Ölkədə tolerant mühitin daha da sağlamlaşdırılması, mənfi təzahürlərin aradan qaldırılması üçün əhəmiyyətli addımlar atılıb
17 Yanvar 2019 13:53 SiyasətBütün bu addımlar ölkədəki dövlət-din münasibətlərinin təkmilləşməsi və möhkəmlənməsinə xidmət edib.
Son illərdə bütün sahələrdə olduğu kimi dini sahədə də həyata keçirilən tədbirlər, atılan addımlar öz müsbət nəticələrini göstərir. Xüsusilə dini maarifləndirmə sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər həm gənclərimizin xarici dini təsirlərə düşməsinin qarşısını alıb, həm də qeyri-ənənəvi, radikal dini qruplaşmaların ölkəmizə nüfuz etməsini önləyib.
Təsadüfi deyil ki, elə 2018-ci ildə də bu istiqamətdə müsbət tendensiya müşahidə edilib. Belə ki, hesabat dövründə dini təyinatlı ədəbiyyatın ölkəyə idxalı, nəşri və yayılması sahəsindəki vəziyyətin öyrənilməsi, ölkədə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması istiqamətində işlər davam etdirilib. İdxalla bağlı 2018-ci il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında 1704 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 52 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 192 adda dini ədəbiyyatdan 26-sının çapı məqsədəuyğun sayılmayıb. 741 adda (801 min 307 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunaraq DQİDK-ya göndərilən 437 adda dini təyinatlı ədəbiyyat və məmulat materiallarından 38-nin zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib. Ötən müddət ərzində hüquq-mühafizə orqanları ilə birgə qanunsuz dini fəaliyyətə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı inzibati tədbirlər intensiv şəkildə davam etdirilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, 33 protokol tərtib edilib.
Hesabat dövründə Dövlət Komitəsi dini maarifləndirmə istiqamətində də mühüm tədbirlər həyata keçirib. Belə ki, 2018-ci ildə dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə respublikanın bütün bölgələrində tədbirlər təşkil olunub. Ümumilikdə isə 600-ə yaxın tədbir keçirilib. Ölkənin şəhər və rayonlarında "Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər" mövzusunda 13 regional konfrans, "Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili" mövzusunda 21 seminar-müşavirə və "Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər" mövzusunda 20 seminar-treninq keçirilib. Müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti ilə 10, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə 69, Müdafiə Nazirliyi ilə 10, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə 10, Dövlət Sərhəd Xidməti ilə 6, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə 33, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə 2, Təhsil Nazirliyi ilə 200-dən artıq birgə tədbir təşkil edilib.
Diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, ötən il ərzində də ölkədə dini durum sabit və ürəkaçan olub. Həmçinin tolerant mühitin daha da sağlamlaşdırılması, mənfi təzahürlərin aradan qaldırılması üçün bir sıra əhəmiyyətli addımlar atılıb. Bütün bu addımlar ölkədəki dövlət-din münasibətlərinin təkmilləşməsi və möhkəmlənməsinə xidmət edib.
Ötən ilin dövlət-din münasibətlərinin tənzimlənməsi və din sahəsinə dövlət qayğısı baxımından da əlamətdar olub. Belə ki, milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə hər zaman yüksək qiymət və dəstək göstərən Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı və 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb və Azərbaycan İlahiyyat İnstitutu ötən il tam şəkildə fəaliyyətə başlayıb.
Dövlət Komitəsi il ərzində respublikada dini durumu dərindən öyrənmək, dini prosesləri izləmək, əsas tendensiyaları müəyyənləşdirmək, radikal dini cərəyanların fəaliyyətinin qarşısını almaq, ölkədəki dini vəziyyətlə bağlı informasiya fondunu genişləndirmək, dini qurumlarla əməkdaşlığın qurulmasını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirib.
Dini icmaların qeydə alınması, onların fəaliyyəti üçün normal şəraitin yaradılması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilib. Bunu ötən il dövlət qeydiyyatına alınan dini icmaların sayından da aydın görmək mümkündür. Belə ki, 2018-ci ildə dövlət qeydiyyatına alınan dini icmaların ümümi sayı 909-a çatıb, onlardan 877-nin İslam, 21-i xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru olmaqla 32-nin isə qeyri-islam təmayüllü olub. Hesabat dövründə dini qurumların dövlət qeydiyyatına alınması ilə bağlı 143 müraciət (138-i İslam, 5-i qeyri-islam təmayüllü) daxil olub, 22 dini qurumun sənədlərinin qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılıb, ümumilikdə 98 dini icmanın (96-sı İslam, 2-si qeyri-islam təmayüllü) dövlət qeydiyyatına alınıb.
Sirr deyil ki, Azərbaycan həssa bir bölgədə yerləşdiyindən hər zaman ölkəmizə xarici dini təsirlərin olması təhlükəsi var və xüsusilə bunu həmin dairələr qeyri-qanuni ədəbiyyatların ölkəmizə gətirilməsi. onların burada vətənaşlarımız arasında yayılması ilə həyata keçirmək istəyirlər. Sevindirici hal ondan ibarətdir ki, müvafiq qurumlar bu kimi mənif halların qarşısını zamanında ala bilirlər.
Füzuli