“İlham Əliyevin apardığı siyasətin mərkəzində insan amili dayanır”

"İlk növbədə demək istərdim ki, aztəminatlı ailələrin cənab Prezidentin diqqətində olması Onun bütövlükdə Azərbaycan ailəsinə göstərdiyi ardıcıl qayğının tərkib hissəsidir". Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin ünvanlı sosial yardım alan aztəminatlı ailələrə dövlət büdcəsindən əlavə 5 milyon manatın ayrılması ilə bağlı verdiyi Sərəncamını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, cənab İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə və hazırda da, sosial siyasəti əsas faktor kimi dəyərləndirir və bunu bilavasitə xalqının qayğısına qalması ilə sübuta yetirir: "Xüsusilə xatırlatmaq istərdim ki, cənab İlham Əliyev hələ 2003-cü ildə dövlət başçısı seçilərkən vurğulamışdı ki, aparılan siyasətin təməlində vətəndaş amili dayanır. O, ötən 15 ildə bir daha təsdiq etdi ki, vədinə sadiqdir və bu yolu daima davam etdirir". 

"Bu gün hər bir azərbaycanlı Ulu Öndər Heydər Əliyevin xalqına göstərdiyi atalıq qayğısını ehtiramla xatırlayır və bu siyasət Ulu Öndərimizin yolunu davam etdirən cənab İlham Əliyev tərəfindən davam etdirilir", deyə qeyd edən Bəhruz Quliyev həmçinin bildirib ki, cənab İlham Əliyev mütərəqqi şəxsiyyət və dövlət başçısı olaraq, hər bir Azərbaycan ailəsinə həssaslıqla yanaşır və öz qayğısını əsirgəmir: "Belə ki, Azərbaycan ailəsinin dünya cəmiyyətindəki yerinin və rolunun möhkəmləndirilməsi onun inkişafından qaynaqlanır. Vətəndaşlığın, mənəviyyatın, ümumiyyətlə, maddi və mənəvi inkişafın tərəqqisi üçün dövlətin qayğısı hər zaman öz vacibliyi ilə seçilməkdədir. Məhz Prezident İlham Əliyev cənabları bu vacibliyi, bu gerçəkliyi növbəti dəfə mövcud Sərəncamı ilə həyata keçirdi". 

Bəhruz Quliyev hesab edir ki, əgər ölkənin iqtisadiyyatı sürətli inkişaf yolu keçməsəydi, bu gün bənzər addımların atılması da mümkünsüz olardı. "Məhz güclü iqtisadiyyatın formalaşdırılması, Azərbaycanın dünya birliyindəki yerinin və rolunun möhkəmləndirilməsi, nəhəng iqtisadi layihələrin reallaşdırılması nəticə etibarilə, Azərbaycan xalqına öz səmərələrini, bəhrələrini verməkdədir". 

"SƏS" qəzetinin baş redaktoru hesab edir ki, uğurlu sosial siyasətin reallaşdırılmasına əsas təkan verən güclərdən biri də uğurlu iqtisadi siyasətin həyata keçirilməsi gerçəkliyidir: "Daha dəqiq desək, sosial siyasətin ardıcıllıqla uğurlar qazanması monolit iqtisadi gücdən bir dinamika, bir stimul alır. Məhz bunun da nəticəsidir ki, xalqımız dövlətinin, ölkə başçısı cənab İlham Əliyevin davamlı qayğısı ilə əhatə olunur. Yəni, dünyada siyasi-iqtisadi böhranların demək olar ki, bütün ölkələri öz ağuşuna aldığı bir vaxtda, Azərbaycanda aztəminatlı ailələrə, eləcə də digər sosial təbəqələrə - qaçqın və məcburi köçkünlərə, şəhid və veteran ailələrinə, hərbçilərə, ziyalılara, mətbuat işçilərinə, təqaüdçülərə, eləcə də digər sahələrdə çalışanlara göstərilən diqqət və qayğı belə deməyə əsas verir ki, biz doğru yoldayıq və bu qayğılardan bəhrələnən xalqımız da bu inkişaf yolu ilə öz Prezidentinin ətrafında daha xoşbəxt gələcəyə doğru addımlamaqdadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31