"Ölkəmizdə əhalini sevindirəcək sosial proqramlar həyata keçirilir"
20 Dekabr 2018 15:32 Siyasət"Ölkəmizdə sosial sahəyə verilən önəm uzun illərin strategiyasıdır. Bu sahəyə verilən önəm Ulu Öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətə qayıdışından sonra başlayıb". Bu fikirləri Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
O bildirib ki, dövlətin iqtisadi bazası gücləndikcə, iqtisadi imkanlar genişləndikcə və büdcəmizin həcmi artdıqca, Azərbaycanda sosial proqramların həcmi artırılır.
M.Ələsgərli söyləyib ki, cəmiyyətdə elə bir sosial təbəqə yoxdur ki, bu qayğılardan kənarda qalsın: " İlk öncə imtiyazlı təbəqələr, qazi ailələri, Azərbaycanın bütövlüyü, müstəqilliyi uğurunda şəhid olanların ailələri, hərbiçilər, elm xadimləri, səhiyyə işçiləri, jurnalistlər, ümumiyyətlə hazırda mövcud olan və dövlət üçün faydalı olan hər bir kəs üçün ölkəmizdə sosial proqramlar həyata keçirilir. Bu sırada imkansızlar da nəzərdə tutulur".
Ötən gün Azərbaycan Prezidenti tərəfindən aztəminatlı ailələrə birdəfəlik yardımla bağlı imzalanan sərəncamı xüsusi vurğulayan MŞ-nın sədr müavini qeyd edib ki, bütün bunlar Azərbaycanda belə proqramların daimi olduğunu göstərir: "Ölkəmizdə imkansız, yoxsulluq həddində olan, əmək qabiliyyəti aşağı olan insanlar üçün daimi proqramlar keçirilir ki, bunları qeyd etməmək mümkün deyil".
M. Ələsgərli deyib ki, il ərzində Azərbaycanda milli bayramlar ərəfəsində ölkəmizdə hər zaman əhalini sevindirəcək sosial proqramlar həyata keçirilir ki, ötən gün imzalanan sənəd onlardan biri idi.
SİA