Qərbin liberal-kosmopolit dəyərlərini tutuquşu kimi təkrarlayanlar
Milli düşüncəmizə qarşı hücuma keçənlərin hamısının bir erməni dostu ortaya çıxır
17 Dekabr 2018 15:31 SiyasətMilli düşüncəmizə qarşı hücuma keçənlərin hamısının bir erməni dostu ortaya çıxır
Cəmiyyətimizdə zaman-zaman qəribə bir tendensiya özünü büruzə verməkdədir. Bəziləri hər hansı formada gündəmə gəlmək, özünü müzakirə predmetinə çevirmək üçün istənilən vasitə və metoda əl atır. Baxmayaraq ki, onun istifadə etdiyi metod milli maraqlarımıza, dövlətçilik maraqlarına zərbə hesab olunur. Ancaq həmin şəxslər bunu belə nəzərə almadan öz çirkinliklərini ortaya qoyurlar. Necə ki, özünü psixoloq kimi qələmə verən Nərmin Şahmarzadə kimi. Bu zat gündəmə gəlmək üçün Milli qəhrəman Mübariz İbrahimova dil uzadır. İddia edir ki, Mübariz İbrahimov cinayət törədib, onu milli qəhrəman kimi qələmə vermək doöğru deyil. Bununla kifayətlənməyərək xanım psixoloq erməni sevgisini də izhar edir. Bildirir ki, Mübariz İbrahimovun qətlə yetirdiyi erməni əsgərlərini də bir ana dünyaya gətirib və bu səbəbdən onları qətlə yetirmək, erməni analarını gözü yaşlı qoymaq günahdır. Hansı ki, həmin erməni analarının övladlarıdır ki, bu gün Azərbaycanın 20 faiz ərazilərini işğal edərək orada özlərinə qondarma rejim qurublar.
Psixoloq Nərmin Şahmarzadənin erməni maraqlarına xidmət edən bu mövqeyi Azərbaycan cəmiyyətində haqlı narazılıq, ciddi etiraz yaradıb. Siyasi mənsubiyyəti, peşəsindən asılı olayaraq hər kəs xanım psixoloqun bu mövqeyinə ciddi şəkildə etiraz bildirir. Millət vəkili Aydın Mirzəzadə deyir ki, bu günlərdə sosial şəbəkələrdə Nərmin Şahmarzadə adlı bir azərbaycanlı qızın igid qəhrəmanımız Mübariz İbrahimov haqqında təhqiramiz fikirlərini ürək ağrısı ilə oxuyub. Aydın Mirzəzadə qeyd edib ki, bu status ətrafında gedən müzakirələri diqqətlə izləyir: "Təəssüf ki, Nərmin nümiunəsi birinci dəfə deyil. Yada yazıçı Əkrəm Əylislinin xalqımıza ləkə atan kitabını, Avropa ölkələrinə köçmək üçün Ermənistandan siyasi sığınacaq istəyən bir azərbaycanlı ailəsini, bu yaxınlarda məktəbdə uşaqlara erməni rəqsini öyrədən müəllimi yada salaq. Onlar azdır, barmaqla sayılan qədərdilər, ancaq onlar var. Sanki, onlar bu cəmiyyətdə yaşamırlar, sanki Qarabağ ağrısını hiss etmirlər, torpağı işğal edilən ölkənin vətəndaşları deyillər. Onlar Mübariz İbrahimovun ərazimizi işğal etmiş düşmən əsgərlərini öldürdüyünü başa düşmürlər. Daha doğrusu şüurlu surətdə başa düşməkdən imtina edirlər. Fikirlərini əsaslandırmaq üçün söylədikləri də erməni millətçi ideoloqlarını söylədikləri ilə üst-üstə düşür. Sanki, Nərminlər hardasa bu məsələlərlə bağılı bir kurs keçiblər. Diqqət edirsinizsə, milli düşüncəmizə qarşı hücuma keçənlərin hamısının hardasa bir erməni dostu ortaya çıxır və bildirirlər ki, onlar üçün əsas insanlıqdır".
Millət vəkili deyib ki, Ermənistanda son zamanlar işğal edilmiş, torpaqlarımızı gerdi qaytarmaq səsləri eşidilir. Ancaq Nərmindən fərqli olaraq Ermənistanda hələ heç kəs öz əsgərinə " azərbaycanlıya güllə atma, onun bacısı, anası var " deyən yoxdur. " Döyüşmə, silahı at və pasifist ol " şüarları da səslənmir: "Ötən il Füzuli rayonunda yaşayrımlıq Zəhra Quliyeva Ermənistan tərəfindən atəşlə öldürüləndə nə Nərmin Şahmarzadənin, nə də onun erməni dostlarının səsi çıxmadı. Bu məsələdə diqqətimi çəkən isə Nərminin provokasiyalı və düşmənə dəstək olan çağırışına cəmiyyətin kütləvi və kəskin reaksiyası oldu. Bu xalqın səsi idi, milli mənliyin müdafiəsinə hər bir kəsin qalxması idi. Mənliyini və dəyərlərini qoruyan xalq düşmən cəhdlərinə ilk növbədə özü cavab verəcək".
İqtisadçı ekspert Əkrəm Həsənov isə bildirib ki, psixoloq kimi təqdim edilən bir gənc xanımın çıxışları ölkəni qarışdırıb. Onun sözlərinə görə, əslində, xanımın mövqeyinin özü birbaşa psixoloji məsələdir: "Müasir psixologiya elminə görə uşaqların yeniyetməlik (keçid) dövrü əvvəlki kimi qısa deyil. Tez başlayır və gec bitir: təxmini 25 yaşda. Bununla belə, pedofiliyanın çərçivələrini genişləndirməyə çağırışlar yoxdur, çünki gənclərin bədəni müasir şou-biznesin ən gəlirli obyektidir. Bu yaş dövrü xüsusilə qızlarda daha ağır keçir. Buna görə də hər dedikləri fikirlərə ciddi yanaşmaq lazım deyil. Həm də bu xanım əslində yeni bir şey deməyib axı. Qərbin liberal-kosmopolit dəyərlərini tutuquşu kimi təkrarlayır, vəssalam. Sxematik mövqedir və çoxdan məlumdur. Təhlükəli olan bu gənc xanım deyil, onun mövqeyində olan daha yaşlı insanlardır. Özü də onların cəmiyyətimizdə kifayət qədər nüfuzları da var. Onların hələlik açıqca demədiyini belə təcrübəsiz gənclər deyir. Yaşlılar daha təcrübəli olaraq cəmiyyətimizin milli-dini dəyərlərini tədricən dağıdırlar. Məsələn, onlar birdən desə ki, Azərbaycan müstəqil olmalı deyil, Ermənistan, Gürcüstan və Dağıstanla birgə mərkəzi Qərb olan dünya dövlətinin birləşmiş tərkib hissəsi olmalıdır, xoşumuza gələr? Yaxud da desələr ki, eynicinsli nikah və həmin nikahdakı şəxslərin uşaqları övladlığa götürmək hüququ tanınmalıdır, münasibətimiz necə olacaq? Və s. Təbii, bu kimi fikirlərə mövqeyimiz kəskin olacaq və onları səsləndirən şəxsərin nüfuzundan əsər-əlamət qalmayacaq. Buna görə də dəyərlərimizi yavaş-yavaş dəyişməyə çalışırlar. Uzun sözün qısası. Bu gənc xanım kimi təcrübəsizlər qoy danışsınlar. Danışsınlar ki, arxalarındakı nacinslər də özlərini daha tez ifşa etsinlər. Bizə düşən isə daha diqqətli, savadlı və tədbirli olmaqdır". Əkrəm Həsənov onu da deyib ki, demokratiya, insan haqları və s. haqda ağızdolusu danışanların əksəriyyəti əslində tam başqa mənaları ehtiva edirlər: "Məsələn, demokratiya dedikdə, bizi guya çoxluq olan Qərbə, insan haqları dedikdə isə Qərbdəki əxlaqsızlıq normalarına tabe etdirmək istəyirlər. Guya ümumbəşəri dəyərlərdir. Təhlükə də məhz budur.
Müstəqil ekspert Zeynal Əmralıyev isə qeyd edib ki, biri Milli Qəhramanımızı, digəri Qurani-Kərimi təhqir edir və çox adam da düşüb bunların hayına: "Bu kimi prosseslər həmişə olub yenə olacaq. Bir şeyi anlamaq lazımdır ki, bu insanların məqsədi diqqəti fərqli yerdən çevirib cəmiyyətin diqqətini öz üzərlərinə çəkməkdir. Daha önəmli hadisələrə münasibət bildirək. Məsələn, Qarabağdakı danışıqlar çox intensivləşib, hətta bir çox dünya səviyyəli ekspert münaqişənin həllinə yaxınlaşıldığını deyir, son vergi islahatlarını müzakirə edək, regionlarımızın problemlərindən yazaq və s. Gəlin daha geniş düşünüb daha çox suala cavab verməyə çalışaq. Hər kəs bilir Mübariz kimdir, onun elədiyi qəhramanlıqdır. Nə edək, bəzi jurnalistlərimizdə məsuliyyətsizcəsinə bu kimi insanların dediklərini reklam edirlər. Mən o psixoloqu hələ indi tanıdım. Bu adamda özünü bir yolla tanıtdırmalıdır axı. Çox təsüf ki, belə insanlar da var. Biz dərdi çox olan bir millətik. Əjdahalar üzərmizə od səpələyir, bir ağcaqanad vızıltısınamı narahat olaq".
Süleyman