Prezident İlham Əliyevdən daha bir humanist addım

Azərbaycan dövləti və onun prezidenti üçün insan hüquq və azadlıqlarının qorunması əsas şərtdir

Azərbaycan dövləti və onun prezidenti üçün insan hüquq və azadlıqlarının qorunması əsas şərtdir

Azərbaycan dövləti və onun prezidenti Cənab İlham Əliyev hər zaman insan hüquq və azadlıqları, humanizm prinsiplərini əsas tutaraq bu istiqamətdə həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilən, alqışlanan addımlar atıb. İl ərzində dövlət başçısının azadlıqdan məhrum edilmiş bir qrup şəxsin azad edilməsi ilə bağlı əfv sərəncamı imzalaması fonunda bunu aydın görmək mümkündür. Bundan başqa dövlət başçısı bir neçə dəfə azadlıqdan məhrum edilmiş bəzi şəxslərin işinin  obyektiv və ədalətli aradırılması ilə bağlı hüquq-mühafizə orqanlarına tövsiyyələr də verib ki, bu da öz-özlüyündə Cənab Prezidenti İlham Əliyevin yüksək səviyyədə humanist biri olduğunun əyani sübutudur.  Bu günlərdə Azərbaycan dövlət başçısı daha bir humanist addım ataraq bu prinsiplərə daim sadiq qaldığını ortaya qoydu. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tövsiyə verib.  Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov deyib ki, dövlət başçısının belə bir tövsiyə verməsi hazırda cəza çəkən Mehman Hüseynovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ilə bağlı olub. Fuad Ələsgərov deyib ki, məhkum Mehman Hüseynov 2019-cu il yanvarın 20-də Azərbaycan Respublikasının Prezidentinə müraciət edib. Müraciətdə o, barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsini xahiş edib. Bundan öncə, 2019-cu il yanvarın 18-də Mehman Hüseynovun məsələsi ilə əlaqədar bir qrup hüquq müdafiəçisi də Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlayıb. Hüquq müdafiəçiləri baş vermiş insidentlə əlaqədar süni şəkildə ajiotaj yaradıldığını, yalan məlumatların yayıldığını, yanlış ictimai rəy formalaşdırmağa cəhdlər edildiyini qeyd edib, Azərbaycan Respublikası Prezidentinin yüksək humanizm prinsipinə daim sadiqliyini xüsusi vurğulayaraq, Mehman Hüseynovun barəsində də mərhəmət göstərilməsini xahiş ediblər.

Müraciətlər Azərbaycan Respublikası Prezidentinin diqqətinə çatdırılıb və cənab Prezident bu müraciətlərə dərhal reaksiya verib. Prezident İlham Əliyev məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə edib. Eyni zamanda, cənab Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib.

Dövlət başçısının atmış olduğu bu addım heç şübhəsiz ki,  Mehman Hüseynovun tərəfdarları tərəfindən yüksək səviyyədə təqdir edilib, alqışlanacaq. Ancaq Azərbaycan Prezidentinin bu addımı Avropadakı bəzi antiAzərbaycan qüvvələri narahat edib desək yanılmarıq. Çünki məhz Mehman Hüseynov olayı Qərb, Avropadakı bəzi antiAzərbaycan dairələrə rəsmi Bakıya təzyiq göstərmək üçün əlverişli şans vermiş oldu. Və bu təzyiq hətta Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsi ilə nəticələndi. Halbuki indiyə qədər Mehman Hüseynovla bağlı atılan digər humanist addımlarla əlaqədar Avropa Parlamenti, eləcə də Avropadakı digər siyasi təsisat və institutlar bir dəfə də olsun rəsmi Bakının ünvanına xoş sözlər səsləndirmədi. Bir daha qeyd etmək yerinə düşər ki, Mehman Hüseynovla bağlı əvvəllər də humanist yanaşmanın şahidi olmuşuq. Belə ki, Mehman Hüseynov cəza çəkdiyi müddətdə ağır xəstəlikdən sonra vəfat etmiş anasının yas mərasimində iştirak etməyə buraxılmışdı.

Ümumiyyətlə isə bu Azərbaycan praktikasında ilk belə hal deyil. Azərbaycan Respublikasının Prezidenti hər zaman bu cür müraciətlərə həssaslıqla yanaşır, öz fəaliyyətində daim ədalət və humanizm prinsiplərini rəhbər tutur və bütün dövlət məmurlarından da eyni yanaşmanı tələb edir. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı cənab Prezidentin son təşəbbüsləri minlərlə məhkumun azadlığa çıxmasına zəmin yaradıb. Və yaxud erməni işğalı altında olan Azərbaycan ərazisinə qeyri-qanuni səfər etmiş blogger Aleksandr Lapşinin azadlığa buraxılması, vergi cinayətlərinə görə məsuliyyətə cəlb olunmuş "Turan" Agentliyinin rəhbəri Mehman Əliyevin işinin obyektiv araşdırılması məqsədilə hüquq-mühafizə orqanlarına tövsiyələr verilməsi, eləcə də digər bu kimi faktlar bir daha onu təsdiqləyir ki, Azərbaycan dövləti və onun prezidenti üçün insan hüquq və azadlıqlarının qorunması əsas şərtdir. Dövlət başçısı hətta ona qarşı ən qatı siyasi mövqedə dayanan, bu gün də barışmaz mövqe sərgiləyən və yerli-yersiz dövlət başçısının ünvanına ittiham və iddialar səsləndirən Qənimət Zahidlə bağlı humanistlik nümayiş etdirib, sabiq baş redaktor həbsdə olarkən onun atasının yas mərasimində iştirakına şərait yaradılıb. İstər o zaman, istərsə də hazırda dövlət başçısının Mehman Hüseynovla bağlı atdığı addımı bir çoxları, xüsusilə radikal siyasi düşərgə Avropadan artan təzyiqlərlə baölasa da, lakin unudurlar ki, Azərbaycan dövləti hər hansı qərar qəbul etməkdə müstəqildir və heç kimdən asılı vəziyyətdə deyil. O ki, qaldı Avropa Parlamentinin məlum qətnaməsinə və Mehman Hüseynovla bağlı hüquq-mühafizə orqanlarına tövsiyə edilməsinə, hər kəs anlamalıdır ki, bunun hər hansı bir təşkilatın Azərbaycana olan münasibətlə heç bir bağlılığı yoxdur. Cənab Prezidenti hələ 2015-ci ildə Çex Respublikasından olan həmkarı ilə görüşündə Avropa Parlamentinə ən layiqli qiyməti vermiş və onun  qəbul etdiyi bəyanatı kağız parçası adlandırmışdı. Hazırda dövlət başçısının Mehman Hüseynovla bağlı nümayiş etdirdiyi mövqe isə sırf humanizm prinsiplərinə əsaslanır ki, Avropada bu prinsiplərin nə demək olduğunu çətin ki, başa düşərlər. Əgər belə olmasaydı bu gün Azərbaycan əleyhinə birləşmiş bəzi avropalı siyasilər, təsisatlar və institutları bir dəfə də olsun erməni işğalına məruz qalaraq öz ev-eşiklərindən didərgin düşmüş 1 milyona yaxın azərbaycanlının taleyi, onların hüquqları düşündərər və humanizm prinsipləri işə düşərdi. Ancaq nə fayda...   

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31