışlarına deyil, diqqətin bilavasitə Əli Kərimliyə yönləndirilməsi planı öz işini gördü.
İsgəndər Həmidov da bənzər qərar verəcək
Əbəs deyil ki, REAL-la yanaşı, daha bir neçə siyasi qurum qarşıdakı aksiyaya qoşulmayacaqlarını bu və ya digər şəkildə bəyan etməkdədirlər. Məsələn, xatırlaya bilərik ki, bir müddət əvvəl "Zirvə toplantısı" adı altında müxalifət partiyalarını bir araya gətirməyə çalışan AMDP sədri İsgəndər Həmidovun həmin çağırışlarına nə Müsavat, nə də AXCP müsbət cavab verməmişdilər. Lakin buna baxmayaraq, o Əli Kərimlinin mitinqinə qatılmaq qərarını vermişdi. Ancaq bəlli məsələlərdən sonra onun da aksiyaya getməyəcəyi barədə müəyyən ifadələr səslənməkdədir.
Bütövlükdə isə, mitinqdəki saxta tələblər və s. çağırışlardan sonra düşərgə ciddi çaxnaşma ərəfəsindədir - hədəf isə Əli Kərimlidir. Necə deyərlər, özünü "birləşmiş müxalifətin lideri" kimi sırımağa çalışan AXCP sədri özü-öz quyusuna düşdü. Hər halda, növbəti aksiyasında bütün bunların şahidləri olacağıq...
SİA