Dövlətin sosial siyasətinin mərkəzində vətəndaş amili dayanır

Azərbaycanda yürüdülən uğurlu sosial siyasət davamlı xarakter alıb

Azərbaycanda yürüdülən uğurlu sosial siyasət davamlı xarakter alıb

Azərbaycanın sürətli və dayanıqlı iqtisadi inkişafı sosial sahədə irimiqyaslı islahatlar aparmağa imkan yaradıb. O da faktdır ki, Azərbaycan hökuməti iqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına irimiqyaslı sosial proqramların genişləndirilməsini təmin edir. Belə ki, dövlət başçısının  imzaladığı fərman və sərəncamlar, həmçinin xüsusi dövlət proqramları əhalinin sosial müdafiəsini gücləndirib. Maliyyə imkanları möhkəmləndikcə ölkədə həyata keçirilən sosial tədbirlərin sayı da artıb. Sirr deyil ki, Azərbaycan dövləti hər bir vətəndaşın sosial qayğı ilə əhatə olunmasını prioritet hesab edir. Elə bu səbəbdən də həssas qruplara daxil olan soydaşlarımızın sosial rifah halının yüksəldilməsi daim diqqət mərkəzində saxlanır. Prezident İlham Əliyev tərəfindən müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında 19 fevral 2018-ci il tarixli sərəncamların imzalanması bu təbəqələrdən olan vətəndaşların rifah halının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğının növbəti təzahürüdür.Azərbaycan Prezidentinin "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında" 19 fevral 2018-ci il tarixli sərəncamı 12 556 şəhid ailəsinə şamil olunub.  Sərəncamla şəhid ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb ki, bu artımın həyata keçirilməsi üçün dövlət büdcəsindən 2,9 milyon manat əlavə vəsaitin ayrılması təmin edilib. Ümumilikdə, Azərbaycan Prezidentinin "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında" 19 fevral 2018-ci il tarixli sərəncamı 20 744 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə şamil olunub. Onlardan 14 134 nəfərini Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 345 nəfərini İkinci Dünya müharibəsi əlilləri, 3363 nəfərini hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar, 2902 nəfərini Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar təşkil edir. Sərəncamın icrası ilə əlaqədar qeyd olunan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə müvafiq artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 3 milyon manata yaxın əlavə vəsait ayrılıb. Növbəti sərəncam - "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Prezidentinin təqaüdünün artırılması haqqında" Sərəncam isə 307 nəfərə şamil olunub və onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin artırılması üçün dövlət büdcəsindən ilin sonunadək ayrılacaq əlavə vəsait 40,8 min manat təşkil edəcək. Qeyd olunan üç sərəncam şəhid ailələrindən, müharibə və 20 Yanvar əlillərindən ibarət olmaqla ümumilikdə 33,6 min nəfəri əhatə edib və həmin sərəncamlarda nəzərdə tutulan artımların həyata keçirilməsi üçün dövlət büdcəsindən  6 milyon manata yaxın əlavə vəsait ayrılıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan və müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə dövlət qayğısının artırılmasını nəzərdə tutan hər üç sərəncamın icrası vaxtında və tam şəkildə təmin edilərək bu kateqoriyadan olan vətəndaşların ailələrinə sevinc bəxş edib.

Vətəndaşların həssas qrupuna dövlət qayğısı bununla bitmir. Xatırladaq ki, müharibə əlilləri və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ilə bərabər, əlilliyə görə aylıq əmək pensiyası və ya əmək pensiyası hüququ olmadıqda aylıq sosial müavinət də ödənilir. Müharibə əlillərinin, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət verilir. Eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvləri kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinətlə təmin edilirlər. Eyni zamanda, Azərbaycan Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin respublikanın ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı da dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bu təbəqələrdən olan insanlarla bağlı mühüm sosial proqramlardan biri də onların mənzillə təminatına yönəlib. Ümumilikdə indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 6,1 min əlil və şəhid ailəsinə mənzil verilib ki, onlardan 92,2 faizi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, digərləri İkinci Dünya müharibəsi və Çernobıl AES əlilləri, müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar, gözdən əlillərdir.

Digər məsələ həssas təbəqədən olan insanların sosial reabilitasiyasıdır ki, bu istiqamətdə də davamlı iş aparılır. Nəinki, paytaxt Bakıda, eləcə də Sumqayıt, Gəncə, Mərdəkan, Naftalan,Yevlaxda bu istiqamətdə yeni layihələr icra olunur və ya mövcud sosial obyektlər əsaslı təmir edilir. Cari ilin fevralında bu məqsəd üçün 15,2 milyon manatdan çox vəsaitin ayrılması sözügedən sahəyə diqqət və qayğının göstəricisi kimi qəbul edilməlidir. Bütün bunlar  ölkədə hər kəsin rifahına nail olmaq və bununla da daha güclü Azərbaycanın gələcəyini təmin etmək niyyətinə hədəflənib. Beləliklə, sadalanan faktlar Azərbaycanın sosial dövlət modeli, hərtərəfli inkişaf strategiyasının reallıqlarını nümayiş etdirir. Bu uğurların təməlində isə ilk növbədə sabitlik və təhlükəsizlik amili dayanır. Çünki sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir və sabitlik olmayan yerdə heç bir inkişafdan söhbət gedə bilməz. Xalqın güclü dəstək verdiyi bu siyasət isə haqlı olaraq ölkə vədəndaşlarında gələcəyə daha nikbin baxışlar formalaşdırır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31