“Ermənistan özünə çıxış yolu axtarır”
12 Dekabr 2018 17:28 Siyasət"Paşinyan küçədən baş nazir vəzifəsinə yüksəldiyi zaman ona bəslənilən ümidləri doğrulmadı". Bunu millət vəkili Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, Ermənilər başa düşdülər ki, Paşinyan ancaq meydan düşüncəlidir: "Bu baxımdan seçkilərdə ona dəstək vermədilər. Paşinyan keçmiş xələflərinin, xüsusi ilə də, işğal altında olan Dağlıq Qarabağ məsələsində onların səhvlərini təkrarlayır. Nəzərə almaq lazımdır ki, Koçaryan-Sarkisyan rejimi xarici havadarlarının hərbi-siyasi dəstəyi ilə Dağlıq Qarabağı işğal etsələr də, erməni xalqı da Dağlıq Qarabağ klanı tərəfindən işğal olunmuşdur. İşğaldan qurtarmaq üçün Paşinyan və yaxud da başqa bir yan ortaya çıxsaydı xalq onun ardınca gedəcəkdi. İndi Paşinyan bir az cəsarət tapdı və çıxdı ortalığa. Ancaq qısa bir müddət ərzində xalq gördü ki, bu insana heç bir ümid və etibar yoxdur. Xalq kimə səs versin, hansı adamlara dəstək olsun? Yəni seçkilərdə insanların seçkidə fəallıq göstərməməsi hakimiyyət iddiasında olan Paşinyana inamsızlıqla bağlıdır. Digər məqam isə, Koçaryan-Sarkisyan cütlüyü ilə bağlıdır. Xalq onları arxivə atdı. Artıq onlar arxivdən çıxa bilməzlər. Yəni hansısa qüvvə onları yenidən siyasətə qaytara bilməz. Xalqın inam və etibarını qıran, Qarabağ işğalı üzərində hakimiyyətə gələn və sonda Ermənistanın özünü işğal edən adamlar siyasi cəhətdən məhv olundular. Ona görə də, onlara inam sarsılıb. Bir sözlə, bunlar hamısı artıq tarixin arxivinə atılmış adamlardır. Ümumiyyətlə, Ermənistan özünə bir çıxış yolu axtarır, erməni xalqı başa düşür ki, aparılan siyasət doğru olmayıb. Həyata keçirilən işğal erməni xalqının xeyrinə olmayıb. Bu illər ərzində beynəlxalq kəmərlərdən kənarda qalmaq və xalqın millətin dilənçi vəziyyətinə düşməsi xalqı artıq düşünməyə vadar edir. İndi xalq öz liderini axtarır, Ermənistanda yalnız o adamlar, o kəs, o insanlar erməni xalqının etimadını qazana biləcəklər ki, onlar başa düşməlidir ki, işğalçılıq siyasətindən əl çəkilməlidir. Qonşu dövlətlərlə münasibətlər qaydasına qoyulmalıdır. Bu iki məsələ həll olunmayıbsa heç vaxt Ermənistan xalqı uğur qazana bilməyəcək və erməni xalqı həmin siyasəti aparmayan lideri dəstəkləməyəcək".
SİA