Azərbaycan dövləti və xalqı öz gələcəyini gənclərlə bağlayır

Ölkəmizdə  milli təhsil quruculuğu sahəsində əhəmiyyətli addımlar atılıb

Dekabrın 21-də Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirilib. Mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub. Məktubda deyilir ki, bugünkü ali məclisinizin "Azərbaycan Xalq Cümhuriyyəti İli"nə təsadüf etməsi əlamətdar haldır. Ölkəmizdə ana dilində tədrisə başlanılması, ilk universitetin yaradılması və azərbaycanlı gənclərin xaricdə ali təhsil almağa göndərilməsinin təməli Xalq Cümhuriyyəti dövründə qoyulub. Bu ənənə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən davam etdirilib". Qeyd olunub ki, məhz ulu öndərin təşəbbüsü ilə azərbaycanlı gənclər keçmiş Sovet İttifaqının məşhur ali məktəblərində təhsil alaraq, vətənimizin yüksəlişi naminə cəmiyyət həyatının ən müxtəlif sahələrində əzmkarlıqla çalışıblar: "Müstəqil Azərbaycanda milli təhsil quruculuğu sahəsində əhəmiyyətli addımlar atılıb, gəncliyin inkişafı və təhsili ilə bağlı bir sıra dövlət proqramları qəbul edilib. Ümidvaram ki, həmin proqramlar müvəffəqiyyətlə həyata keçiriləcək, gənclərimiz ən yeni bilik və texnologiyaları mənimsəyərək, yüksək hazırlıqlı kadrlar kimi ictimai-siyasi, iqtisadi və mədəni həyatda təqdirəlayiq fəaliyyətləri ilə ölkəmizin tərəqqisi naminə öz töhfələrini verəcəklər. Əziz gənclər, siz çiçəklənən, gözəl bir ölkədə yaşayırsınız. Hamılıqla uğurlarınıza ürəkdən sevinirik. Zəngin bilikli və dərin mənəviyyatlı, vətənpərvər gənclik olaraq formalaşmağınız gələcəyə inamımızı artırır, qəlbimizi qürur hissi ilə doldurur. Sizinlə fəxr edirik! Azərbaycanın gələcəyi məhz sizlərin bilik səviyyəsindən və müasir innovativ texnologiyalara yiyələnmək bacarığınızdan asılı olacaq. Sizin dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacağınıza inanıram".

Baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, Azərbaycan öz həyatını, bu gününü və gələcəyini gənclərdən ayrı təsəvvür etmir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insanın qoyulması, bu gün Azərbaycan reallığının ən mühüm amillərindəndir.Baş nazirin müavini söyləyib ki, ölkədə gənclərə yönələn siyasət Azərbaycanın vətəndaşlarının həyatının yaxşılaşdırılması üçün atılan addımların əsas qayəsidir: "Bu gün Azərbaycan cəmiyyətinin malik olduğu dəyərlər gənclər üçün istifadə edilir. Eyni zamanda bu gün Azərbaycan dövləti və xalqı öz gələcəyini gənclərlə bağlayır. Tələbəlik dövrü həyatın ən yadda qalan hissəsidir. Siz xoşbəxt insanlarsız ki, çiçəklənən ölkənin gənclərisiz. Bu mənada sizin yaxşı təhsil almanız, yaxşı oxumağınız Azərbaycanın etibarlı şəkildə qorunmasında mühüm amildir". Azərbaycan hökumətinin həyata keçirdiyi gənclər siyasətinin əsas gözləntilərini açıqlayan Ə.Əhmədov söyləyib ki, əsas məqsəd gənclərin sağlam böyüməsi, inkişaf etməsidir: "Buna görə hökumətin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsini gənclərimizin sağlam böyüməsinə yönəlib. Təhsilsiz heç bir cəmiyyət inkişaf edə bilməz. Azərbaycan cəmiyyəti də inkişafını təhsillə bağlıyır. Təhsilli gənc öz həyatını daha yaxşı qurur, arzularını reallaşdıra bilir". Baş nazirinin müavini vurğulayıb ki, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin digər məqsədlərindən biri gənclərin layiqli, vətənpərvərlik hissləri üzərində formalaşmasıdır: "Bizim gəncliyimiz bu gün Ümummilli Lider Heydər Əliyevin kəlamını xatırlayır. Siz də Ulu Öndərin söylədiyi kimi Azərbaycanla fəxr etməlisiniz. Bizim həyata keçirdiyimiz siyasətin digər istiqaməti odur ki, siz müasir və fəal olasınız. Siz fəal olmaqla Azərbaycana qarşı aparılan çirkli təbliğata qarşı daim mübariz olmalısınız. Biz ictimai-siyasi həyatda daha fəal və mübariz olmanızı istəyirik. Bu, Azərbaycan cəmiyyətinin inkişafı üçün tələb olunan keyfiyyətlərdən biridir. Biz sizinlə fəxr edirik və gələcəyimizi sizdən ayrı hesab etmirik".

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, 2019-2020-ci ilin tədris ilində ali təhsil müəssisələrinə dövlət sifarişli yerlərinin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulur: "Ötən dövr ərzində Azərbaycan Avropa Ali Təhsil Məkanının bərabərhüquqlu üzvünə çevrilib, ali təhsil müəssisələrinin fəaliyyəti Bolonya prosesinin tələblərinə uğunlaşdırılıb". Ceyhun Bayramov qeyd edib ki, bu il qəbul imtahanlarında rekord sayda - 41 minə yaxın gənc tələbə adını qazanıb, 3127 nəfər 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb: "2090 nəfər 500-dən yuxarı bal toplayan gənc müəllimlik ixtisasını seçib ki, bu da gənclər arasında müəllim peşəsinə marağın artmasını sübut edir. Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub". Ceyhun Bayramov vurğulayıb ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 3558 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil alır: "Hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır. Təhsil naziri ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağına ifadə edib.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31