Vətəndaşların sağlamlığı əsas vəzifədir
18 Dekabr 2018 18:24 SiyasətAzərbaycanda son 15 ildə bütün sahələrdə sürətli inkişaf tempi müşahidə edilməkdədir. Uğurla həyata keçirilən daxili siyasət kursu bütün istiqamətlərdə müsbət nəticələrə gətirib çıxarıb. Bu sahədə səhiyyə sektorunda əldə edilən nailiyyətləri də qeyd etmək yerinə düşər. Açıq şəkildə etiraf etmək lazımdır ki, son 15 ilə qədər səhiyyə sahəsində vəziyyət o qədər də ürəkaçan deyildi. Nəinki regionlarda, hətta paytaxt Bakıda fəaliyyət göstərən səhiyyə müəssisələrinin böyük əksəriyyəti müasir tələblərə cavab vermirdi və həmin müəssisələrdə ciddi şəkildə problemlər mövcud idi. Həmçinin əksəriyyət səhiyyə müəssisələrinin ciddi şəkildə yenidən qurulmasına ehtiyac vardı. Bu mənfi tendensiya bölgələrdə özünü daha qabarıq şəkildə göstərirdi. Məhz bu baxımdan idi ki, ildən-ilə regionlarda uşaq ölümü, müxtəlif xəstəliklərdən dünyasını dəyişənlərin sayında artım dinamikası baş verirdi. Əslində o dövr üçün belə bir halın mövcudluğu da normal idi. Çünki müstəqilliyini yenicə qazanmış Azərbaycanın çoxsaylı problemləri var idi. Hər nə qədər ümummilli lider Heydər Əliyevin gərgin əməyi və yorulmaz fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatının bir qədər inkişafına nail olunsa da, lakin bu inkişaf tempi heç də ölkədə mövcud olan bütün poroblemlərin yoluna qoyulması üçün kifayət etmirdi. Düzdür, ümummilli liderin gərgin əməyi sayəsində 1994-cü ilin 20 sentyabrında imzalanmış "Əsrin müqaviləsi"ndən əldə edilən gəlirlər iqtisadiyyatın, eləcə də ayrı-ayrı sahələrin inkişaf etdirilməsində mühüm vasitə rolunu oynayırdı. Ancaq o dövrdə neftdən gələn gəlirlərin ilkin növbədə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, çadır şəhərciklərinin ləğvinə yönəldilməsi təhsil, səhiyyə, mədəniyyət kimi sahələrin istənilən səviyyədə inkişafına imkan vermirdi. Buna baxmayaraq tədricən paytaxtda, eləcə də iri şəhərlərdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin yenidənqurulması prosesi gedirdi.
Azərbaycanın səhiyyə sekorunda inqilabi dəyişikliklər və müsbət istiqamətə doğru addımlar isə demək olar ki, 2003-cü ildən etibarən atılmağa başladı. Artıq neftdən gələn gəlirlər ölkə iqtisadiyyatının inkişafı üçün zəmin yaratmışdı ki, iqtisadiyyatın inkişafı da təhsil, səhiyyə, mədəniyyət və s. bu kimi sahələrdə ciddi və məqsədyönlü addımların atılması üçün kifayət edirdi. Artıq səhiyyə müəssisələrində əsaslı təmir və yenidənqurma işləri, yeni səhiyyə obyektlərinin tikilib istifadəyə verilməsi sürətli bir mərhələyə qədəm qoymuşdu və proses paytaxtdan bölgələrə doğru gedirdi.
Regionlarda səhiyyə sisteminin yaxşılaşdırılması, bu istiqamətdə ciddi addımların atılmasında mühüm vasitə rolunu isə 2004-cü ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" oynayırdı. Məhz sözügedən proqramın icrası nəticəsində bölgələrdə səhiyyə sistemi təkmilləşdirildi, yeni-yeni səhiyyə obyektləri açılıdı, həmin səhiyyə müəsisələri müasir avadanlıqlarla təmin edildi. Bütün bunlar isə nəticə etibarilə əhaliyə göstərilən səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına yol açdı. Bu gün hətta ən ucqar dağ kəndində belə səhiyyə müəssisəsi fəaliyyət göstərir ki, bu da əhaliyə ilkin tibbi yardımın göstərilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, son 15 il ərzində 650-yə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Yaxın 1-2 ildə bütün mərkəzi şəhər və rayon xəstəxanalarının tikintisi və əsaslı təmiri prosesi başa çatacaq.
Ümumiyyətlə, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi, ölkədə səhiyyə sisteminin daha da inkişaf etdirilməsi dövlət başçısının əsas diqqət mərkəzində olan məsələlər sırasındadır. Bu günlərdə Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun əsaslı yenidənqurmadan sonra açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də şəxsən iştirakı belə deməyə əsas verir. Sözügedən mərasimdə çıxışı zamanı Cənab İlham Əliyev bir daha açıq şəkildə bəyan edib ki. bu gün səhiyyə sahəsində yürüdülən siyasətin məqsədi Azərbaycan vətəndaşlarının sağlamlığını və yüksək səviyyəli tibbi xidmət almaq imkanını təmin etməkdir.
"Vətəndaşların sağlamlığı bizim üçün ən əsas vəzifədir" deyən Cənab İlham Əliyev ötən 15 ildəki fəaliyyəti və bu sahəyə verdiyi töhfələrlə səsləndirdiyi fikirləri təsdiqləyib. Elə hər il dövlət başçısının müvafiq sərəncamı ilə əhalinin pulsuz tibbi müayinədən keçirilməsi faktı yuxarıda dediklərimizi təsdiqləməyə kifayət edir. Dövlət başçısının qeyd etdiyi kimi bu gün hər bir yerdə müayinədən keçmək üçün şərait var və 5 milyondan çox insanın bu imkanlardan istifadə etməsi bizim siyasətimizin qələbəsidir.
Süleyman