Azərbaycan 2018-ci ili yeni-yeni uğur və nailiyyətlərlə başa vurur
21 Dekabr 2018 13:12 SiyasətBu, gələn ildə növbəti zəfərlərin möhkəm əsaslarını təşkil edir
Əvvəli ötən sayımızda
Yola salmağa hazırlaşdığımız 2018-ci il Azərbaycan üçün bir sıra əhəmiyyətli hadisələrlə yadda qalıb. Məhz həmin əlamətdar məqamlarla ölkəmizin beynəlxalq nüfuzu artıb, gələcək prespektiv üçün hüquqi və iqtisadi baza formalaşıb. Hüquq elmləri doktoru, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Mehdi Abdullayev qeyd edib ki, bu il Azərbaycanın dünyanın ən nüfuzlu ölkələri ilə - Böyük Britaniya, Fransa, İtaliya, Almaniya və digər dövlətlərlə münasibətlərində yeni keyfiyyət mərhələsinə qədəm qoyuldu. Ölkə başçısının cəmi bir neçə ay ərzində Böyük Britaniya və Fransaya səfərləri, eləcə də, İtaliya və Almaniya liderlərinin Azərbaycan səfərləri Azərbaycanın etibarlı tərəfdaş kimi dünyadakı yerini bir daha təsdiqlədi, eyni zamanda, Ermənistanın təcridi siyasətində böyük rola malik oldu. Dünya Azərbaycandan daha çox onun özünün Azərbaycana ehtiyacı olduğunu bir daha anladı: "Bu yerdə Azərbaycan-Rusiya münasibətlərinə də toxunmamaq mümkün deyil. Çünki bu münasibətlər 27 illik müstəqilliyimiz tarixində bəlkə də özünün ən yüksək nöqtəsinə qalxdı. Təsadüfi deyil ki, bu il Azərbaycan və Rusiyanın dövlət başçıları müxtəlif zamanlarda və müxtəlif tədbirlərdə ən azı 8 dəfə bir araya gəldi. İstər Azərbaycan Prezidenti Rusiyaya, istərsə də Rusiya Prezidenti Azərbaycana rəsmi və işgüzar səfərlərini reallaşdırdı, hər iki dövlətin maraqlarına xidmət edən növbəti sazişlərə imza atıldı və bununla da əslində, Rusiyanın bu bölgədə hansı dövlətə daha çox inandığı və etibar etdiyi bir daha üzə çıxdı. Rusiya dövləti və onun prezidenti Ermənistana, onun çevriliş yolu ilə hakimiyyət başına gəlmiş Paşinyan hökumətinə güvənmədiyini, etibar etmədiyini açıq şəkildə ortaya qoydu. Bunu elə MDB dövlət başçılarının Rusiyada keçirilən sonuncu qeyri-rəsmi Zirvə toplantısında da açıq-aşkar sezmək mümkün idi. Rusiya prezidenti Azərbaycan liderinə son dərəcədə isti münasibəti ilə Paşinyanı pərt duruma saldı. Onu da qeyd etmək yerinə düşər ki, elə həmin ərəfədə Azərbaycan Ermənistan üzərində daha bir diplomatik-siyasi qələbəsinə nail oldu. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmadığı halda, Azərbaycan Ermənistanın bu təşkilatda da küncə sıxışdırılmasına, öz yerini "tanımasına" nail oldu. Hərbi cani Yuri Xaçaturovun KTMT baş katibi vəzifəsindən uzaqlaşdırılması ilə Ermənistanın necə etibarsız bir dövlətə çevrildiyi bir daha bəlli oldu. Azərbaycan bu qurumdakı dostlarının, müttəfiqlərinin qətiyyəti, siyasi iradəsi nəticəsində KTMT-nin Ermənistanın əlində Azərbaycana qarşı bir təhdidə, təzyiq mexanizminə çevrilməsinin qarşısını tam aldı, eyni zamanda, işğalçı dövlətin bütün məkrli planlarını puç etdi".
Onun bildirdiyinə görə, dekabrın 13-də ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı dövlət başçısı bir daha Ermənistanın təcrid edilməsi istiqamətində atılan addımlara toxundu və qeyd etdi ki, Azərbaycanın siyasəti nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, beynəlxalq bazarlara çıxışı çox çətinləşib. O, "Dünyada isə bildiyiniz kimi, 2018-ci ildə bir çox təhlükəli proseslər getmişdir və demək olar ki, beynəlxalq vəziyyət daha da gərginləşmişdir. Qanlı toqquşmalar, müharibələr, etiraz aksiyaları və digər hadisələr, demək olar ki, 2018-ci ilin mənzərəsini əks etdirir" - deyərək, diqqəti Azərbaycandakı sabitliyin, təhlükəsizliyin təmin edilməsinə çəkdi. "Azərbaycan öz yolu ilə uğurla gedir və qarşıda duran bütün vəzifələri icra edir. Əlbəttə, biz dünyada gedən prosesləri izləyirik. Biz bu proseslərə biganə qala bilmərik. Çünki həm Avropada, həm bizim regionumuzda, Yaxın Şərqdə gedən proseslər narahatlıq doğurur", - bəyan edən Azərbaycan prezidenti bu il Ermənistanda çox ciddi dəyişikliklər baş verdiyini, iyirmi il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejiminin çökdüyünü xüsusilə vurğuladı."... Bizim dediyimizi indi erməni xalqı deyir. Kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edirdi və bu rejimin acı sonu məntiqə tam uyğundur. Onu da deməliyəm ki, bizim ardıcıl, məqsədyönlü siyasətimiz kriminal xunta rejiminin çökməsində öz rolunu oynamışdır. Çünki bizim siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki, bizim torpaqlarımız işğal altındadır, biz bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və buna nail olduq" - deyən dövlət rəhbəri eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji, nəqliyyat layihələrinin Ermənistandan yan keçdiyini söylədi və bəyan etdi ki, beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan münaqişəsində haqlı tərəf bizik: "Azərbaycan xalqı münaqişənin ədalətli, müsbət həllinə inanır. Xüsusilə də, bu inam, bu güvən Azərbaycan dövlətindən, onun yeritdiyi siyasətdən, ən əsası, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsindən və qətiyyətindən qaynaqlanır. Azərbaycan cəmiyyəti məruz qaldığı bu münaqişənin məhz dövlət başçısının siyasi iradəsi, qətiyyəti, uğurlu daxili və xarici siyasəti sayəsində həllini tapacağına inanır".
Geridə qoyduğumuz son bir ildə də Azərbaycan dövləti, ölkə prezidenti var gücü ilə münaqişənin ədalətli həlli istiqamətində çalışıb, fəaliyyət göstərib, Ermənistana bütün istiqamətlərdə, bütün sahələrdə, bütün cəbhələrdə sarsıdıcı zərbələr endirilib. Bütün bunlar nəticə etibarı ilə onu deməyə əsas verir ki, Azərbaycan 2018-ci ili yeni-yeni uğur və nailiyyətlərlə başa vurur, bu isə qarşıdan gələn 2019-cu ildə növbəti qələbələrin, zəfərlərin fundamental əsaslarını, təməlini təşkil edir. Ən əsası cəmiyyətimizin həllini səbrsizliklə gözlədiyi Qarabağ münaqişəsinin ədalətli həllində öz müsbət rolunu oynayacaq, öz töhfəsini verəcək.
Nurlan