Azərbaycanda gənclər dövlətin aparıcı qüvvəsinə çevrilib

Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı keçirilir

Dekabrın 14-də Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı öz işinə başlayıb. İki gün davam edəcək konfransda əvvəlcə Milli Məclisin sədri  Oqtay Əsədov tədbir iştirakçılarına Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Bildirib ki, ötən yüz illiyin sonlarında dünyada baş verən proseslər beynəlxalq səylərin artmasına gətirib çıxarıb. Odur ki, beynəlxalq əlaqələr elə qurulmalıdır ki, nəticə etibarı ilə bu, gələcək nəsillər üçün daha güvənli dünyanın qurulmasına gətirib çıxarsın: "Bu baxımdan hesab edirəm ki, Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında müzakirə olunacaq mövzular bu yolları müəyyən etməyə imkan verəcək. Dünya əhalisinin böyük hissəsini təşkil edən gənclər dünyaya öz töhfələrini verə bilərlər. Çünki, bu gün dünyanın bir çox ölkələrində gənclər siyasi, iqtisadi strukturlarında geniş təmsil olunaraq mühüm amil kimi çıxış edirlər. Gənclər müxtəlif mədəniyyətlərə xas ideyaları daha tez mənimsəyirlər".

Spiker qeyd edib ki, dünya əhalisinin mühüm hissəsini təşkil edən gənclər ən dinamik, sosial qrup olaraq dayanıqlı inkişaf məqsədlərinin əldə edilməsinə töhfələrini verə bilərlər. Çox böyük intellektual potensialın daşıyıcısı olan gənclər bir çox ölkələrin siyasi, iqtisadi və sosial strukturlarında önəmli yer tutaraq müasir cəmiyyətin mənəvi inkişafının mühüm amili kimi çıxış edirlər: "Əminəm ki, məhz yeni dünya düzəninin formalaşmasında gənclər mühüm rol oynamalıdırlar. Azərbaycanda gənclər sosial, humanitar, iqtisadi və siyasi fəaliyyətə yaxından cəlb edilirlər". O, qeyd edib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsindən birinə çevrilib: "Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Azərbaycan gəncləri parlamentdə də önəmli mövqelərə malikdirlər. Onlar qanunvericilik və qanunyaratma prosesi ilə bağlı, gündəlik işlərlə yanaşı beynəlxalq parlament təşkilatlarının fəaliyyətində yaxından iştirak edirlər. Gənclər Azərbaycan dövlətinin qarşılaşdığı problemlər, xüsusilə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün ağır nəticələri, ölkə ərazisinin 20 faizini işğal edilməsi, 1 milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsi barədə məlumatları xarici ölkələrdən olan həmkarlarına çatdırmaq üçün bütün vasitələrdən istifadə edirlər. Qeyd edim ki, beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı bütün qərarlarında Azərbaycan ərazilərinin işğalına son qoyulması zərurətinə istinad edirlər".

Spiker qeyd edib ki, beynəlxalq təşkilatlar da Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir: "Bu sənədlərdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı birmənalı şəkildə dəstəklənib. Qoşulmama Hərəkatı, ATƏT, AŞPA, Avropa Parlamenti və İslam Əməkdaşlıq Təşkilatı kimi digər beynəlxalq təşkilatlar da qərar və qətnamələr qəbul ediblər. Əminəm ki, həm bizim ölkəmizin, həm də bütövlükdə Cənubi Qafqaz bölgəsinin hərtərəfli inkişafına mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin ərazi bütövlüyü əsasında həll ediləcək".

Azərbaycana və Prezident İlham Əliyevə bu konfransa ev sahibliyi etdiyinə görə təşəkkür edən Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron qeyd edib ki, Azərbaycan gənclər üçün yeni innovasiya, bu günün çağırışlarını qət etmək üçün təkliflər edir, onların həyata keçməsi üçün yaxşı şərait yaradır. Bu sahədə olan çağırışların aradan qaldırılması istiqamətində addımlar atılır. O, bildirib ki, biz daha yaxşı hərəkət etməli və dünyada hansı çağırışlara əməl etməyimizi bilməliyik: "Eyni zamanda bu gün biz dəyişikliklər haqqında düşünməliyik. Biz bilməliyik ki, bundan sonra torpaq, su, enerji resurslarına daha çox ehtiyac olacaq. İqlim dəyişikliyi sahəsində 1.5 dərəcə istiliyin artdığını bilirik. Bunu nəzərə almalı, ətraf mühitin yaratdığı təsirlərə hazır olmalıyıq. Çünki, onlar bizim həyatımıza təsir göstərəcək".

Parlamentlərarası İttifaqın prezidenti söyləyib ki, 7 nəsil qabağa baxanda bugünkü şəraitin olmayacağını görməliyik: "7 nəsildən sonra ərzaqla bağlı çətinliklər yaranacaq. Bu gün dəniz hövzələri təhlükə altındadır. 6 milyard ton balıq ehtiyatlarımız son 10 ildə məhv olub. Gəlin səhv etməyək. Biz seçimlərimizi düzgün etməli, qərar qəbul edəndə onların cəsarətli olmasını təmin etməliyik. Çünki, gənclərimizin taleyi bizim addımlarımızdan asılıdır".

Qabriela Kuevas Barron qeyd edib ki, gələcəklə bağlı işlər, təklif olunan rəylər cəsarətli olmalıdır: "Gənc siyasətçilərə bu sahədə arxalanır və əminəm ki, onlar bizim gələcək dünyamızı quracaqlar. Siz bizim gələcəyimizin təminatçısız. Bu günkü çağırışlara olan cavab tədbirləri gənclərsiz mümkün olmayacaq. Onların səlahiyyətlərndirilməsi çox vacibdir. Gənclərlə bağlı qərarlar onlarsız qəbul edilməməldir. Biz onları dəstəkləməliyik. Təhsil, elm silahından istifadə etməklə yoxsulluğun qarşısını ala bilərik. Biz təhsili xərc kimi deyil, üstünlük, borc kimi qarşılamalyıq. İnsanlarla bağlı problemlər təhsillə həll edilməlidir. Bizim çağırışlarımız dünəndən gəlir. Keçmişdən olan problemlərin həlli istiqamətindı çalışmalıyıq. Təhsil hamı üçün əlçatan olmalıdır".

Gənclər və idman naziri Azad Rəhimov deyib ki, Azərbaycan gənc ölkədir. Əhalinin 60 faizi 30 yaşdan aşağıdır: Ölkəmizdə 2001-ci ildə gənclərlə bağlı qanun qəbul edilib, bundan əvvəl isə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. Bütün bunlar gənclərə olan diqqətin göstəricisidir".Nazir  bildirib ki, Azərbaycanın dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsait 2003-cü ildən indiyədək 100 dəfə artıb: "Son 10 il ərzində 41 gənclər mərkəzi yaradılıb, ölkədə 300-dən çox gənclərlə bağlılığı olan qeyri-hökumət təşkilatı var. Ölkədə gənc sahibkarlar dəstəklənir, gənclərin öz biznesini yaratmasına şərait yaradılır. Azərbaycan gəncləri Avropa Şurası, BMT, Avropa İttifaqı və 30-dan çox beynəlxalq, humanitar təşkilatlarda təmsil olunur". Sonra Konfrans öz işini paanellərdə davam etdirib.

Alim  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31