Milli-Mənəvi dəyərlərə bağlılığın yüksək göstəricisi

"Milli-mənəvi dəyərlərə bağlılıq Azərbaycanda hər zaman özünü yüksək səviyyədə göstərib və bu gün də bu siyasət davam edir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri sabiq millət vəkili Cahangir Hüseynov 2019-cu ilin Azərbaycanda "Nəsimi İli" elan edilməsinə münasibət bildirərkən səsləndirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili" elan edilməsini müsbət qiymətləndirən Cahangir Hüseynov deyib ki, bu sərəncam həm də tarixi şəxsiyyətlərimizə, ədəbiyyatımıza verilən qiymətdir: "Dövlət başçısının məlum sərəncamını Cənab Prezidentin Nəsimi yaradıcılığına verilən yüksək dəyər, qiymət kimi xarakterizə etmək olar. Bu eyni zamanda Azərbaycan ədəbiyyatının dünya miqyasında tanıdılmasına xidmət edəcək. Heç şübhəsiz ki, "Nəsimi İli" çərçivəsində Azərbaycanda müxtəlif səviyyələrdə tədbirlər, beynəlxalq konfranslar keçiriləcək və həmin tədbirlərdə xarici ölkələrdən də qonaqlar iştirak edəcəklər. Bu da öz növbəsində həm  Azərbaycanın təbliği baxımından önəmlidir, həm də milli-mənəvi dəyərlərimizə necə qiymət verildiyini bir daha sübuta yetirəcək"

Cahangir Hüseynov deyib ki, artıq Azərbaycanda  hər ilin bir əlamətdar hadisəyə təsadüf edilməsi, bununla bağlı müvafiq sərəncamın imzalanması ənənə halını alıb: "Məlum olduğu kimi keçən il Azərbaycanda Xalq Cümhuriyyəti ili elan edildi. Bu il isə "Nəsimi İli"dir. Bu kimi sərəncamlar eyni zamanda gənc nəslin müxtəlif istiqamətlərdə, tariximiz, mədəniyyətimiz ədəbiyyatımız barədə geniş və ətraflı şəkildə maarifləndirilməsi baxımından da önəmlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31