2018 - uğur və nailiyyətlər ili

Yola saldığımız 2018-ci il bir çox hadisələrlə zəngin və əlamətdar olub. Ölkədə möhtəşəm quruculuq işləri davam edib, makroiqtisadi göstəricilər yüksəlib, iqtisadiyyatımızın bütün istiqamətləri inkişaf edib, neçə-neçə yeni müəssisə açılıb, yollar salınıb, məktəblər tikilib və digər saya gəlməz böyük işlər görülüb.

Yola saldığımız 2018-ci il bir çox hadisələrlə zəngin və əlamətdar olub. Ölkədə möhtəşəm quruculuq işləri davam edib, makroiqtisadi göstəricilər yüksəlib, iqtisadiyyatımızın bütün istiqamətləri inkişaf edib, neçə-neçə yeni müəssisə açılıb, yollar salınıb, məktəblər tikilib və digər saya gəlməz böyük işlər görülüb. Bütün sahələrdə modernləşmə, təkmilləşmə və yenilənmə geniş vüsət alıb. Hüquq elmləri doktoru, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Mehdi Abdullayev bildirib ki, 2018-ci il ölkə Prezidentinin Sərəncamı ilə "Cümhuriyyət İli" elan olunub. Düz 100 il öncə, 1918-ci ilin 28 may tarixində Azərbaycanın istiqlaliyyəti elan olundu və ilk müstəqil Cümhuriyyətimizin əsası qoyuldu. Düzdür, bu dövlətin ömrü cəmi 23 ay çəkdi, amma bu qısa müddət ərzində o, çox böyük və şərəfli bir yol keçdi, Azərbaycanın imzasını imzalar içində tanıtdırdı və bu ilin mayında ilk müstəqil dövlətimizin 100 illiyi ən yüksək səviyyədə qeyd olundu. 2018-ci ildə, aprel ayının 11-də ölkədə növbədənkənar prezident seçkiləri keçirildi və Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin dəstəyi, etimadı ilə cənab İlham Əliyev yenidən ölkə Prezidenti seçildi. Azərbaycan xalqı bununla bir daha öz müdrik seçimini etdi. Prezident seçkilərindən qısa müddət sonra nəinki bölgənin, bütövlükdə Avropanın və dünyanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayacaq bir sıra uğurlara imza atıldı: "İstiqlaliyyətimizin 100-cü ildönümünün səhərisi günü, may ayının 29-da Səngəçal terminalında Azərbaycan Prezidentinin iştirakı ilə Cənub Qaz Dəhlizinin tarixi rəsmi açılış mərasimi keçirildi və bununla da Azərbaycanın dünyanın enerji təhlükəsizliyi təminatında əsas aktorlarından biri olduğu bir daha təsbit olundu. Bundan cəmi 14 gün sonra, iyun ayının 12-də Türkiyənin Əskişəhər şəhərində bir neçə dövlət başçısının iştirakı ilə TANAP-ın rəsmi açılış mərasimi keçirildi. Dövlət başçısı cənab İlham Əliyev mərasimdəki nitqində bunu böyük tarixi hadisə adlandıraraq, "Türkiyənin gücü bizim gücümüzdür. Bu gün dünyada bir-birini bu qədər dəstəkləyən ölkə tapmaq çətindir. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəridir. Biz 21-ci əsrin enerji tarixini yazırıq. Bu, əməkdaşlıq, sabitlik layihəsidir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün olub" - deyə, bəyan etdi, Azərbaycan-Türkiyə qardaşlığının dönməzliyinə bir daha xüsusi diqqət çəkdi. İyun ayının 26-da Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi təntənəli şəkildə, möhtəşəm Hərbi Parad təşkil olunmaqla qeyd edildi. Azərbaycan Ordusunun 100 illiyinə ən böyük töhfə isə Naxçıvanın Günnüt kəndinin erməni işğalından azad edilməsi, ermənilərə, Ermənistana 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, böyük sarsıdıcı zərbə endirilməsi oldu. Belə ki, 1992-ci ildə Ermənistan silahlı birləşmələrinin işğal etdiyi Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər 26 ildən sonra Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən azad edildi. Bu əməliyyat nəticəsində, ümumilikdə 11 min hektara yaxın ərazi azad olundu. Hərbi Paradda çıxışı zamanı Ali Baş Komandan bu tarixi hadisəyə toxunaraq, "Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır" - deyə, vurğuladı".

Qeyd etmək lazımdır ki, Azərbaycanın 27 illik müstəqilliyi heç də asan başa gəlməyib, bir çox ağrılı-acılı hadisələrdən keçib. Bu illər ərzində Azərbaycanın müstəqilliyini, inkişafını həzm və qəbul edə bilməyən qüvvələr, yəni koordinasiyalı şəkildə fəaliyyət göstərən antiazərbaycan qüvvələri Azərbaycan əleyhinə fəaliyyətlərini daim açıq və gizli şəkildə davam etdiriblər. Hər dəfə də layiqli cavab almalarına, bütün cəhdləri uğursuzluğa düçar edilməsinə baxmayaraq, həmin qüvvələr öz məkrli və çirkin niyyətlərindən əl çəkməyiblər. Bunu bu ilin yayında, iyul ayında Azərbaycanın ikinci baş şəhərində, tarixi Gəncə şəhərində radikal ekstermist qüvvələrin həyata keçirmək istədikləri hadisələr bir daha açıq şəkildə nümayiş etdirdi. Ancaq Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin xalqla vəhdəti sayəsində Azərbaycanı yenidən qarışdırmaq istəyən dağıdıcı qüvvələrin niyyəti baş tutmadı, onlara sarsıdıcı zərbə vuruldu. Azərbaycan xalqı və Azərbaycan dövləti daha bir sınaqdan alnıaçıq, üzüağ çıxdı və dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti güclü, qüdrətli dövlətdir və onu heç bir cəhdlə öz yolundan, müstəqil dövlətçilik siyasətindən çəkindirmək mümkün deyil.

Eyni zamanda, bu ilin yayında, iyul ayında Azərbaycan prezidentinin Brüsselə növbəti səfəri oldu və bu, siyasi tariximizə "Brüssel zəfəri" kimi düşdü. Həmin səfər zamanı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında böyük uğura imza atmaqla yanaşı, Ermənistanın siyasi-diplomatik təcridi istiqamətində böyük qələbə əldə edildi. Birincisi, tərəfdaşlığın prioritetləri ilə bağlı Avropa İttifaqı və Azərbaycanın münasibətlərini keyfiyyətcə yeni mərhələyə qaldıran sənədin paraflanması baş tutdu. İkincisi, NATO-nun Brüssel Sammitində qəbul edilən yekun kommünikedə Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı xüsusi olaraq qeyd edildi. Ümumiyyətlə, Brüsseldə diqqət çəkən məsələlərdən biri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı erməni tərəfinin siyasi avantürasına son qoyulması oldu. Məlum olduğu kimi, Ermənistanda baş verən aprel hadisələrindən, hakimiyyət dəyişikliyindən, hərbi xunta rejiminin populist Paşinyan iqtidarı ilə əvəzlənməsindən sonra yeni baş nazir tərəfindən avantürist fikirlər səsləndirilir, Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi təqdim olunması kimi məsələlər gündəmə gətirilirdi. Ancaq bu mötəbər toplantıda dünya siyasətini müəyyənləşdirən, onun keyfiyyətini, istiqamətlərini təyin edən beynəlxalq təşkilatların mövqeyi bir daha ölkəmizin lehinə oldu. Yəni NATO-nun qəbul etdiyi kommunikeni, habelə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan sənədi buna misal göstərmək olar... Bu, Azərbaycanın Ermənistan üzərində növbəti siyasi-diplomatik qələbəsi, uğuru idi.

Bununla yanaşı, sentyabr ayının 15-də Bakı şəhərinin Qafqaz-İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 100 illiyi Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə yüksək səviyyədə qeyd olundu. Həmin gün Bakıda möhtəşəm Parad təşkil edilməklə, bir daha Azərbaycanın dünyaya nə qədər güclü və qüdrətli dövlət olduğu nümayiş etdirildi, həmçinin, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyi, sarsılmazlığı növbəti dəfə bəyan edilmiş oldu. Bunu hər iki ölkənin liderləri də öz çıxışlarında bir daha dilə gətirdilər. Bununla bərabər, avqust ayının 12-də məhz Azərbaycanın, zamanında Ümummilli liderimiz Heydər Əliyevin və onun ən layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin gərgin və yorulmaz fəaliyyətləri nəticəsində 1996-cı ildən davam edən 22 illik Xəzər müzakirələri, danışıqları öz müsbət sonluğu ilə nəticələndi. Həmin gün, 2018-ci ilin 12 avqust tarixində Qazaxıstanın Aktau şəhərində  5 Xəzəryanı dövlət başçısının iştirakı ilə tarixi Aktau Konvensiyasına imza atıldı ki, bununla da Xəzərin hüquqi statusu müəyyənləşdirildi. Qeyd etmək lazımdır ki, bu, tarixi Aktau anlaşması məhz Azərbaycan dövlətinin, dövlət başçısının yeritdiyi son dərəcədə təmkinli, səbrli, balanslaşdırılmış siyasət nəticəsində baş tutdu və Azərbaycan bununla daha bir uğura imza atdı. Senyabr ayının 21-də isə "Cümhuriyyət İli" çərçivəsində Müsəlman-Şərq aləmində ilk dəfə yaradılan parlamentin - AXC Parlamentinin 100 illiyi Milli Məclisin xüsusi və təntənəli iclası ilə qeyd olundu. Dünyanın 50-yə yaxın ölkəsinin, həmçinin, nüfuzlu beynəlxalq təşkilatların parlament nümayəndə heyətlərinin iştirakı ilə AXC Parlamentinin 100 yaşı ən yüksək səviyyədə qeyd edildi. Həmin tədbirdə çıxışı zamanı bir daha AXC-ni, Azərbaycan Parlamentini tarixi hadisə adlandıran dövlət başçısı Azərbaycanın müstəqilliyinin artıq dönməz xarakter daşıdığını, ölkənin bütün ərazisində suveren hüquqlarını təmin etmək əzmində olduğunu dünyaya bəyan etdi: "Oktyabr ayının 19-da Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsi olaraq, birgə səylərlə reallaşdırılan və nəinki iki ölkənin iqtisadi inkişafına, bütövlükdə regionun inkişafına böyük töhfəsi olacaq "STAR" neft emalı zavodunun açılış mərasimi keçirildi. Açılış mərasimində hər iki ölkənin lideri iştirak və çıxış etdi. Azərbaycan Prezidenti bildirdi ki, bu gün Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin tarixində çox gözəl və əlamətdar bir gündür. "Biz "Star Rafineri"nin açılışına toplaşmışıq. Xatırlayıram ki, 7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliağada "Star"ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq" - deyən Azərbaycan prezidentinin sözlərinə görə, bu, bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var və bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır".

Nurlan

Ardı var

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31