“Sosial siyasət vətəndaşların rifah halının yaxşılaşmasına xidmət edir”
21 Dekabr 2018 15:04 Siyasət"Ölkəmizdə həyata keçirilən sosial siyasət birbaşa vətəndaşların rifah halının yüksəlməsinə xidmət edir. Hər il ölkəmizdə müxtəlif kateqoriyalar üzrə əmək haqları artırılır, aztəminatlı ailələrin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır". Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat İlham Məmmədov deyib.
Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsinin dövlət siyasətinin başlıca istiqamətini təşkil etdiyini deyən deputat bildirib ki, ölkə başçısının "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" Sərəncamı buna bariz nümunədir.
Onun sözlərinə görə, əhalinin aztəminatlı hissəsi dövlətin sosial siyasətində həmişə diqqət mərkəzində olub: "Hələ 2003-cü il fevralında yoxsulluğun azaldılması haqqında ilk dövlət proqramı təsdiqlənib, 2008-ci ildə növbəti belə proqram qəbul edilib. Ümumiyyətlə, ölkəmizdə heç zaman sosial proqramların icrası təxirə salınmayıb. Hətta dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda sosial layihələrin icrası istiqamətində işlər daha da gücləndirilib və bu sahə üzrə həyata keçirilən heç bir proqramın icrasında ləngimələr olmayıb. Təbii ki, bu, da Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülən sosial-iqtisadi siyasətin nəticəsidir".
İ. Məmmədov qeyd edib ki, son 15 ildə ardıcıl olaraq həyata keçirilən tədbirlər, icra edilən dövlət proqramları sayəsində əhalinin aztəminatlı təbəqəsinin ümumu əhali nisbətində xüsusi çəkisi azalıb: " Azərbaycanda yoxsulluq səviyyəsi görülən işlər nəticəsində 49 faizdən 5 faizə düşüb. Bu amil Azərbaycanda nə dərəcədə uğurlu sosial-iqtisadi siyasətin həyata keçirilməsinin bariz göstəricisidir".
SİA