Radikalların növbəti mitinq şousu
Və ya erməni maraqlarına xidmət edən aksiya
21 Yanvar 2019 13:42 SiyasətVə ya erməni maraqlarına xidmət edən aksiya
Son illər maraqlı, maraqlı olduğu qədər də təəssüfedici bir tendensiya müşahidə edilir. Hər dəfə Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik fəallıq artdığı bir ərəfədə Azərbaycan üç cəbhədən təzyiqlərlə üzləşir. Birinci cəbhə, Qərb, Avropa və onun bəzi siyasi institutları, ikinci cəbhə həmin siyasi institutların Azərbaycanda olan maşaları, radikal siyasi düşərgə, üçüncü isə işğalçı Ermənistan. Qərb və Avropanın siyasi institutları həmin ərəfədə Azərbaycanla bağlı qərəzli bəyanatlar, açıqlamalarla çıxış edir, onların daxildəki maşaları etiraz aksiyalarına start verir və nəhayət Ermənistan da müxtəlif istiqamətlərdə təxribatçı hərəkətlərə əl atır. Sanki Dağlıq Qarabağ probleminin həlli məhz bu üç cəbhəni ciddi narahat edir. Elə bu günlərdə Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə görüşü keçirilən ərəfədə Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qərəzli bəyanat, eyni zamanda radikal siyasi düşərgənin paytaxtda növbəti etiraz aksiyası keçirməsi, ən nəhayət Ermənistanın növbəti təxribatçı hərəkətlərə yol verməsi deyilənləri təsdiqləyir. Bütün bunlardan əldə edilən nəticə ondan ibarətdir ki, Dağlıq Qarabağ probleminin həll edilməsi qeyd etdiyimiz 3 cəbhənin maraqlarına uyğun deyil. Məlumat üçün qeyd edək ki, Milli Şura adlanan qurumun yanvarın 19-da "Məhsul" stadionunda keçirdiyi mitinq zamanı da qeyd etdiyimiz məqam öz təsdiqini tapdı ki, radikal siyasi düşərgəni yalnız və yalnız hakimiyyətə gəlmək düşündürür. Dağlıq Qarabağ problem onlar üçün əhəmiyyət kəsb etmir. Əks halda yanvarın 19-da bir neçə şüarla "Məhsul" stadionuna cəm olanlar bundan bir müddət əvvəl Qarabağla bağlı keçirilən mitinqdə də iştirak edərdilər. Elə əksəriyyət də belə düşünür ki, radikal siyasi düşərgə üçün Qarabağ məsələsi önəmli deyil. Əgər bunun əksi olsaydı radikallar etiraz aksiyasını ümumxalq hüzn günü ərəfəsində keçirməzdilər. Siyasi fəal Samir Adıgözəlli deyir ki, Milli Şurada toplaşan antimilli ünsürlər Şəhidlərimizin ruhuna hörmət etməyərək Ümumxalq hüzn günü ərəfəsində ölkəmizdəki sabitliyi, asayişi pozmağa cəhd edib. Onun sözlərinə görə. radikallar insanlarımızın Şəhidlər Xiyabanına getməsini əngəlləmək üçün 19 yanvara təyin etdiyi mitinqə adam toplamaq üçün hazırladıqları bir qrup "fəallar" vasitəsilə insanları söyüşlə, təhqirlə, "mitinqə gəlməsən kişi deyilsən" deməklə təxribata çəkmək istəyiblər: "Və haqlı olaraq törətdikləri təxribata görə hüquq mühafizə orqanları tərəfindən saxlanılıblar.
Bunlar başa düşmək istəmirlər ki,söyüşlə, təqhirlə mitinqə insanları gətirmək əsla mümkün deyil. Radikal müxalifət havadarlarının tapşırığı ilə ölkəmizdəki sabitliyi pozmaqla yenə gənclərin şüurunu korlayaraq onları öz qurbanlarına çevirirlər"
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da hesab edir ki, radikal siyasi düşərgəni Qarabağ problemi qətiyyən düşündürmür. Onun sözlərinə görə, Musavat Partiyası və REAL-ın Milli Şuranın mitinqini dəstəkləməsi gözlənilməz oldu: "Həm də gözlənilən idi, çünki onları bağlayan görünən və görünməyən bağlar var. Sehrli çubuq da olmamış deyil. Qarabağ məsələsində bir araya gəlmək istəmədilər, olsun. Təki indi bir araya gəlsinlər. Amma yaddan çıxarmasınlar ki, Qarabağ ən böyük siyasi məhbusdur. Ermənilərin zindanında saxlanılan Qarabağı da müdafiə edəcəklərmi? Qarabağı Qərbdən tələb edə biləcəklərmi? Mən hələlik bunların sağlam niyyətlə birləşmələrinə , millətin və dövlətin maraqlarına xidmət etdiklərinə inanmıram.Yaşayarıq , görərik". Akif Nağı qeyd edib ki, məqsəd mitinq də deyil. Xalq Qarabağ tələbi ətrafında fəallaşmalıdır: "Biz 2001, 2002 , 2003 -cü illərdə Qarabağ mitinqləri keçirdik. Onda da aparıcı müxalifət partiyaları fəal dəstək vermədi , qisqanclıq etdilər. Ondan sonra da müxtəlif aksiyalarla xalqı fəallaşdırmağa həmişə çalışmışıq. İndi də Qarabağ mitinqi keçirdik , bəzi müxalifət partiyaları dəstək vermədi. Buna nə deyirsiniz? Bir ay əvvəl REAL--ın sədri Avropa İttifaqına məktub yazıb ki , bizə Qarabağ lazım deyil, biz Avropaya inteqrasiya etmək istəyirik. Buna nə deyirsiniz? 1920 - ci ildə Nəriman Nərimanov elan etdi ki, biz kommunistik , nə torpaq davası ola bilr , Naxçıvanı , Zəngəzuru Ermənistana veririk . İndi də bəziləri deyilər ki, demokratıq , nə torpaq davası ola bilər , Qarabağı verək ermənilərə. Biz isə deyirik ki, Qarabağı heç bir ad altında vermək olmaz. Hər şeydən öndə Qarabağdı. Siz nə deyirsiniz?"
Politoloq Ramiz Alıyev də hesab edir ki, radikal siyasi düşərgənin başlıca məqsədi ölkədəki sabitliyi pozmaq, xaos yaratmaq və bununla da hakimiyyət iddialarını həyata keçirməkdir. Ancaq Ramiz Alıyev qeyd edir ki, radikalların məlum məqsədləri hər zamankı kimi bu dəfə də alınmayacaq. Çünki xalq, Azərbaycan cəmiyyəti xaos, anarxiya deyil, sabitlik, inkişaf tərəfdarıdır: "Özünü "Milli Şura" adlandıran və 5-10 nəfərdən ibarət qrant üstündə bir-birlərini az qala al-qan edən müxalifət nümayəndələri güya ki, ümumxalq mitinqi etdilər. Balaca bir stadionu belə doldura bilməyən bu "ağıl dəryaları" anlamırlar ki, 200-300 nəfərlə ümumxalq mitinqi olmur. Düşünə bilmirlər ki, hazırda təkcə Bakı şəhərində 2 milyona yaxın insan yaşayır".
Məhəmməd