İdarəetmədə aparılan islahatlar Azərbaycanın yeni mərhələdə inkişafına təkan verəcək

Azərbaycanda demokratik dövlət quruculuğu kursu uğurla davam etdirilir. Prezident İlham Əliyev həm ölkənin daxili tarixi təkamül dinamikasını, həm də dünya təcrübəsini nəzərə alaraq davamlı islahatlar həyata keçirir. Ölkə başçısının son günlərdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmanlar buna bir daha sübutdur.

Azərbaycanda demokratik dövlət quruculuğu kursu uğurla davam etdirilir. Prezident İlham Əliyev həm ölkənin daxili tarixi təkamül dinamikasını, həm də dünya təcrübəsini nəzərə alaraq davamlı islahatlar həyata keçirir. Ölkə başçısının son günlərdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmanlar buna bir daha sübutdur. Etiraf edilməlidir ki, bu istiqamətdə atılan addımlar dövlət quruculuğu inkişafında müstəsna rol oynayır. Dövlət idarəçiliyində aparılan islahatlar paralel olaraq ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Müasir dövrümüzdə dövlətlərin idarəetmə sistemində də təzahür edən modernləşmə yeni idarəetmə modellərinin, müasir, vətəndaşa yönümlü, onu məmnun edən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarmışdır. Subyektivliyin aradan qaldırılması üçün sərt reqlamentlərə əsaslanan ənənəvi modellərdən fərqli olaraq yeni idarəetmə modelləri bunun üçün şəffaflığın artırılmasını ön plana çəkir.  Sərt qaydaların deyil, optimal  menecment metodlarının  tətbiqi, insan kapitalı, ictimai rəy, asan və səmərəli xidmətlə vətəndaş məmnunluğu arasındakı zəruri əlaqə müasir islahatların əsas qayəsi kimi çıxış edir. Müvafiq olaraq respublikamızda aparılan ardıcıl islahatlar da idarəetmənin təkmilləşdirilməsinə, səmərəli və peşəkar dövlət qulluğunun, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasına, dövlət qulluğunun xalqa qulluq mənasını ifadə etməsinə, məsuliyyətli, kreativ, dövlətinə və xalqına sadiq kadr potensialının formalaşdırılmasına xidmət edir. Məhz bu kimi amilləri nəzərə alaraq prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında milli dövlətçiliyin inkişafı baxımından çox aktual olan məsələlərdən bəhs edib. Dövlət başçısı sürətlə dəyişən müasir dünyada daha uğurlu və səmərəli fəaliyyətin ümumi prinsiplərini bir daha bəyan edib. Konkret sahələr üzrə qarşıda duran vəzifələrin həlli üçün çevik, məqsədyönlü və səmərəli fəaliyyətlə bağlı reallaşdırılmalı olan islahatları vurğulayıb. Millət vəkili Eldar İbrahimov bildirib ki, prezident  İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman böyük əhəmiyyət kəsb edir. Ona görə ki, idarəetmədə aparılan islahatlar Azərbaycanın yeni mərhələdə inkişafına daha da təkan verəcək. E.İbrahimov bildirib ki, dövlət başçısının qeyd etdiyi kimi Azərbaycanda idarəetmə dünyanın inkişaf etmiş hissəsində müşahidə edilən idarəetmə özəlliklərini mütləq nəzərə almalıdır. Onun sözlərinə görə, Azərbaycan demokratik və sivil idarəetməni əsas xətt kimi seçib və bu kontekstdə digər aparıcı dövlətlərlə təcrübə mübadiləsinə tam açıqdır: "Azərbaycan da dünya dövlətlərində idarəetmə sahəsində özünü göstərən özəl prosesləri diqqətlə izləyir və müasir dövrün tələblərinə uyğun strukturlar yaradır. Bütövlükdə fərmanin imzalanmasında məqsəd Azərbaycanda dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir. Yəni Azərbaycanın dövlət başçısı çevik surətdə struktur islahatlarını inkişaf etdirir. Azərbaycan dinamik və hərtərəfli inkişaf edən ölkə kimi daha çevik struktura malik optimal idarəetmə tələb edir. Burada strateji uğurların davamlılığını təmin etmək üçün daha səmərəli şərtlər formalaşdırmaq ciddi əhəmiyyət kəsb edir. Təbii ki, bu zaman paralel strukturlar, səmərəliliyi lazımi səviyyədə olmayan qurumlar və kifayət qədər çevik fəaliyyət mexanizminə malik olmayan təşkilatlar idarəetmə vahidi kimi əvəzlənməlidir. Həmin işlərin reallaşması üçün isə sistemli islahatlar aparılmalıdır. Prezidentin imzaladığı Fərman bu kontekstdə olduqca əhəmiyyətli sənəd olmaqla Azərbaycanda milli dövlət quruculuğu kursunun bütün prinsiplərinə tam uyğundur". Xatırladaq ki, prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, yeni demokratik mexanizmlərin  yaradılması  və xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir  idarəetmə modelinin, vətəndaş - dövlət qulluqçusu münasibətlərində yeni düşüncə tərzinin, kadr potensialının formalaşdırılması, korrupsiya yarada bilən səbəbləri aradan qaldırmaq üçün zəmin olmuşdur. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi üçün  2007-2011-ci illərdə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" icra edilmiş, Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın, yeni texnologiyaların tətbiqi əsas prinsiplər kimi təsbit olunmuşdur. Dövlət qulluğuna şəffaf seçim və irəliləyiş qaydası fəaliyyət göstərir, ehtiyat kadrların formalaşdırılmasında, əlavə peşə təhsilinin təşkilində və ümumilikdə dövlət orqanlarının fəaliyyətində, xidmətlərin təqdim olunmasında açıqlığın təmin olunması zəruri əhəmiyyət kəsb edir. Onu da xatırladaq ki, Azərbaycanda yeni inkişaf mərhələsinin mühüm təminat şərti kimi təsbit olunan səmərəli dövlət idarəetməsinin qurulmasına yönələn dövlət siyasətinin mərkəzində vətəndaş durur, onun məmnunluğu dövlət xidmətlərinin keyfiyyət və asanlığının əsas göstəricisi hesab olunur, şəffaflığın təminatı, kadr potensialının  zənginləşdirilməsi ictimai həyatın bütün sahələrini əhatə edir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31