Müxalifətin yeni birlik oyunu
13 Dekabr 2018 16:22 SiyasətAzərbaycan müxalifəti deyəsən fəallaşmağı qərarlaşdırıb. Uzun illərdir ki, passiv mövqe tutub, yalnız seçkidən seçkiyə bir qədər aktivləşən müxalif düşərgə bu dəfə bir qədər tələsməli olub. Xəbərlərdən də aydın olduğu kimi sözügedən düşərgə davamlı olaraq müxalifətin zirvə görüşünü keçirməyi qərarlaşdırıb. Əslində müxalifətin fəallaşmasına normal yanaşmaq lazımdır. Çünki hər bir demokratik cəmiyyətlərdə sağlam, güclü müxalifətin olması şərtdir. Ancaq Azərbaycan müxalifətinin tərkibinə, tutduğu siyasi xəttə, apardığı mübarizəyə nəzər yetirdikdə onun heç də sağlam olmadığı qənaətinə gəlmək mümkündür. Digər tərəfdən müxalifət düşərgəsində təmsil olunan siyasi partiyaların bir-birini qəbul etməməsi, hətta bəzi hallarda bir-birilərinə qarşı düşmən münasibət belə bəsləməsi onların birgə fəaliyyətinin, hətta bir-birilərinə qarşı səmimi olmalarını şübhə altına alır. Elə müxalifətin zirvə görüşünə dəvət edilən əksər siyasi qüvvələrin də məhz yuxarıda qeyd etdiyimiz məziyyətləri özündə cəmləşdirməsi bu görüşlərin də uğursuz olacağından xəbər verir. Elə bəzi müxalifət təmsilçiləri də bu fikirdədirlər.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Mehriban Sadıqova deyir ki, son günlər müxalifət camiəsində bir istilik müşayət olunmaqdadır. Onun sözlərinə görə. keçirilən görüşlər , nəzərdə tutulan forumlar hansısa müsbət dəyişikliklərin olacağına inam yaratsa da , tarixin müəyyən dönəmlərində bu tərkibdə olan adamların qəsdən etdikləri hərəkətlər və bunun nəticəsində yaranan situasiya yada düşür: "Düzdür, əslində səhvsiz insan yoxdur, amma bağışlanılmaz səhvlərə imza atanlar heç cür bu "birləşmələr"də təmsil oluna bilməzlər. İnsanlar artıq kimin kim olduğunu yaxşı bilir. Bu günkü müxalifət cəbhəsi əsasən Əbülfəz Elçibəyin adı və idealogiyası ( hərə özünün başa düşdüyü tərzdə) ətrafında birləşənlərdir. Bəs elə isə Elçibəyin həbsinə order imzalayanlarla, ona xəyanət edənlərlə bir arada necə birləşmək olar?" . Partiya rəsmisi deyir ki, müxalifətin birliyi adı ilə Elçibəyin həbs olunması üçün order imzalamış , keçmiş baş prokuror İxtiyar Şirinov, hələ də xalqa hesabat verməkdən çəkinən keçmiş müdafiə naziri Rəhim Qazıyev və digərləri ilə birlik mümkündürmü? "Müxalifət adı altında vahid ideoloji- siyasi birləşmə olmalıdır və bu reallıqda Elçibəy idealoji-siyasi xəttində olan qüvvələrin birliyi formasında ola bilər. Amma təklif olunan siyahı, düşünülən format müxalifət monopoliyasını yaratmaq istəyi kimi görünür və prinsipsiz, sərhədləri bilinməyən və müxalifət adına imitasiyanı , qeyri -idealoji boşluğu bəribaşdan özündə ehtiva edir.Biz istəyirdik ki, sağlam müxalifətin birləşməsinin , sivil yolla hakimiyyətə gəlmək üçün mübarizəsinin və böyük güc sahibi olaraq, hökümətin verdiyi yalnış qərarlara təsir etmə bacarığı olan qüvvələr bir arada olsun. İdealoji-siyasi baxımdan Elçibəy əxlaqının daşıyıcıları , onun demokratik düşüncə tərzini həyat yolu seçənlər bir arada olsun Təəssüf ki, bu belə deyil. Müxalifətin birliyini yaratmaq normaldır.Amma R.Qazıyevi , İ.Şirini və digərlərini dəvət edib, Elçibəyin yanında olan -F.Mustafa, F.Quliyev. Q.Həsənquliyev , R.Nurullayevi niyə dəvət etməyiblər? Veriləcək cavabın da hazır olduğunu indidən deyə bilərəm. Deyəcəklər ki, Milli Məclisdə təmsil olunurlar ( R,Nurulayevdən başqa) və "satılıblar". Elə isə axı siz də məhz parlamentdə təmsil olunmaq uğrunda mübarizə aparırsınız. Bəs siz seçildiyiniz halda "satılmış" hesab olunmayacaqsız? Yeri gəlmişkən , onu da qeyd edim ki, F.Mustafa və Q.Həsənquliyevin deputat olaraq, R.Nurullayevin bir partiya sədri olaraq ötən dövr ərzində fəaliyyəti müxalifəti monopoliyasında saxlamaq istəyən uğursuz cəhd edənlərdən daha səmərəli olub .Təbii ki, köhnə təfəkkürlü adamların yaratdığı koalisiyanın sonunun necə bitəcəyini elə indidən proqnoznozlaşdırmaq mümkündür.
Sonda isə üzümü şəxsiyyətinə hörmət bəslədiyim ( istər həmin koalisiyada təmsil olunan, istərsə də olunmayan ) partiya liderlərinə tutmaq istərdim : " Birləşin,müxalifətin birləşməyinin bu gün nəinki vaxtıdır, hətta gecikib. Amma sağlam əqidəli və sağlam düşüncəli,ən əsası da xalq üçün nəsə edə biləcək amacında olan qüvvələr qüvvələrlə birləşin".
Məhəmməd