Aztəminatlı ailələrin rifahı yaxşılaşdırılır
20 Dekabr 2018 13:35 SiyasətBu kateqoriyadan olan vətəndaşlar dövlət qayğısı ilə əhatə olunub
Müasir dünya təcrübəsinə əsasən, insan kapitalının inkişafı dayanıqlı iqtisadi artımın əsas şərtlərindən hesab olunur. İxtisaslaşmış beynəlxalq təşkilatlar, o cümlədən Dünya Bankı və BMT-nin İnkişaf Proqramı tərəfindən aparılan tədqiqatlar göstərir ki, son dövrlərdə əksər ölkələrdə milli sərvətin strukturunda nəzərə çarpacaq dəyişikliklər baş verir. Bu, özünü iqtisadiyyatda aksentin fiziki kapitaldan insan kapitalına yönəldilməsində göstərir. Hazırda inkişaf etmiş ölkələrdə insan kapitalının həcmi artıq 75 faizə çatır. Hazırda ölkəmizdə də həyata keçirilən sosial-iqtisadi siyasətin qarşısında duran əsas vəzifələrdən biri də əldə olunmuş iqtisadi inkişafın nəticələrinin sosial inkişafa yönəldilməsini təmin etməkdən ibarətdir. Çünki aparılan iqtisadi siyasət nəticəsində əldə edilən makroiqtisadi sabitlik və iqtisadiyyatın real sektorunda baş verən davamlı inkişaf, cəmiyyətin keçid dövründən irəli gələn sosial problemlərin həll edilməsinə obyektiv zəmin yaratmışdır. Əslində inkişafın əsas məqsədi xalqın həqiqi sərvəti olan insanların maddi və mənəvi tələbatının ödənilməsinə yönəldilmişdir.
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri də vətəndaşların maddi rafah halının yüksəldilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsinin təmin edilməsidir. İnsafən qeyd etmək olar ki, son illər ərzində iqtisadiyyatın inkişafında əldə edilən nailiyyətlər bu məqsədin uğurla reallaşmasına şərait yaradıb. Dövlətin, dövlət başçısının öz vətəndaşlarına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycanda bütün kateqoriyadan olan vətəndaşlar həyata keçirilən sosial siyasətin uğurlarından yaralana bilirlər. Çünki, bütün kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, xüsusən əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Məhz dövlət başçısı İlham Əliyevin sosial siyasətinin fəlsəfəsi də ondan ibarətdir ki, ölkədə aztəminatlı, yoxsul insan olmasın. Sevindirici haldır ki, iqtisadiyyatda həyata keçirilən köklü islahatlar bu sferada dinamik və davamlı inkişafı təmin etməklə bərabər, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına geniş imkanlar açıb. İqtisadi inkişaf, maliyyə imkanlarının çoxalması adekvat olaraq xalqın sosial rifahının, güzəranının daha da yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində atılan addımların real nəticələri ilə müşayiət olunmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında Sərəncamı də eyni məqsəd daşıyır. Sərəncama əsasən 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb. Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, dövlət başçısının imzaladığı məlum Sərəncam əslində onun yürütdüyü sosial siyasətin tərkib hissəsidir. Prezident İlham Əliyevin sosial sahəyə diqqət və qayğısının nəticəsidir ki, son illərdə dövlət büdcəsi təsdiq olunarkən ali maliyyə sənədində sosialyönümlülük prioritet olaraq qalır. Məhz dövlət başçısının qətiyyətli siyasətinin sayəsində ölkədə yoxsulluğun səviyyəsi minimuma endirilib. Əhalinin güzəranının yaxşılaşması yalnız əməkhaqlarının, pensiya və müavinətlərin artması ilə yekunlaşmır. Son illərdə yüzlərlə yeni müəssisənin yaradılması və bərpa olunması nəticəsində yüz minlərlə yeni iş yeri açılıb ki, bu da əhalinin sosial vəziyyətini xeyli dərəcədə yüksəldib. Ümumiyyətlə, işsizliyin aradan qaldırılması həmişə əhalinin sosial güzəranını yaxşılaşdıran mühüm amillərdən biri kimi dəyərləndirilib. Burada önəmli hadisələrdən biri də odur ki, ölkəmizdə əhalinin işsizlik və digər sosial problemləri yalnız paytaxtda deyil, ucqar rayonlarda da həllini tapır.
Çünki, Azərbaycanda əmək, məşğulluq, sosial təminat və digər sahələrində aparılan islahatlar prezident İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilir. Təsadüfi deyil ki, ölkədə "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası", "İşsizlikdən sığorta haqqında", yeni "Məşğulluq haqqında" qanunlar qəbul edilib. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və "DOST" mərkəzlərinin yaradılması da məhz sğzgedən məqsədlərə hədəflənib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan "DOST" layihəsi dövlət sosial xidmətlərinin geniş bir hissəsinin "bir pəncərə"dən operativ, şəffaf və vətəndaş rahatlığı prinsipi əsasında, sadələşdirilmiş prosedurlarla təqdim olunmasına, nəticə etibarilə vətəndaş məmnunluğuna nail olunması hədəfinə xidmət edir. Ekspertlərin qənaətinə görə, sözgedən layihənin tətbiqi nəticəsində əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər əlaqədar sahələrdə (cəmi 124 xidmət üzrə) təkmil və sistemli, bir-biri ilə əlaqələndirilmiş şəkildə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və modernləşdirilməsinə nail olunacaq. Hazırda Prezident İlham Əliyevin sosial sahənin inkişafı və bu sahədə əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı islahatlar proqramı uğurla həyata keçirilməkdədir. Qarşıda duran məqsəd ondan ibarətdir ki, sosial sahədə xidmətlər elə qurulmalıdır ki, xidmət göstərilən kateqoriyaların sosial statusunun daha effektiv yollarla bərpa olunması və cəmiyyətin fəal hissəsinə çevrilməsinə nail olunsun. Heç şübhəsiz ki, dövlət başçısının yürütdüyü sosial siyasət aztəminatlı ailələrin həyat səviyyəsinin daha da yaxşılaşması ilə nəticələnəcək.
Alim