Əmin-amanlıq, sabitlik və təhlükəsizlik ili

Azərbaycan 2018-ci ildə də dinamik inkişafını təmin edib

Azərbaycan 2018-ci ildə də dinamik inkişafını təmin edib

Hələ ötən ilin sonları bu ilin əvvəllərində 2018-ci ilin daha uğurli il olacağı barədə proqnozlar səsləndirilmişdi. 2018-ci ildə yalnız Azərbaycan höküməti deyil, eyni zamanda beynəlxalq maliyyə qurumları, Beynəxalq Valyuta Fondu, Dünya İnkişaf Bankı Azərbaycanda iqtisadi artımın olacağını proqnozlaşdırmışdılar. Azərbaycanın dövlət başçısı İlham Əliyev də Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirmişdi: "Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu il olacaq və birinci rübün yekunları bu sözləri təsdiqləyir. Azərbaycan bu müddət ərzində uğurla inkişaf etmişdir, qarşımızda duran bütün vəzifələr artıqlaması ilə yerinə yetirilir, ölkəmiz güclənir, hərtərəfli inkişaf edir. Əminəm, biz bu müsbət dinamikanı ilin sonuna qədər saxlayacağıq, bunu daha da artıracağıq ki, ölkəmiz 2018-ci ili də uğurla başa vursun". Sözün həqiqi mənasında cari ildə Azərbaycanda dinamik inkişaf təmin edilib, qarşıda duran vəzifələr yən yüksək səviyyədə icra edilib. Cari ilin yekunları ilə əlaqədar açıqlanan statistik göstəricilər, eləcə də il ərzində müxtəlif sahələrdə, istər siyasi, istər iqtisadi, istərsə də sosial və humanitar sahələrdə qazanılan uğurlar onu deməyə əsas verir ki, başa vurmağa hazırlaşdığımız 2018-ci il ölkəmiz üçün kifayət qədər uğurlu oldu. Əldə edilən müsbət dinamika növbəti ilin də Azərbaycan üçün uğurlu olacağını söyləməyə əsas verir. Belə bir əminliyin yaranmasına təsir göstərən amillər isə kifayət qədərdir. Ekspertlər hesab edirlər ki, Azərbaycanın iqtisadi-siyasi uğurlarını əsaslandıran əsas amillər möhkəm siyasi sabitliyin olması, iqtisadiyyatın şaxələndirilməsi ilə əhatəli islahatların həyata keçirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi inkişaf modeli ölkəmizin dayanıqlı iqtisadi yüksəlişini təmin etməkdədir. Qlobal böhranın hələ də davam etdiyi şəraitdə Azərbaycan özünün stabil inkişafını qoruyub saxlayıb, neft gəlirlərindəki azalmalara baxmayaraq şaxələndirilmiş iqtisadiyyatın digər istehsal sahələrində artım hesabına milli gəlirin həcminin artımını təmin edib. 2018-ci ildə ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib.

Qətiyyətlə demək olar ki, 2018-ci il həm də xarici siyasət, Azərbaycanın beynəlxalq imicinin artımı baxımından da əlamətdar olub. Belə ki, cari ildə ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilib ki, həmin tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, ölkəmizi dünyaya müasir, inkişafda olan dövlət  kimi təqdim etməyə zəmin yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev bir sıra xarici ölkələrə səfər edib, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərində iştirak edib. Dövlət başçısı bütün səfərlərində, eləcə də dünya liderləri ilə görüşlərində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin mövqeyini ortaya qoyub. Azərbaycan regional əməkdaşlıq çərçivəsində qonşu dövlətlərlə ikitərəfli və  çoxtərəfli əməkdaşlıq formatının yaradılması təşəbbüsü ilə çıxış edib. Heç şübhəsiz ki, ölkəmizin təklif etdiyi bu əməkdaşlıq formatları regionda yaşanan problemlərin həlli, sabitliyin, təhlükəsizliyin, inkişafın təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Qətiyyətlə demək olar ki, beynəlxalq tədbirlər, eləcə də Azərbaycana edilən səfərlər, ikitərəfli formatda aparılan danışıqlar nəticəsində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib.

Birmənalı şəkildə qeyd etmək olar ki, hazırda Azərbaycan siyasi dialoqlar paytaxtı statuzunu qazanıb. NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovun Bakıda keçirilən görüşün ardınca paytaxtımız Bakı yenə iki mühüm  beynəlxalq toplantıya uğurla evsahibliyi etdi.  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası və  Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı məhz Azərbaycanın paytaxtı Bakı şəhərində reallaşdı. Həmçinin "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı" mövzusunda  VI Bakı Beynəlxalq Humanitar Forum ölkəmizdə baş tutdu.

2018-ci ildə Azərbaycanın ordu quruculuğunda da ciddi naliyyətlər əldə edilib. Belə ki,  Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirib ki, həmin təlimlər ölkəmizin hərbi qüdrətinin göstəricisi kimi qiymətləndirilir. Respublikanın  paytaxtında Azərbaycan Ordusunun 100 illiyi və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan paradda nümayiş etdirilən hərbi texnika sözün əsil mənasında mənfur qonşumuz olan Ermənistanı qorxuya salıb. Eyni zamanda Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Müdafiə "ADEX 2018" sərgisi təşkil olunub. "ADEX 2018" sərgisi xarici nümayəndə heyətlərinin planlaşdırılmış səfərlərinin sayı baxımından rekord vurub. Belə ki, bu il dünyanın 23 ölkəsini təmsil edən 34 yüksək səviyyəli rəsmi nümayəndə heyəti sərgini ziyarət edib, bu da əvvəlki sərgilər ilə müqayisədə yüksək göstəricidir. Sərgi regionda Azərbaycan müdafiə-sənayesi kompleksinin güc və qüdrətinin ən böyük göstəricisidir.

2018-ci ildə Azərbaycan nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilib, ölkəmiz dünyada sayı məhdud olan kosmik dövlətlər sırasına qoşulub. 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün bütün işlər başa çatdırılıb. Azərbaycan siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilib.

Bu ildə ölkə iqtisadiyyatında da dinamik inkişafa nail olunub. Hələ ilin ilk rübündə Azərbaycan iqtisadiyyatında  2,3 faiz artm qeydə alınıb ki, bu da dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Ölkədə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsində qeyri-neft sektorumuz isə təxminən 3 faiz artıb. Paralel olaraq sənaye istehsalında 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artm müşahidə olunub ki, bu da ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Kənd təsərrüfatı sahəsində artım 4,2 faiz olub ki, bu da son illər ərzində ənənəvi və digər texniki məhsulların yetişdirilməsi ilə bağlıdır. Bundan başqa ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub ki, bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Bu, onu göstərir ki, Azərbaycan xarici investorlar üçün çox cəlbedici ölkədir. Təsadüfi deyil ki, bu müddətdə ölkənin valyuta ehtiyatları 2,2 milyard dollar artaraq  44,2 milyard dollara yüksəlib. İxracın şaxələndirilməsinin iqtisadi sahədə əsas prioritet məsələ olduğunu nəzərə alan Azərbaycan xarici bazarlara "Made in Azerbaijan"  brendinin çıxarılmasına üstünlük verib. Nəticədə ölkənin xarici ticarət dövriyyəsi 31 faiz artıb. Təkcə ilin ilk üç ayı ərzində  34 min yeni iş yeri yaradılıb ki, onlardan 31 mini daimi iş yerləridir. Cari ildə ölkədə həyata keçirilən sosial siyasətdə də ciddi uğrlar əldə edilib. Konkret olaraq  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əmək və sosial müdafiə sahəsi ilə bağlı mühüm Fərman və Sərəncamlar imzalanmaqla, sosial müdafiə tədbirlərinin gücləndirilməsində yeni addımların atılıb. Sözügedən sənədlər əmək və sosial müdafiə sahələrində idarəetmənin təkmilləşdirilməsində ciddi irəliləyişlərə imkan yaradılıb. Həmin sənədlərdən irəli gələn bütün tapşırıqların yüksək səviyyədə və vaxtlı-vaxtında icrası təmin edilib. Ən əsası isə Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin edib və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayıb.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31